"Kənardan baxanda kimlərsə "Ay da, bu, futbol oynamayıb, bizə nə öyrədəcək?" düşüncəsi ilə yanaşırdılar" - MÜSAHİBƏ

18:33 - 13 Noyabr 2022

Bir neçə gün öncə bəzi azərbaycanlı məşqçilər UEFA-nın Pro lisenziyasını aldı. AFFA-nın keçirdiyi kurslarda Premyer Liqa komandalarını çalışdıran məşqçilərlə yanaşı, hazırda qurumda təlimatçı olan Osman Rəhimov da iştirak edib, Pro lisenziyasına sahib oldu. Məşqçilərə təlim verən Rəhimov özü də nə vaxtsa peşəkar komanda çalışdırmaq arzusundadır. Maraqlıdır ki, mütəxəssis əvvəllər AFFA-da tərcüməçi kimi fəaliyyət göstərirdi. Berti Foqtsun millimizə rəhbərlik etdiyi dönəmdə onun tərcüməçisi qismində çalışan Rəhimovun uşaq komandalarında məşqçilik təcrübəsi də var.
 
Sportal.az
xəbər verir ki, bir müddət U-21-də də köməkçi məşqçi kimi fəaliyyət göstərmiş mütəxəssis Qaynarinfo-ya müsahibəsində bu sahəyə həvəsinin necə yarandığı haqda danışdı, futbolumuzdakı problemlərə toxundu.

 

- Məşqçi kimi fəaliyyət göstərməsəniz də, Pro lisenziyası aldınız. Bu lisenziyadan hansı şəkildə istifadə etməyi düşünürsünüz?
- O qədər Pro lisenziyalılar var ki, heç yerdə işləmirlər. Bu, təkcə bizim ölkəmizdə yox, dünyanıən hər yerində belədir. Hər diplomu olan adam işləyirmi? Bu da sualdır. Nə vaxtsa şərait, imkan olarsa, məşqçi işləyə bilərəm. Təbii ki, AFFA-ya təlimatçı kimi işləməyim lazımdırsa, bu da mümkündür. Hər ikisinin kombinasiyası və işsizlik də ola bilər (gülür). Aşağı-yuxarı 4 ehtimal var (gülür).

 

- Əvvəlcə AFFA-da tərcüməçi kimi fəaliyyətə başlasanız da, sonradan məşqçilik istiqamətində addımlar atmağa başlamısınız. Bu peşəyə həvəs necə yarandı?
- Əksər oğlan uşaqlarında olduğu kimi məndə də belə istək formalaşmışdı. Bir müddət oynamağa da çalışdım. Sonradan qəribə də olsa, üç dəfə "sarılıq” xəstəliyi keçirmişəm. Həkimlər mənə dedilər ki, ümumiyyətlə, peşəkar idmana yaxın durma, çünki qara ciyərin pis vəziyyətdədir və yarışikəst adam kimisən. 17-18 yaşıma qədər pəhrizlə böyümüşəm. Sonradan universitetə daxil oldum. Tələbəliyə baxmayaraq, futbol daim hobbim olub. Universiteti bitirəndən sonra AFFA-dan təklif gəldi. Həmin vaxtdan bəri hamınızın bildiyi kimi, buradayam. 

 

- Deməli, yeniyetməlik dönəmində futbolla məşğul olmusunuz…
- Həvəskar kimi oynayırdım. 5-ci sinifdə oxuyanda artıq üçüncü dəfə hepatitə yoluxmuşdum. Bu xəstəliyin müxtəlif çalarları var. Ona görə də peşəkarlıq mənim üçün heç vaxt mümkün olmadı. Lap qapımızın ağzında 4 klub dayansaydı belə, peşəkar idmanla məşğul olmağım doğru deyildi. Universitetdə tələbə liqalarında da oynadım. Amma bu da çox çəkmədi. Sonradan getdim Almaniyada təhsil aldım.

