"İdman kompleksində uşaqlar daha çox cüdo, yunan-Roma güləşi və futbola maraq göstərir" - MÜSAHİBƏ

17:41 - 4 Dekabr 2022

Azərbaycanda hazırda 50-dən çox idman kompleksi fəaliyyət göstərir. Son illər bir sıra komplekslərdə təmir-bərpa işləri həyata keçirilib və artıq gənclərin, idmançıların bu idman obyektlərinə cəlb edilməsində artım müşahidə olunur. İdman infrastrukturlarında müxtəlif növlər üzrə məktəblər fəaliyyətlərini davam etdirirlər. Həmçinin qeyri-olimpiya növlərinin də sayları artırılıb. Həmin siyahıda yer alan Pirşağı-Kürdəxanı İdman kompleksində də gənclər idmanla məşğul olur. Kompleksin direktoru Bəylər Mirzəyev yeniyetmələrin idmana olan marağından danışıb. 



- Nə vaxtdan Pirşağı-Kürdəxanı İdman Kompleksinin direktoru kimi çalışırsınız? 
- Bu ilin iyun ayından direktor vəzifəsindəyəm. Bundan öncə isə Sumqayıt Olimpiya İdman Kompleksində direktor müavini və direktor əvəzi vəzifəsində çalışmışam.


- Bildiyim qədərilə jurnalist kimi fəaliyyət göstərmisiniz. Jurnalistikadan idman kompleksinin direktoru vəzifəsinə keçidiniz necə alındı? 
-
Bəli, doğrudur. 2008-ci ildən 2019-cu ilə qədər "İdman Azərbaycan" telekanalında müxtəlif vəzifələrdə çalışmışam. 11 il TV-də çalışdığım müddətdə Olimpiya və qeyri Olimpiya idman federasiyalarının, həmçinin idman ictimaiyyəti ilə sıx əlaqələrim yarandı. 2019-cu ildə öz istəyim ilə "İdman Azərbaycan" telekanalından ayrıldım. Qeyd edim ki, TV-də çalışdığım müddətdə bir neçə idman federasiyalarının rəhbərliyi  tərəfindən idmanın təbliğatında göstərdiyim xidmətlərə görə fəxri fərmanlarla mükafatlandırılmışam. 2020-ci ildə isə Gənclər və İdman nazirliyinə CV ilə müraciət etdim. İdman sahəsində yetərincə təcrübəm olduğuna görə, Sumqayıt Olimpiya İdman Kompleksinə direktor müavini təyin olundum.



- Jurnalistika ilə yanaşı, həm də boksla məşğul olmusunuz...
-
Doğrudur, özüm Sumqayıt boks məktəbinin yetirməsiyəm. Dəfələrlə Azərbaycan, həmçinin  beynəlxalq turnirlərin qalibi və mükafatçısı olmuşam. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunuyam. Hazırda məşqçi kimi də fəaliyyət göstərirəm. Bir il ərzində tələbələrimiz şəhər və ölkədaxili yarışlarda uğurlu çıxış edirlər. İnanıram ki, tələbələrimiz Avropa və dünya çempionatlarında, həmçinin Olimpiya Oyunlarında da ölkəmizin idman şərəfini layiqincə qoruyacaqlar.



- Pirşağı-Kürdəxanı Olimpiya İdman Kompleksində idmanın inkişafı hansı durumdadır? Bu bölgədə uşaqlar daha çox hansı idman növü ilə məşğul olurlar? 
Pirşağı-Kürdəxanı İdman Kompleksində idmanın inkişafını qənaətbəxş hesab etmək olar. Bu ərazidə əsasən yunan-Roma güləşinə, cüdo və futbola maraq göstərirlər. Amma çalışırıq ki, digər idman növlərinin də təbliğatını sosial şəbəkə vasitəsilə təbliğ edək. Bununla da, uşaq və yeniyetmələrin idmana marağını artırıb, ölkəmiz üçün sağlam vətəndaş yetişdirək.


- Ümumiyyətlə kompleksin nəzdində başqa hansı idman növləri üzrə qruplar var? 
-
Bayaq qeyd elədim, burada uşaqlar daha çox cüdo, yunan-Roma güləşi və futbola maraq göstərir. Ancaq bunlarla yanaşı, həm də boks, sambo və Sumo idman növlərində də qruplarımız var. Müntəzəm olaraq, məşqlər keçirilir, maraq göstərən uşaqlar da az deyil.



- Məşqlərdə iştirak ödənişsizdir, yoxsa ödəniş alırsız?
Olimpiya idman növləri ödənişsizdir. Qeyri-Olimpiya növləri isə ödənişlidir. Bundan başqa, şəhid ailələrinin və qazilərimizin övladları təmənnasız idman növləri ilə məşqul olurlar. Bu, bizim əsas vəzifə borcumuzdur ki, şəhid və qazi övladlarına bacardığımız qədər dəstək olaq.



- Kompleksin ümumi xərclərini necə qarşılayırsız?
- Gənclər və İdman nazirliyi tərəfindən İdman komplekslərinə dəstək çox böyükdür. Həqiqətən bu gün hər hansı kompleksdə çatışmazlıq varsa, nazirlik tərəfindən həmin problem dərhal aradan qaldırılır, həll edilir. Buna görə, həm öz, həm də məşqçi və idmançılar adından Gənclər və İdman naziri cənab Fərid Qayıbova minnətdarlığımı bildirirəm.



- Gələcəkdə kompleksdə başqa hansı idman növü üzrə qruplar fəaliyyətə başlaya bilər?
- Kompleksin nəzdində, ikinci sovxoz deyilən ərazidə futbol meydançası var. Gələcəkdə orada basketbol bölməsi açmaq fikrindəyik. Çünki basketbol da sevilən idman növlərindəndir və bu idman növünə də maraq yaratmaq yaxşıdır. 



Mirbağırağa Cəfərli     

Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI XXIII      

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb. 



Xəbər xətti