"İstedadın olmasa da, xarakter hesabına A milliyə qədər yüksələ bilərsən" - MÜSAHİBƏ

13:15 - 30 Oktyabr 2022

Əsas millinin və çempionatımızın səviyyəsi uzun illərdir ki, müzakirə olunur. Əksəriyyət əsas problemin uşaq futbolu ilə əlaqədar olduğunu bildirir. A milliyə gedən yolun başlanğıcı isə U-15 və U-16 yığmasından başlayır. Bir müddət əvvəl bu yığmaların baş məşqçi postuna "Neftçi"nin çalışdırıcısı Füzuli Məmmədov təyin edildi. O, hazırda aşağı yaş qruplarının vəziyyətindən söz açıb.

 

- İşə başladığınız vaxtdan indiyə qədər U-15 və U-16 yığmasında hansı işləri görümüsüz? 

- Öncədən U-15 və U-16 liqalarındakı komandaların oyunlarını gedib izlədim. Sonradan hər iki yaş qrupunda seleksiya matçı keçirmək 100-dən çox futbolçuya dəvət göndərdik. 40 nəfəri qeyddiyyata aldıq. İlk toplanışa həmin futbolçularla başladıq. Artıq U-16 yığmasının 4 toplanışı keçirilib, üçü beynəlxalq rəsmi oyunlar olub. U-1 5 yığması da iki toplanış keçib. Hələ bir toplanış da planlaşdırılıb. U-16 yığmasının isə iki toplanışı olacaq, biri də beynəlxalq oyundu. Həmin futbolçuları əvvəlcə izlədik, layiq olanları davamlı milliyə dəvət edirik. Digər futbolçuları da bir-bir yaxından yoxlayıb, yaxşılarını saxlayırıq. Bununla da bərabər hər həftə futbolçuların məşqlərini və oyunlarını izləyirik. Hər zaman oyunları izləyirik, hansı futbolçu özünü yaxşı tərəfdən göstərsə, yığmaya dəvət edirik. U-16 yığması formalaşıb. 

 

 

- Əksəriyyət deyir ki, Azərbaycanda futbolçu qıtlığı var. Sizcə, bu nə ilə əlaqədardı? 

- Komandalar var, istedadlı oyunçular çoxdu. Sadəcə olaraq, həmin istedadları üzə çıxarmaq lazımdı, daha tələbkar olub, onları yetişdirmək lazımdı. İstedadlı uşaqları biz məşqçilər keyfiyyətlərini inkişaf etdirməliyik.

 

- Belə bir fikirlər də var ki, əvvəlki futbolçu nəsili indikindən güclü idi və aşağıdan gələn uşaqlar daha da zəif olur. Səncə də, belədir? 

- Hər dövrün özünün futbolçuları olur. Futbol indi sürətlənib, müasirdi, tələblər daha çoxdu. İndi futbol daha da çətinləşib. Ona görə də futbolçuları inkişaf etdirmək lazımdı. Bu da həm milli, həm də klubda olan məşqçilərin öhdəliyinə düşür. Müasir futbolun tələbinə uyğun futbolçu hazırlamaq lazımdı. Kurslarda da bizə müasir futbolun tələblərini öyrədirlər. Məşqləri elə qurmalıyıq ki, oyunçular da tələblərə uyğun olsun. Uşaqlar məşqlərdə, oyunlarda öyrənir. Deməzdim ki, futbolçu yoxdu. Bəli, əvvəl futbolçular daha dözümlüydüsə, indikilər isə əvvəlkilərdən daha iti, kreativ düşüncəlidi. Müasir taktika, planlar var, onlar əvvəllər yox idi. Beyin olaraq indiki futbolçular əvvəlkilərdən daha üstündü.

 

 

- Necə düşünürsüz, hazırda 15-16 yaşlılar arasında elə futbolçu var ki, psixoloji sıxıntısı, zədəsi olmasa rahatlıqla 5-6 ildən sonra A milliyə kömək edəcəyini demək olar? 

