"Azərbaycanda böyük tennisin vəziyyəti ürəkaçan deyil" - MÜSAHİBƏ

18:45 - 11 Dekabr 2022

Azərbaycanda fəaliyyəti mövcud olsa da, inkişafdan qalan idman növlərindən biri tennisdir. İnkişafı görünməsə belə, tennisdə perspektivli idmançıya sahibik. Söhbət Ayşən Kərimlidən gedir. 2011-ci il təvəllüdlü Kərimlinin gələcəyinə böyük ümidlər bəslənilir. İdmançının atası Əli Kərimov Sportal.az saytına müsahibəsində qızı barədə məlumat verib və ona diqqətsizlikdən söz açıb.


- Öncə, Ayşən barədə məlumat verərdiniz. Qızınız neçə yaşından idmanla məşğul olmağa başlayıb?
- Ayşən 2011-ci ildə Xəzər rayonu Buzovna qəsəbəsində anadan olub. 2015-ci ildə isə gimnastika ilə məşğul olmağa başlayıb. Buzovnanın "Xəzri" idman klubunun üzvüdür. Respublikada gimnastikaya maraq daha çoxdur. Üstəlik, idman gimnastikadan başlayır prinsipi ilə qızımın bu idman növündə sınamaq istədim. O, idmanda ilk addımlarını Rusiyanın Moskva şəhərində atıb.   


- Bəs, Ayşənin tennisə gəlişi necə baş tutdu?
- O, böyük tennisə öz istəyi ilə gəlib. Özüm 30 ildir ki, tennisə azarkeşlik edirəm. 2017-ci il iyunun 15-də evdə televizorda tennisə baxanda Ayşən də yanımda idi. Oyunu izləyə-izləyə mənə tennisçi olmaq istədiyini bildirdi. Onda Ayşən artıq iki il idi ki, gimnastika ilə məşğul olurdu. Həmin an internetdə Bakıda tennis klubları haqda məlumat öyrənməyə başladım və Bakı Tennis akademiyası rastıma çıxdı. Elə həmin il, iyunun 17-dən qızım tennisə getdi. Özüm də Ayşənə görə, həvəskar tennisdən peşəkar tennisə keçməli oldum. Çünki 5 il 6 aydı ata-bala bütün məşqlərdə bir yerdə olmuşuq.
 

 
- Ayşən hansı turnirlərdə iştirak edib və hansı uğurları var?
İlk dəfə 2020-ci il yanvar-fevral aylarında Rusiya çempionatında Azərbaycan bayrağı altında çıxış etməyə başladı. Ayyarıma üç turnirin nəticəsinə görə, 16 bal toplayaraq reytinqdə 368 pillə irəlilədi. Oynadığı üç yarışda ən yaxşı nəticəsi ikinci turnirində oldu. Orada üçüncü yerin sahibi idi. Bu da, Azərbaycanda tennisə başlayan idmançı üçün çox yaxşı nəticə sayılmalıdır. Bu il fevralda milli komandanın tərkibində Ayşən Türkiyənin Antalya şəhərində 12 və 14 yaşlılar arasında üç turnirdə çıxış etdi. 12 yaşlıların turnirində 2 erməni, bir şimali makedoniyalı rəqibinə qalib gəldi. 14 yaşlıların turnirində isə Türkiyədə yaşayan 2009-cu il təvəllüdlü azərbaycanlı, milli komandamızın üzvü Mədinə Babayevanı məğlubiyyətə uğratdı. Bundan əlavə, Ayşən Türkiyədə və Azərbaycanda keçirilən bir çox beynəlxalq turnilərdə iştirak edib. 2020-ci ildən Ayşən pandemiya səbəbindən mart ayından avqust ayına qədər məşqçsiz qalmışdı.
 



