"Bu, bütün Gəncə futbolsevərlərinin yaralı yeridir" - MÜSAHİBƏ

17:20 - 20 Noyabr 2022

“Kəpəz”in futbol akademiyasının rəhbəri İlham Səmədov Sportal.az saytına müsahibə verib. 2020-ci ildən akademiyanın koordinatoru kimi çalışan Səmədov həm də U-19 komandasının baş məşqçisi olub. B lisenziyasına sahib mütəxəssis Gəncədəki uşaq futbolunun durumundan danışıb.

- "Kəpəz"in akademiyasında işlər necə gedir? Şəhərdə uşaqlar arasında futbola maraq hansı səviyyədədir? 
- Akademiyada illik, aylıq və həftəlik plana uyğun oyunlar, məşqlər davam edir. Deməzdim ki, hər şey ürəyimizcədir, çatışmazlıqlar var. Təqvimə uyğun oyunlarımız və məşqlərimiz təşkil olunur. Çalışırıq ki, invertarlarımızı vaxtında və kifayət miqdarda təmin edək. Məşqçilər və futbolçularla iclaslar, görüşlərimiz olur. Gəncədə futbolu hamı sevir. Uşaqların futbola marağı çox böyükdür.



- Akademiyada daha yaxşı durumda olan, perspektivli yaş qrupu hansıdır?
- Akademiyada hər yaş qruplarında çatışmazlıqlarımız var. Aşağı yaş qruplarımız nisbətən qənaətbəşxdir. Yuxarı yaş qruplarının nisbətən zəif çıxış etmələrinə bir çox səbəb gətirmək olar. Onlardan biri də, şəhərimizin yüksək liqada davamlı iştirak etməməsidir. 



- Azərbaycan futbolunda daim Gəncədə yetişən oyunçular çox olub. Son illərdə sanki bir az səngimə var. Bunu nə ilə əlaqələndirirsiniz?
- Bayaq qeyd etdiyim kimi, komandamızın yüksək liqada davamlı iştirak etməməsinin də təsiri var. Meydançaların olmamasını da bura aid etmək olar. Bir çox uşaqlarımız ayrı klublara üz tutur, lazımi inventarlarımız yoxdur. Sadaladıqlarım müasir futbolda böyük amildir. 



- Yəni, əsas komandanın Premyer Liqaya yüksəlməsi bu baxımdan yenidən Gəncə futbolçularının inkişafına təkan ola bilər?
- Əgər komandamız ardıcıl olaraq, yüksək liqada iştirak edərsə, əminliklə deyə bilərəm ki, Gəncə futbolu gələcəkdə Azərbaycan futboluna yeni istedadlı futbolçular bəxş edəcək.



- Akademiya komandalarını geyim dəstləri ilə təmin edə bilmisiniz?
- İnventarların alınması üç mərhələyə bölünüb. Birinci mərhələ üçün inventarlar artıq təmin olunub. Digər mərhələlər üçün isə sifarişlər verilib. Maksimum dərəcədə çalışırıq ki, akademiyamız lazımi inventarlar və geyim dəstləri ilə təmin olunsun.



- Bizdə olan məlumata görə, akademiya komandalarının hamısı 1 stadiondan istifadə edir. Komandaların məşq qrafiklərini necə çatdırırsınız?
Akademiyamızda 10 yaş qrupu oğlan, bir yaş qrupu qız komandamız var. Bundan əlavə əsas komanda və əvəzedici heyətə malikik. Süni örtüklü stadionumuz bir dənədir. Bu isə vaxt bölgüsündə çox çətinliklər yaradır. Məşqlərimizi əsas və əvəzedicilərin məşq qrafikinə maksimum uyğun planlaşdırmağa çalışırıq. Ümid edirik ki, yeni tikilməkdə olan iki təbii meydançalara məşq qrafikimizin daha rahat olmasına kömək edəcək. 



- Hal-hazırda "Kəpəz"in aşağı yaş komandalarından millilərə neçə futbolçu çağırılır?
- Keçən ilə nisbətən bu mövsüm milli komandalara dəvət olunan uşaqların sayı azdır. Əlimizdən gələni edirik ki, milli komandalara dəvət olunan uşaqların sayı daha çox olsun. Mütəmadi dəvət olunanlar Ümid Səmədov, Cavad Kərimov, Nihad İsaqovdur.



- Sizcə, yığma komandalara dəvət olunan "Kəpəz" futbolçuların sayı niyə azdır? 
Yuxarı qeyd etdiyim kimi, bir sıra səbəblər var. Milliyə dəvət olunan uşaqların sayının az olması bütün rəhbərliklə bərabər məni də çox narahat edir. Bu səbəbləri aradan qaldırmaq üçün bizdən asılı olan, əlimizdən gələn hər şeyi etməyə çalışırıq. Uşaq qruplarımızın əksəriyyəti bu il yarandığından bu, həm də zaman məsələsidir. 



- Gəncənin əvvəlki kimi ölkə futboluna istedadlı futbolçular bəxş etməsi üçün sizə nə lazımdır? 
Akademiyanın tam şəraitdə fəaliyyəti. Gəncə və ətraf bölgələrdən daha istedadlı uşaqlar cəlb etmək lazımdır. Məşqçilərimizi UEFA və AFFA-nın təşkil etdiyi kurslarda iştirakları da öz təsirini göstərəcək. Uşaqların futbol təlimlərini məktəb dərsləri ilə uyğunlaşdırmaq da önəmlidir. Təhsildə uşaqların uğurlu olmaları futbolda da öz töhvəsini verir. 


- Sizcə, neçə müddət sonra "Kəpəz"in əsas komandasında daha çox yerli uşaqlar oynayacaq? Bunun üçün nə qədər müddət lazımdı?
Bu, tək akademiya rəhbəri kimi mənim yox, bütün Gəncə futbolsevərlərinin yaralı yeridir. “Kəpəz”in aşağı yaş qruplarının məşqçiləri ilə bərabər Gəncə şəhərində futbol bölmələrimiz yetərincədir. Hər bir məşqçinin arzusudur ki, yetirmələri “Kəpəz”in əsas komandasında oynasın. Məhz zəncirin bu halqasının qırılmaması çox vacibdir. Çox istəyirəm ki, əsas komandanın məşqçiləri Gəncə futbolçularına güvənsinlər. Bu məşqçilər və uşaqlar üçün də ən böyük motivasiya olardı.

Mirbağırağa Cəfərli   


Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI XXI   


Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb. 


 

Xəbər xətti