- Hazırda bloggerr kimi fəaliyyət göstərirsiniz. Peşəkar futbolçu karyeranızı bitirdikdən sonra bunu planlaşdırmışdınız, yoxsa təsadüfən baş verdi?
- Karyeram boyu böyük brendlərlə müqavilə imzalamaq arzusunda olmuşam. Amma bunun üçün Lionel Messi, Kriştiano Ronaldo, Zlatan İbrahimoviç səviyyəsində oynamalıydım. Çünki brendlər yalnız top səviyyədə olan oyunçuları dəstəkləməkdə maraqlıdırlar. Hələ 2015-ci ildə instaqram aktiv şəkildə sürət qazanmağa başladı, belədə, diqqəti cəlb etməyi düşündüm. Çünki biz futbolçuların bir çox hərəkətləri videokameraların çərçivələri arxasında qalırdı. Bugünkü gündə hər yerdə kameralar var. Gənc futbolçunun və ya həvəskarın hər bir qeyri-adi hərəkəti dərhal maraq kəsb edir, “433” kimi instaqramda böyük izləyicisi olan səhifədə yayımlanır. Belədə, siz artıq populyarsınız. Mənim futbolçu vaxtımda isə belə deyildi. Yadımdadır, AZAL-da oynadığım vaxtdı həmyerlim Aleksandr Quruli ilə sosial şəbəkələr sayəsində böyük brendlə müqavilə bağlayacağımla bağlı mərc etişdim. Güldü ki, bacarsan, mən də instaqramda özümə səhifə açacam. Mən isə "Samsung"la müqavilə bağladım(gülür).
- Maraqlıdır, niyə futbolçu kimi oynamağa davam etmədiniz? Təkliflər olmadı?
- Təkliflərim var idi, amma mən Azərbaycandan ayrılmaq istəmirdim. Çünki qızım Qabriella dünyaya gəlmişdi. Onlardan uzaqda yaşamaq istəmirdim. Üstəlik təkliflər ailədən uzağa gedəcək qədər cəlbedici deyildi.
- Uzun illər Azərbaycanda legioner həyatı yaşadın. Daha sonra azərbaycanlı xanım ilə ailə həyatı qurdun. Heç Azərbaycan millisində oynamaq şansın var idi?
- Berti Foqts Azərbaycan millisinin baş məşqçisi olanda, mənə marağının olduğunu eşitmişdim. Adım hallanırdı. Mən sizə 2009-cu ildən danışıram. Məncə, bu, sadəcə, söz-söhbətlərdi. Halbuki, Azərbaycan millisində məmmuniyyətlə oynamaq istərdim.
- Bakıda ev ala bilmisən?
- Bakıda hələ ki, evim yoxdu. Amma tezliklə olacağını düşünürəm.
- Blogger kimi daha çox pul qazanırsan, yoxsa futbolçu vaxtı bundan da artığını alırdın?
- Düşünürəm ki, futbolçu olduğum vaxtda qazandığım qədər bloggerlikdə də qazanıram. Lakin hər zaman səy göstərməli olduğum anlar var.
- Futbolçu və fristayler blogger kimi hansı daha maraqlı?
- Prinsipcə bloqqer və futbolçu olmaq eynidi. Populyar olmaq daha çox pul qazanmaq deməkdi. Tək fərq isə fiziki göstəricilərlə bağlıdı. Futbolda 2-3 dəfə çox fiziki güc sərf etməli olursan.
- Səncə, daha çox futbolçu kimi tanınmışdın, yoxsa blogger olandan sonra səni daha çox insan tanıyır?
- “TikTok”um 1,5 milyon abunəçi həddinə çatdıqdan sonra mən daha çox “TikToker” fristaylar kimi tanınıram. Xanımım hər zaman zarafat edir, deyir ki, hara getsək, hər yerdə mənimlə şəkil çəkdirmək istəyirlər. Deyir, əvvəl futbol oynamağına nə ehtiyac var idi ki, indi daha çox tanıyırlar səni. Amma məncə, futbolçu karyeram olmasaydı, bəlkə də "TikTok"er ola bilməzdim(gülür).
- Standart azərbaycanlı oyunçudan daha məşhur olduğunu deyə bilərik?
- Düşünürəm ki, hətta futbola yaxın adamlar da Premyer Liqa oyunçularını tanımır. Təbii ki, “Qarabağ” və “Neftçi” oyunçuları istisna olmaqla, belədi. Bu, klubların və futbolçuların özləri üçün problemdir. Avropalı futbolçulara baxın, hər biri sosial şəbəkədə aktivdi, öz hesabları var və bu, çox yaxşıdır. Amma MDB ölkələrində təəssüf ki, belə bir stereotip var ki, guya bu, futbol oynamağa mane olur. Ancaq məncə, bu, belə deyil. Əksinə, ictimaiyyət qarşısında, kameralar önündə özünüzü daha inamlı hiss edirsiniz, kompleksləriniz yox olur, inkişaf edirsiniz.
- Dünyanın ən məşhur futbol fristaylçısı Sean ilə yaxşı münasibətiniz var. Bakıya gələndə səninlə görüşür. Onunla hansısa layihələrin var?
- 2015-ci ildə Bakıda keçirilən tədbirlərin birində Senlə tanış olmuşduq və sonradan dostlaşdıq. Çox ünsiyyət qururuq və Gürcüstanda, Azərbaycanda bəzi layihələr planlaşdırırıq. Bu yaxınlarda Qazaxıstana yollanmalı, böyük şou matçında iştirak etməliydik. Mən onunla eyni komandada məşhur braziliyalı futzalçı Falkao, braziliyalı tanınmış fristayler bloqqer Adoniasla oynamalıydım. Lakin dünyadakı vəziyyətə görə səfər ləğv olundu. Sean yaxınlarda Bakıya gəlmişdi, onunla görüşdüm. Azərbaycan və Gürcüstandakı küçə futbolunun daha da populyarlaşması üçün çox müzakirə etdik, ona görə də bunun üzərində işləyirik. Seanın 20 milyon izləyicisi var və bəli, hər hansı bir ortaq videomuz çoxlu baxış qazanır, onun abunəçiləri mənim haqqımda bilirlər.
- Uzun müddətdir ki, burada yaşayırsan. Artıq Azərbaycan dilində danışa bilirsən?
- Yaratdığım futbol akademiyasında azərbaycanca danışmağa çalışıram. Mənim üçün çətin olanda təcrümədə köməklik edirlər. UEFA lisenziyasını Azərbaycan dilində müraciət verdim. Şəhərdə azərbaycanca danışmağa çalışıram, indiyə qədər tək şey çətin olan azərbaycanca müsahibə verə bilməməyimdi. Amma səlis danışmaq üçün hazırlığa getmək istəyirəm.
Mirbağırağa Cəfərli
Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI XVII
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.