 

- Ancaq arzularınızın arxasınca getməkdən vaz keçmədiniz…
- Təbii, futbol elə bir sahədir ki, hobbiyə çevriləndən sonra ondan o tərəfə heç nə olmur. İnsanlar var ki, qazancları çoxdur, maddi baxımdan problem yaşamır, amma işi futbol qədər ürəyincə olmur. Futbol elə sahədir ki, hətta qazancın az olsa belə, bu iş işgəncə kimi görünmür. Futbol sahəsində olmaq daha yaxşı haldır, nəinki quru və dinamikanın az olduğu oturaq işdə çalışmaq. Futbol daha maraqlıdır. Buna qədər A lisenziyasını da almışdım. Pronu isə 30 yaşdan tez almaq mümkün deyil. Bu, UEFA ilə razılaşdırılmış nizamnamədir. Bir ara uzaqlaşdım, Almaniyaya getdim. İndi də belə oldu. 

 

- Pro alana qədər məşqçiliklə bağlı təklifləriniz olub?
- Mən təlimatçı işləyən dönəmdə - 2012-ci ildən 2017-ci ilə qədər "Qarabağ”da çalışdım. Klubun nəzdində olan U-12, U-13 komandalarında məşqçi kimi fəaliyyət göstərirdim. Daha yuxarı yaş qrupları əl vermirdi. Çünki aşağı yaş qruplarında məşqlərin sayı az olurdu. Maarifləndirmə yönündə çalışdığım üçün daha az enerji sərfiyyatı baxımından yaxşı idi. Cəmi üç məşq olurdu. Uşaqlarda yaş artdıqca məşqlərin sayı da çoxalırdı. Bu da daha çox enerji sərfiyyatına gətirib çıxarırdı. Əks halda AFFA-da maarifləndirmə yönündə lazımı qədər fəaliyyət göstərə bilməzdim. Daha sonra Yaşar Vahabzadə ilə birlikdə U-21-də işlədim. Ardından təklif gəldi, "Sumqayıt”da iki ay civarında çalışdım və şəxsi işlərlə bağlı ayrıldım. İlyarımlıq fasilədən sonra "Sabah”da Elşad Əhmədovla birlikdə çalışdıq. Heyif ki, bu işim də çox uzun çəkmədi. Hələlik təlimatçı kimi fəaliyyət göstərirəm. Məşqçilərə təlim keçirəm. 

 

- Futbolda bir çox hallarda vaxtilə futbolçu olmayan insanların məşqçiliyə başlaması bəzən birmənalı qarşılanmır. Bu həm də məşqçilərin önünü kəsmək kimi qiymətləndirilir. Düzdür, Mourinyo kimi istisna nümunələr var, ancaq hər adam böyük məşqçi ola bilmir. Bu mənada sizə stimul verən nədir?

