"Maliyyədən söhbət düşəndəysə, biz nazirlikdən heç nə istəməmişik" - MÜSAHİBƏ

16:24 - 9 Oktyabr 2022

Budo dünyada geniş yayılmış idman növlərindən biridi. Ölkəmizdə də bu idman növü ilə məşğul olanlar az deyil. 

 

"Sağlam bədəndə sağlam ruh olar" düşüncəsilə fikriləşsək, Budo yeniyetmələr üçün önəmli idman növlərindən biri hesab oluna bilər. Bu idman  növünün ölkəmizdə populyarlaşması üçün mübarizə aparanlar da var. Həmin insanlardan biri də federasiyanın təsisşisi və prezidenti Faiq Rəfiyevdi. Qrand master, döyüş növləri üzrə fəlsəfə doktoru və 10-cu dan qara kəmər ustası olan Rəfiyev Budonu ölkəmizə gətirən insandı. O, saytımıza müsahibəsində ölkəmizdə bu idman növünə olan maraqdan və ümumiyyətlə, Budo idman  növünün Azərbaycana gəlməsi barədə danışıb.


- Budo idman növünün Azərbaycana gəlmə tarixi necə və nə vaxt olub?

- Budonun nümayəndəliyi 2000-ci ildə Azərbaycana mənim tərəfimdən gətirilib. Öncə nümayəndəlik kimi fəaliyyət göstərmişik. 2003-cü ildə Azərbaycan Budo klubu, 2008-ci ildə isə Azərbaycan Budo Döyüş Növləri Federasiyası Gənclər və İdman nazirliyinin razılığı ilə Azərbaycan Respublikasının Ədliyyə nazirliyində dövlət qeydiyyatına alınmışdı. 

 

 

- Bu idman növünün ölkəmizdəki inkişafından razısız? Sizcə, nəyə görə bu idman növündə kütləvilik istənilən kimi deyil?

- Bəli, biz sürətlə inkişaf edirdik. 14 dəfə Respublika birinciliyi və çempionatı, 2019-cu ilin mayın 2-6 tarixlərində isə Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyev adına Beynəlxalq turniri yüksək səviyyədə keçirmişdik. "Baku Open" Beynəlxalq Turniri, Milli qəhrəmanımız Mübariz İbrahimovun xatirəsinə həsr edilmiş yerli və beynəlxalq turnirlər, 5 dəfə isə dünya kuboku yüksək səviyyədə təşkil olunub. Azərbaycanda 200-ə yaxın klub, 6 mindən çox isə  üzvümüz var.

 

 

- Azərbaycan Gənclər və İdman Nazirliyinə Fərid Qayıbov  gəldikdən sonra müxtəlif idman növlərinin federasiyaları ilə görüşlər keçirir. Sizinlə necə, belə bir görüş planlaşdırılır?

- Bəli, Fərid Qayıbovla görüşümüz olub. Onunla iki saata yaxın gördüyümüz işlər və inkişafla bağlı söhbət etmişik. Maliyyədən söhbət düşəndəysə, biz nazirlikdən heç nə istəməmişik. 2021-ci il dekabr ayında nazirlə görüşmüşdük. GİN bəzi səbəblər gətirərək, martın 30-da 2022- ci il tarixində kollegiyanın iclasında akreditasiyadan keçmədiyimizi bildirərək bizi kənara qoydu. Belə olduğuna görə, nazirliyin təqvim planına yazdığımız Ümummilli lider Heydər Əliyev adına dünya kubokunu təxirə saldıq. Biz 2024- cü ilin mart ayının 16-na kimi yenidən Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmişik. Bizə nazirlikdən bildirdilər ki, yeni yaranmış və oktyabr ayının sonunda akreditasiyadan keçəcək Yapon Döyüş Növləri  Mədəniyyəti Asosasiyası ilə əməkdaşlıq edərək işləməliyik. Hələki nazirlikdən xəbər gözləyirik.

 


- Ölkəmizdə budonun kütləviliyi artırmaq üçün bundan əlavə nə etməyi planlaşdırırsınız?

- Ölkəmizdə Budo döyüş növlərində kütləvilik var. Dünya kuboklarında 1500-dən yuxarı, Respublika yarışlarında isə 1300-1600 arası idmançılar iştirak edir. Kütləviliyi artırmaq üçün rayon və şəhərlərdə tez-tez seminarlar təşkil edirik. Rayon və şəhərlərdə yarışlar keçiririk. 

 

- Karate sınaq kimi son Olimpiya oyunlarına daxil edilmişdi. Budo necə, Olimpiya oyunlarına ən azından sınaq kimi daxil edilə bilər? Ümidiniz var?

- Bəli, doğrdur, karate sınaq kimi Yaponiyada keçirilmiş Olimpiya oyunlarına daxil edilmişdi. Yaponiyada bütün döyüş növləri Budo sayılır. Karate, Cüdo, Aykido, Kendo, Sumo, Ciu- Citsu, Kyudo və s. 1964-cü ildə Yaponiyada keçirilən Olimpiyadaya Budo da daxil edilib. İnanıram ki, gələcəkdə Budo Olimpiya oyunlarına yenə daxil ediləcək. Həqiqətən çox yaxşı olardı. 

 


- Budo Olimpiya idman növlərinə daxil olmasa da, hər halda Avropa və dünya çempionatları keçirilir. Bu cür mötəbər yarışlarda iştirak edəcək səviyyədə idmançılarımız var?

- Budo döyüş növləri üzrə hər il dünya və Avropa çempionatları keçirilir. Bu yarışlarda iştirak edən dünya və Avropa çempionu idmançılarımız çoxdur. 

 

 

- Onlardan kimlərin adını çəkə bilərsiz? 

- Xarici ölkədə Azərbaycanı təmsil edən idmançılardan Xəyal Cəmilbəyli, Ruslan Tağıyev, İbrahim Məmmədov, Xəyal Quliyev, Elgün Xanoğlanlı,Həsən Əliyev, Heydər Haqverdili, Azər Əhmədov, Emin Kərimov, Eldəniz Fərzəliyev,Tacir Quliyev, Azər Əliyev, Turxan Cavadovun adını çəkə bilərəm. Amma idmançılarımız çoxdu. 

 

 

- Federasiya öz maliyyəsi hesabına idmançıları yarışa yollayır, yoxsa hər dəfə sponsor axtarmağa məcbur qalırsız?

-  Federasiya yalnız öz hesabına deyil, həm də bəzi sponsorların da idmançılara verdiyi dəstək sayəsində yarışlarda iştirak edir. 2014-cü ilə kimi Gənclər və İdman Nazirliyi idmançıların bəzi yarışlarda iştirak etməsinə köməklik göstərib. Çətinliklər var, onları həll etmək üçün daimi çalışırıq.

 

 

Mirbağırağa Cəfərli
 

Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI XV


Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb. 

 

Xəbər xətti