Azərbaycanlı futbol məşqçisi, milli komandamızın keçmiş Ramin Quliyev Sportal.az saytına müsahibə verib. O, yığmamızın Millətlər Liqasının 5-ci turunda Slovakiyaya səfərdə 2:1 qalib gəlməsindən danışıb.
- Azərbaycan millisi Millətlər Liqasının 5-ci turunda Slovakiyaya qalib gəldi. Belə nəticə olacağını ehtimal edirdiniz?
- Düzünü desəm, hamı buna şübhə ilə yanaşırdı. Mən də həmçinin. Amma futbolçularımız qorxmadan, çəkinmədən bütün ürəyi ilə və istəkli oynadı. Millimizi qələbə münasibəti ilə təbrik edirəm. Şadam ki, hər şey bu cür başa çatdı.
- Dünənki qələbədə əsas rolu oynayan nə idi? Matç başlayana qədər Qazaxıstanın qrupdakı liderliyi təmin etməsi Slovakiyanın motivasiyasına təsir edə bilərdi?
- Millimizdə əzmkarlıq, istək əla vəziyyətdəydi. Elə bunun da sayəsində qələbə qazandıq. Deməzdim ki, Qazaxıstanın Belarus üzərindəki qələbəsi Slovakiyanın motivasiyasını pozmuşdu. Əksinə, onlar qələbə üçün hər şeyi etməli idilər. Millimiz isə buna imkan vermədi.
- Matça əlavə edilmiş dəqiqələrdə Slovakiya penaltidən fərqlənsə də, millimiz son saniyədə ikinci qolunu vuraraq qələbəni qazandı. Millimiz sanki uzun müddətdir çatışmayan əsl xarakteri göstərmiş oldu?
- Sizinlə tamamı ilə razıyam. Millimiz qol buraxdıqdan sonra həmişə rəqibinə təslim olurdu. Ancaq Slovakiya ilə matçda göstərilən xarakter buna imkan vermədi. Futbolçular əsl xarakter göstərdilər və qalib gəldilər.
- Milli ikinci yarıda daha sönük futbol oynayıb, öz cərimə meydançasından çıxmağa çətinlik çəkirdi. Bu barədə fikriniz necədi?
- Sönük oyunumuz ondan irəli gəlirdi ki, artıq hesabda 1:0 öndəydik və istər-istəməz qələbəni qoruyub-saxlamaq istəyirdik. Bu mənada, müdafiədə daha diqqətli olmağa çalışırdıq. Hücum isə ikinci plana keçdi. Ələlxüsus da rəqib Slovakiyadırsa, belə olur.
- Yığmanın ən yaxşısı kim idi?
- Bütün komanda yaxşı mübarizə apardı. Renat Dadaşov, Ramil Şeydayev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Eddi İsrafilovun da adını çəkə bilərəm. Əslində, bütün oyunçularımız yaxşı idi.
- Qrupdakı sonuncu matç Qazaxıstan yığmasına qarşıdı. Necə düşünürsünüz, milli iki oyunluq qələbə seriyasını davam etdirə biləcək?
- Məncə, ardıcıl qələbələr Qazaxıstanla oyunda da qələbəni gətirəcək. Amma millimizdəki motivasiyanın yüksək olduğu görünür. Qazaxıstan yığması qrupda sürpriz etdi. Onların birinci yeri tutacağı heç kimin ağlına gəlməzdi.
Mirbağırağa
saytlarin hazirlanmasi