- Ölkənin hazırda ən perspektivli tennisçisi məhz qızınız hesab edilir. Bu yüksələn qrafiklə davam edərsə, bir neçə ildən sonra Avropada da uğurları olacaq?
Ayşən bu il ölkədaxili üç turnirdə birinci yeri tutub. Sonuncu turnir isə 16 yaşlı qızlar arasında keçirilirdi. Qızım bu turniri “game” uduzmadan çempion oldu. Azərbaycanda böyük tennisin vəziyyəti ürəkaçan deyil. 2004-cü ildən Oqtay Əsədov federasiyaya rəhbərlik edir. Ümumiyyətlə, tennisimiz qeyri-peşəkarlar tərəfindən idarə olunur. Gənclər və İdman Nazirliyi isə sanki buna göz yumur. Federasiya rəhbəri bu il avqust ayında keçirilən seçimlərdən sonra öz postunda qaldı. 18 il nəticə verməyən komandanı orada saxlamaqla, Gənclər və İdman Nazirliyi də səhv addım atdı. Bu isə Fərid Qayıbovun reytinqinin tennissevərlər arasında düşməsinə səbəb olub. Təsəvvür edin, bu gün Azərbaycan tennisini federasiya rəhbərinin yeznəsi, kürəkəni və bacısıoğlu idarə edir. Heç birinin də, peşəkar tennislə əlaqəsi yoxdur. Belə olmasaydı, son illərdə idmançılar çıxardı. Onların bir məqsədi olub, o da Ayşənin yolunu kəsmək. Bunu əlimdə olan sənədlərlə sübut etməyə hazıram. Hazırda belə vəziyyətin yaranması bizə mənfi təsir göstərir. Son üç ildə Azərbaycanda peşəkar idmançı tapmamışıq ki, məşq edək. Nə qız tapa bilirik, nə oğlan. 


- Federasiya tərəfindən qızınız üçün heç bir şərait yaradılmayıb? 
- Dövlət tərəfindən ilk dəfə dəstək 2021-ci ilin yanvar ayında keçmiş Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov tərəfindən gəlmişdi. O, Ayşənlə məni qəbul etdi. Bir saatdan çox söhbətimiz oldu. Problemlərimizi dinlədi və Ayşəni dövlət hesabına üç aylıq (fevral-aprel) Türkiyənin İstanbul şəhərinə təlim-məşq toplanışına göndərdi. Burada Xəzər rayonu Gənclər və İdman idarəsinin rəisi Vüqar Əliyevin dəstəyini xüsusi qeyd etmək istəyirəm. Çox məsuliyyətli insandır. Biz Türkiyədən qayıtdıq və noyabra qədər öz hesabımıza məşq etməyə başladıq. 2021-ci il noyabrın 1-də federasiya rəhbəri ilə görüşdüm. Bu görüş üçün 3 il gözləməli olmuşdum. Sonda məcbur qəbul edildim. Bir çox məsələdən danışdıq və sonda Oqtay Əsədov Ayşənin məşq prosesini öz üzərinə götürdü. Bu ilin fevral – mart aylarında federasiyanın hesabına İstanbulda iki aylıq məşq toplanışı keçdik. İndi yenə öz hesabımıza məşq edirik. 


 

- Ayşənin idealları arasında kimlər var?
- O, daha çox İqa Sventek və Mariya Şarapovanı bəyənir.

 
 
- Qızınız indiyə qədər hansı məşqçilərlə işləyib? Azərbaycan futbolunda məşqçi çox olsa da, problem davam edir. Tennisdə vəziyyət necədir?
- Tennisimizdə məşqçi problemi var. Barmaqla sayılacaq qədər beynəlxalq səviyyəli məşqçiyə sahibik. 5 il 6 ayda Ayşənin ukraynalı, rusiyalı, türkiyəli və azərbaycanlı məşqçiləri olub. Son dəfə isə milli komandanın baş məşqçisi Yalçın Manaflı ilə çalışmışdı. Axırıncı dəfə bir il onunla məşq etmişik. Kifayət qədər yaxşı məşqçidir. Bugünkü gündə Azərbaycan tennisinə lazımlı insandır. Bacardığını öyrədib Ayşənə. Gələcəkdə dünya arenasında təmsil olunmaq istəyiriksə, daha təcrübəli və əcnəbi məşqçiyə ehtiyacımız var. Yalçın bəy Ayşəni dəstəkləyənlərdən biri olub.