- Bir tərəfdən başadüşüləndi. Əksəriyyət "özün oynamayıbsan, mənə nə öyrədəcəksən?” düşüncəsi ilə yanaşır. Ancaq oynamayıb, məşqçilik edə bilənlər olub. Məsələn Maurisio Sarri, Luis Felipe Skolari, Karlos Alberta Pereyra, Arriqo Sakki, Rafael Benites, Mourinyo, Andre Villaş-Boaş və sair mütəxəssilər də məşhur futbolçu olmayıb. Almaniyaya baxası olsaq, Naqlesman 17 yaşından sonra zədə ilə bağlı "sürünüb”, sonradan karyerasını bitirib, gənc yaşlarında məşqçiliyə başlayıb. Bir məşqçinin məşqçi kimi formalaşması üçün işləyən başı olması lazımdır. Ayağı olmasa da, yarayar. O qədər məşhur futbolçular var ki, onlar məşqçi ola bilmir. Ruud Qullit kimi futbolçu böyük məşqçi ola bilmədi. Ancaq böyük futbolçu kimi tarixdə qaldı. Lui Van Qal dünyanın sayılıb-seçilən məşqçilərindəndir. Oyunçuluq qabiliyyəti göründüyü qədər, bəzən kömək edir bəzən maneə olur. UEFA-da da bu məsələ gündəmdədir. Baxırsan ki, hansısa məşqçi çox istedadlıdır. Ancaq oyunçularını məzəmmət etməklə məşğuldur. Yaxşı məşqçi olmaq üçün sözsüz ki, materiyanı bilməlisən. Nəyi necə dəyişməli, hansı şəkildə aradan qaldırmaq, yaxşılaşdırmaq olar, bunları bilmək lazımdır. Futbolun fiziki, taktiki və texniki tərəflərini bilməlisən, bundan daha vacibi odur ki, onu oyunçulara çatdırmağı bacarmalısan. Müəllimlik, metodika bacarığın daha vacibdir. Fizika müəllimi dərsi 5-ci sinif uşağına başa sala bilmirsə, deməli, onun savadının şagirdə faydası yoxdur. Nisbətən az bilsən, amma bacarığının 80 faizini uşağa çatdırsan, o, daha çox savadlanar. UEFA-nın hər dəfə bizim seminarlarda ortaya qoyduğu problemlərdən biri də odur ki, bəzən böyük futbol savadı olanlar biliklərini komandaya çatdıra bilmirlər. Mənə stimul verən odur ki, 18 yaşımdan 24 yaşıma qədər metodika oxumuşam. "Kurrikulum” deyilən anlayış bizə hələ indi gəlib çıxır. Ancaq bəxtimiz gətirib ki, bu, Bakıda və Almaniyada təhsil aldığım zaman, yəni erkən yaşda qarşıma çıxmışdı. Yəqin ki, bunun mənə köməyi oldu. Sözün düzü, bu həm xoşuma gəlir, həm də fikrimcə, müəyyən qədər alınır. 

 

- Ad çəkmək istəmirəm, yəqin ki, özünüz tanıyırsınız, bir neçə il əvvəl bəzi məşqçilər məhz sizin onlara təlim verməyinizi narazılıqla qarşılayırdılar. Ancaq zaman keçdi, sizdən fərqli, onlardan bəziləri Pro kateqoriyası ala bilmədi. Onlara sözünüz varmı?
-  Kənardan baxanda kimlərsə "Ay da, bu, futbol oynamayıb, bizə nə öyrədəcək?” düşüncəsi ilə yanaşırdılar. Onları başa düşürəm, amma əvvəlcə yaxınlaşsınlar, insanı tanısınlar. Sonra desinlər ki, bu bizə heç nə öyrədə bilməz. Məni dinləyəndən sonra belə deyirsə, qəbul edərəm. Ancaq tanımayan bir insan qıraqda durub "yox əşşi havayı” işdi deyirsə, istəyir mən və ya siz olun, haqqınızda bu cür düşünməsi ədalətli deyil. Futbolçunu bir məşqçi bəyənə, digəri bəyənməyə bilər. Elə məşqçini də hansısa futbolçular bəyənə və ya bəyənməyə bilərlər. Mourinyo "İnter”də olarkən başına and içirdilər, amma "Mançester Yunayted”də "daşa basırdılar”. Halbuki dünya futbolunda ən çox titul qazanmış məşqçilərdəndir. İbrahimoviç "Barselona”da bəyənilmədi, amma gəlib "Milan”da, PSJ-də ikon oldu. Açığı, haqqımda kiminsə yaxşı və ya pis fikirləşməsi məni o qədər də narahat etmir. Əsas odur ki, məni tanıyanlar var. Kiməsə gedib zorla deyə bilmərəm ki, məni niyə çox istəmirsən? Fikrimcə, "məndən daha yaxşı oynayan məni öyrətsin” konservativi getdikcə daha da azalmaqdadır. Elə bizim ölkə də bəzi böyük futbol karyerası olanlar məşqçi kimi işləmirlər. Ya maraqları, ya təklifləri olmur. Müxtəlif səbəblər ortaya çıxır. Bəzən heç də 1 nömrə olmayanlar ön plana çıxır. Bəlkə də futbolçu kimi yaxşı karyerası yaxşı alınmayanların məşqçi kimi məşhurlaşmasının səbəbi daha analitik olmalarıdır. Onlar özlərindəki çatışmazlığı düşünürlər. Bütün bunların hamısı ola və ya olmaya bilər. Heç vaxt düşünməzdim ki, Mourinyo 2 ilin içində Romada 8-9-cu yerlərdə olan komandanı qəbul edər. 