- Əlbəttə ki, var. Özü də bir deyil, çoxdu. U-15 və U-16 yığmasında elə istedadlı oyunçular var ki, zədə görməsələr, məşq prossesi düzgün davam etsə, işlərinə daha ciddi yanaşsalar, uşaqlar özlərinə qarşı tələbkar olsalar, futbolçu olmaq şansları yüksəkdi. A milliyə qədər yüksələcək futbolçulardı.

 

- Qonşu Gürcüstanla müqayisə aparsaq, onların Avropada nə qədər legioneri var, bizdə isə azdı. Onlarda və bizdə iş prossesi arasında hansı fərqlər var? 

- Əvvəllər də belə idi, SSRİ vaxtında da gürcü oyunçular hər yerdə çox olub. Sovet dönəmində də Gürcüstan futbol məktəbi çox güclüydü. Deməzdim ki, bizim uşaq futbol məktəbləri zəifdi. Bəlkə də Gürcüstandan Avropaya çıxış imkanı daha genişdi, skautların da çıxışı mümkündü. Uşaq futbolunda işləyən məşqçilər ciddi, özlərinə və uşaqlara qarşı çox tələbkar olsa, futbolçular inkişaf edəcək. İnkişaf getdikcə, həmin futbolçular həm xaricdə, həm də öz çempionatımızda da oynayacaq. A milliyə qədər yüksələcək futbolçular var. Sadəcə işləmək lazımdı. Məşqçilər nəticədən çox bunu düşünməlidi. Nəticə elə o futbolçuları yetişdirib futbolçu etməkdi. Qalib gəldim, vəssalam, bu fikirlər futbolçunun inkişafı olmayacaq. Gözəl nəticə uşaqları yetişdirib yuxarı komandalara verməkdi. Aşağı yaş qruplarında əla məşqçilər var ki, öz işlərində düzgündülər, tələbkardılar.

 

 

- Əslində, U-17, U-19 yığmamız öz yaşıdları ilə qarşılaşanda başabaş oynayır, qalib gəlir, heç- heçə edirdi. Amma 5-6 il keçir, həmin yığmadakı uşaqlar A millisinə gedir, bizimkilər də. Və biz həmin komandalara asanlıqla uduzuruq. Sizcə, 17-18 yaşından sonra nə itiririk?

- Mən özüm də əvvəl hər yaş qrupunda oynamışam. Bizim üçün çox çətin olurdu. Rəqiblər hansısa keyfiyyətdə üstünlük yaradırdı. Ancaq elə keyfiyyətlərimiz var ki, rəqibdən üstün oynayırıq, xal alırıq, qalib də gəlirik. Futbolçunun böyük yerlərə gəlib çatması, tək məşqçilərlə, futbolumuzla əlaqəli deyil. Elə futbolçular var ki, işinə yanaşması həm ailədən, həm küçədən gələ bilər. Burada xarakter məsələsi də ön plana çıxır. İstedadın olmasa da, xarakter hesabına A milliyə qədər yüksələ bilərsən. Bəzi futbolçuların futbol oynamamasını tək məşqçi və məşqlərlə əlaqələndirmək düzgün deyil. Valideynlərlə də əlaqədar ola bilər. Ələlxüsus bizim futbolçularda əsas problem yanaşması ilə bağlıdı. Ailədə, klublarda futbolçulara işinə daha ciddi yanaşmalı olduğunu demək lazımdı. Dərslərinə də həmçinin. Müasir futbol elə zamana gəlib çıxıb ki, burada elə planlar, elə taktikalar var, hamısı beyinlə əlaqədardı. Beynimizi də məktəbdə, universitetdə inkişaf etdirə bilərik. Uşaqların daha savadlı olması oyunlarına çox təsir edir. Futbolçunun meydanda iti düşünməsi üstünlükdü. Bu dəqiqə bütün futbolu idarə edən beyin və fiziki hazırlıqdı.

