"Heyətimiz pis deyil, lazımı qədər keyfiyyətli futbolçularımız var"

12:38 - 22 Sentyabr 2022

Azərbaycan millisinin sabiq müdafiəçisi Rasim Ramaldanov Sportal.az saytına müsahibə verib.

Hazırda "Qəbələ"də məşqçi kimi çalışan Ramaldanov yığma komandamızın bu gün Millətlər Liqasının 5-ci turunun Slovakiyaya qarşı keçirəcəyi görüşlə bağlı danışıb. Onun fikrincə uğurlu nəticə qazanmaq üçün millimizdə yetərincə futbolçu yer alıb: 

"İlk növbədə millimizə uğurlar arzu edirəm. Allah qoysa, onlar bu gün hər bir azərbaycanlını sevindirər. Doğrudu, Mahir Emreli cəzalı durumda olduğuna görə Slovakiyaya qarşı oynamayacaq. İnanıram ki, Canni De Byazi alternativ tapacaq. Özü də hücum xəttində lazımı qədər futbolçumuz var. Meydana çıxan futbolçuların da komandaya xeyir verəcəyinə inanıram".

Veteran futbolçu kağız üzərində qrupdan çıxmaq şansına malik olan yığmamızın möcüzəni gerçəkləşdirəcəyinə də inanır: "Baş məşqçi kimləri heyətə dəvət edəcəyini bizdən yaxşı bilir. Kimi məsləhər görübsə, onu da çağırıb. Heyətimiz də pis deyil. Lazımı qədər keyfiyyətli futbolçularımız var. Yaxşı formadadılar. Ümidvaram ki, Slovakiyada uğurlu nəticə qazanarıq. Qrupdan çıxmaq məsələsinə gəlincə, çətin ola bilər. Sadəcə olaraq, əziyyət çəkmək lazımdı. Bununla da hər şeyə nail olmaq mümkündü. İnanıram ki, hər şey yaxşı alınacaq".


Mirbağırağa

 

Xəbər xətti