 

- Xarici məşqçilərdən kumiriniz var?
- Bəli, bəyəndiklərimin başında Arsen Venger gəlir. Çünki bu adam heç də ən böyük deyil, ortabab "material”la yuxarılarda qalmağa çalışıb. Düzdür, hər dəfə çempion olmayıb, amma ən yaxşıların arasında olub. Müqayisə etsək, Roberto Di Mateo Çempionlar Liqasını qazanıb, Venger yox. Amma bunların ikisini tərəziyə qoysaq, inanmıram ki, böyük əksəriyyət Di Mateonun daha yaxşı olduğunu iddia edər. Çünki Venger futbol deyəndə, təkcə top və qapını nəzərdə tutmurdu. Daha bütöv yanaşırdı. O, futbola bir orqanizm kimi yanaşırdı. Ola bilməz ki, bir adamın boyu böyüsün, ayaqları yox. Yaxud başı böyüsün, onurğası balaca qalsın. İnsan kimi hərtərəfli böyüyürksə, futbolçu kimi də eynisi olmalıdır. Hər şeyin varsa, amma təzyiqə dözmürsənsə, böyük məsafə gedə bilmərsən. Müvəffəqiyyətdən başgiləcənməsi yaranırsa, yenə irəli gedə bilmərsən. Bir çox istedadlı futbolçuların yarıyolda qalmasının səbəbi odur ki, iki dənə tərif eşidən kimi başgicəllənməsi yaranır. Nə qədər ayağı top tutur-tutsun, baş idarə edə bilmirsə, yenə çox irəli getmək mümkün deyil. Futbol kompleksdir, fikrimcə, Venger bunu daha gözəl və anlaşıqlı izah edirdi. 

 

"Məni ayağımdan asacaqsansa, bura niyə gəlmisən?”

 

 

- Vaxtilə tərcüməçisi olduğunuz Berti Foqtsla əlaqəniz varmı?
- Xeyr, o, burada işlədiyi dönəmdə böyük münasibətim olmayıb. Yalnız bir ay işləmişəm. Uzaqlığımız daha çox olub, nəinki yaxınlığımız (gülür). 

 

- Foqtsun Azərbaycan futboluna münasibəti yaxşı deyildi, ümumiyyətlə, bizə yuxarıdan-aşağı baxırdı. Belə peşəkar məşqçi olar?
- Almaniyadan gəlib bizi bəyənməməsini bir tərəfdən başa düşmək olar. Amma digər tərəfdən yanaşanda, sual ortaya çıxır - bəyənmirsənsə, niyə gəlmisən? Başa düşürəm, biz Almaniya deyilik. Buna görə məni ayağımdan asacaqsansa, bura niyə gəlmisən? Özün də deyirdin ki, bura Almaniya, İspaniya deyil.  Konstruktivliklə kifayətlənirsə, bunu qəbul edərəm. Amma qaxınc kimi yararlanırsa, fikrimcə, qəbulolunmaz haldır. Şahmatda Almaniya bizdən geridədir. İndi gedək onlara deyək ki, bizim qədər fikirləşə bilmirsiniz?

 

- Millimizdə ən çox işləyən məşqçi Berti Foqtsdur. O bu müddətdə Azərbaycan futboluna nəsə verdi?
- Fikrimcə, futbolçular daha ciddi və böyük standartlarla qəbul olunduqlarını deyərlər. Amma daha müasir yanaşma ilə, bundan artığını əldə etmək mümkün olardı. İki kəlmə ilə deyəsi olsam - nisbətən köhnə məktəbdir.