 

- Avropadakı turnirlərdə iştirak edərkən, Ayşən hansısa xarici klublar, xarici məşqçilərin diqqətini cəlb edə bilib? Yığmalardan dəvət almısınız?
- Beynəlxalq turnilərdə Ayşənin oyunu haqda əcnəbi məşqçilərin və valideynlərin fikirlərini öyrənirəm. Çox müsbət şeylər deyirlər. Bu il milli komandanın tərkibində Antalyada keçirilən turnirdə erməni rəqibi ilə oynayanda onun məşqçisi Yalçın müəllimə mənə yaxınlaşaraq, Ayşənin yaşını soruşdu. 11 deyəndə, çox təəccübləndi. Onun haqda çox xoş sözlər işlətdi. Çünki Ermənistan təmsilçisi 13 yaşındaydı. Türkiyə və Rusiya klublarından ödənişli dəvətlər irəli sürürlər. Niyə ödənişlə dedim, çünki tennis pullu idman növüdür. Yəni, bugünkü gündə Ayşənin ölkəmizdəki məşq prosesi günlük 100 manat təşkil edir. Həftədə 5 dəfə məşq etsək, 500 manat xərcləmək lazımdır. Respublikada Ayşan səviyyəsində 3-4 idmançı olsa, bu məbləğ daha da azalar. Çünki biz qrup məşqlərinə çıxa bilmədiyimiz üçün məcburuq ki, fərdi məşqlər edək. Ona görə də, belə alınır. Son vaxtlarda heyətində məşq etdiyimiz Türkiyə klubu Ayşəni yenə çağırıb. Çox güman ki, gələn aydan ora yollanacağıq.


- Ölkəmizdə tennis kortlarının vəziyyəti hansı durumdadır? Federasiya uşaqları təlim-məşq toplanışlarına göndərir?
- Tennis kortları çox azdır. İndiki federasiyadan 18 ildə demək olar ki, bu məsələ ilə heç kim maraqlanmayıb. Bircə, 2011-ci ildə Bakı Tennis Akademiyası açılıb. Çox yaxşı şəraiti var, amma səviyyəsi heç də ürəkaçan deyil. Tennisin inkişafı üçün bölgələrə də dəstək vermək lazımdır. Futboldakı kimi bazalar olmalıdır. Qızım millinin heyətində bir dəfə, fevralda 11 ölkənin qatıldığı turnirdə iştirak edib. Ayşən mənim təsisçisi və direktoru olduğum “Xəzri” idman klubunun üzvüdür. Federasiyanı məcbur edəndə, hərdən uşaqları təlim-məşq toplanışına göndərir.



- Ölkədə tennisdə rəqabətin olmaması, qızınızın da işini inkişaf baxımından yəqin ki, çətinləşdirir?
Uşaqlar var, amma oyun səviyyəsi çox aşağıdır. Təsəvvür edin, Ayşən məşq etməyə və oyun oynamağa uşaq tapmır. Bu gün Ayşən ən azı il ərzində 8 ay ölkə xaricində məşq etməlidir. Biz görmüşük ki, xarici ölkələrə məşq etmək üçün 15-16 yaşında çıxarlar. Ancaq 8 yaşından üç ildən çoxdur ki, orda-burdayıq. Çox çətin yola girmişik. Ayşən tennisi özü istəyib, ona görə də, qızımın yanında dayanıb, ona sona qədər dəstək verəcəm.



 

Mirbağırağa Cəfərli     


Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI XXIV    


Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb. 

 

 


 

 

Xəbər xətti