 

- Uzağa getməyək, Türkiyə millisi xaricdə yaşayan həmvətənlərinin hesabına A millini gücləndirir. Bu mənada, bizdəki durum fərqlidi. Xaricdə doğulan, futbolla məşğul olanlarımız azdı. Olsa da, onlar əsasən Rusiya, Türkiyədəndi. Bu mənada da, sanki bəxtimiz gətirməyib? 

- Nəinki A millinin, Türkiyənin aşağı yaş qruplarını da xaricdə doğulmuş, orada futbol məktəbi keçmiş, boya-başa çatmış uşaqlar təşkil edir. Son oyunumuz Türkiyə ilə oldu. Komandanın iki heyəti var idi, birinci heyətin 95 faizi xaricdən gələn oyunçulardan qurulmuşdu. Xaricdən gələnlərlə Türkiyədəkilər fərqlidi. Oyunlar zamanı görürsən ki, onlara qarşı oynamaq daha çətindi, nəinki Türkiyə futbol məktəbini keçmiş uşaqlara qarşı. Bizdə də keçmiş sovet ölkələrində yaşayan azərbaycanlılar var. Müraciətlər olur, dəvət edirik, yoxlayırıq. Milliyə layiqdirsə, daim dəvət edirik. Əvvəlcə klublardakı çıxışlarına baxırıq, layiq olanlara dəvət göndərilir. Azərbaycandakı futbolçulardan üstündülərsə, çağırırıq. Hazırda yığmamızda yoxdular, amma müraciətlər çoxdu, sənəd məsələləri ilə məşğuluq. Rusiya pasportları var deyə, necə olacağını bilmirik. Bu mənada, ilk olaraq öz çempionatımızda oynayan uşaqlara nəzarət edirik. 

 

 

- U-15 liqasının matçlarını daim izləyirsiz? Futbolçu seçimini necə aparırsınız? 

- Nəinki U-15 və U-16, hətta U-17 liqasını da izləyirəm. Çünki orada da U-16 yığmasına dəvət edilənlər çıxış edir. U-19 liqasında da futbolçumuz çıxış edir. U-15 millisinin əsas oyunçuları isə U-16 liqasında oynayır. Dörd məşqçimiz var və hər bir məşqçi, hər həftə planlaşdırdığım kimi bütün matçlarda olur, onları izləyir. Həm milli üzvlərinə baxırıq, həm də yeni oyunçuları qeydiyyata alırıq.

 

 

- Əsas komandalarda baş məşqçi və məşqçi işləmisiz. Sizə hansı daha rahat gəlir, A komandalarında işləmək, yoxsa uşaqlarla?

- Hər ikisin öz çətinliyi var. Millidə toplanış zamanı futbolçu ilə 10 gün məşq keçirsən. Bu zaman kəsiyində fəlsəfəni yeritmək mümkün olmur. Biri də var, klubda işləyirsən və futbolçular sənə daha da uyğunlaşır. Onlar üçün də planını mənimsəmək asan olur. Millidə isə futbolçuya məşq keçirsən, sonra öz klubuna yollanır, qayıdanda isə bəzi şeyləri unudur. Çünki klubda da tələblər fərqli ola bilər. Bu cəhətdən çətinlik var. Keyfiyyət məsələsi də önəmlidi. A komandada öyrəşdiyim plan, taktikanı uşaqlarla həyata keçirmək çətindi. Səbrli olub, gözləmək lazımdı. Futbolçular böyüdükcə, həmin tələblərə uyğun olacaqlar. Mən çətin işləri xoşlayıram. İşimi, peşəmi sevirəm. Ona görə də daim yeniliklər axtarıram.

 

Mirbağırağa Cəfərli
 

Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI XVIII


Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

 

Xəbər xətti