 

- Azərbaycanda millini çalışdıra biləcək yetərli kadr yoxdur ki, hər dəfə əcnəbiyə qucaq açırlar?
- Azərbaycan məşqçisi xarici və ya yerli ola bilər. Bizdə xaricilərdən heç də pis olmayan məşqçilər var, adını çəkmək istəmirəm. Məncə, kim gəlir-gəlsin, böyük dəyişiklik olan deyil. Əsas olan nəticə deyil. Biz cəmiyyət, klublar, federasiya, maariflənmə, məşqçilər, valideynlər olaraq, daha yaxşı futbolçu yetişdirməyə çalışırıqmı? Yəqin ki, Bakıda qeyri-rəsmi 4 milyon adam yaşayır. Belədə şəhərdə cəmi 10 stadion tapırsansa, rayonlarda heç bu da yoxdursa… Aşpazın kimliyinə baxmayaraq, bir çiyələk qarpız boyda ola bilməz. Dolayısı ilə sizlə mən birlikdə yığmada çalışsaq, yaxud Qvardiola ilə Mourinyo gəlsə belə, çox şey dəyişəsi deyil. De Byazini göndərsək, əvəzinə yerli və ya hansısa başqa xarici məşqçi gətirsək belə, böyük material olmayandan sonra heç nə dəyişən deyil. Media təkcə Premyer Liqanın nəticələrindən yazır. Heç baxırlar ki, balaca uşaqların oynaması üçün top var ya yox?

 

- Uşaq futbolunda problemlər nədən ibarətdir?
- Meydança, inventar yoxdur. Uşaqlar həqiqətən bir çox yerlərdə arzuolunmaz vəziyyətdə məşq edirlər. İnanmırsınız, gedin baxın. Bunlar olmadıqca milliyə kimi təyin edirsiniz-edin. Bu mənim subyektiv fikrimdir. Səbəbin böyük hissəsi şəraitlə bağlıdır.

 

- Bəlkə məşqçi yetişdirmək baxımından da problemlər var?
- Yəqin ki… Mən özümü heç vaxt tərifləmək istəmirəm. Biz əlimizdən gələni edirik. Həqiqətən Portuqaliyanı geridə qoymaq bəs edirmi? Yetişdirmək deyəndə nəyi nəzərdə tuturuq? Kim kimi yetişdirə bilər? Fikrimi dəyişmək istəmirəmsə, 40 günlük kursla müəllim mənə nə edə bilər? Tutaq ki, "Real” azarkeşisiniz, gəlmisiniz, 40 gün sizə deyirik ki, "Barselona” fanatı olun. Bu, fikrinizi dəyişməyə kifayət edəcəkmi? Özümüzü dəyişmiriksə, inkişaf olmayacaq. Hər kəs gəlir, dərslərdə dediklərimiz təsdiqləyir. Amma qayıdandan sonra görürsən ki, vəziyyət tam fərqlidir. Bir yanaşma ilə bataqlığa düşmüşüksə, eyni şəkildə çıxa bilmərik. Yanaşmamızı dəyişmək lazımdır. 

 

- Gəlcəkdə sizi peşəkar komandalarda məşqçi kimi görə bilərik?
- Sağlıq olsun, buna ümid edirəm.

 

- Kurslarda oxuduğunuz zaman hansı ölkələrin klublarında təcrübə keçdiniz?
- Pro üzrə oxuyanda İngiltərədə "Milluol”da təcrübə keçdim. Daha sonra Almaniyada "Fortuna” (Düsseldorf) və "Köln”də oldum. Xaricdəki futbolu görəndən sonra müqayisə aparanda, adam elə mənim danışdığım şəkildə danışır. Kiminsə bostanına daş atmıram, olanı deyirəm.

 

- O vaxt AFFA Almaniyada futbol məktəbi açmışdı. Guya azərbaycanlı futbolçular orada yetişəcəkdi. Bu layihənin sonu necə oldu?
- Mənim o məktəbin olmasından belə xəbərim yox idi. Sonradan eşitmişdim ki, Berlində hansısa məktəb olub. Yəqin ki, bu barədə sizdən daha az məlumatlıyam. 

Xəbər xətti