Azərbaycanda turizm xidmətlərinin müxtəlif sahələrində ildən-ilə irəliləyiş nəzərə çarpsa da, idman turizmi bir o qədər də inkişaf etməyib. Təsadüfi deyil ki, idman klublarımız indiyədək xarici ölkələrdəki təlim-məşq toplanışlarına, turnirlərə ya əcnəbi menecerlərin, yaxud da yerli travel şirkətlərinin təşkilatçılığı ilə yollanıblar.
Hələ ki, idman turizmi üzrə ilk və yeganə idman təşkilatı bu ilin oktyabr ayında “Qarabağ”ın sabiq mətbuat katibi Nurlan İbrahimovun təsis etdiyi “Can Sports" şirkətidir. İbrahimov Sportal.az-a müsahibəsində ölkəmizdə idman turizminin inkişaf potensialından və şirkətlərinin göstərəcəyi xidmətlərdən söhbət açıb.
- "Can Sports"u yaratmaq fikri necə yarandı? Nəyə görə məhz bu ad?
- 15 il "Qarabağ"da işləmişəm. Bu klub avrokuboklarda oynamamışdan qabaq 2-3 nəfərlik heyətlə yola çıxmışdıq. Bütün təşkilatı və struktura aid işlərin iştirakçısıydım. Vəzifəm mətbuat katibi olsa da, yəni, bütün işlərdə iştirak etmişəm. Ona görə, nə lazım olduğunu bilirdim. İdmanda komanda üçün nə gərəkdiyini, onlara necə xidmət lazım olduğu barədə xəbərim var idi. Bunun zərurət olduğunu düşündüm və təşkilatı yaratdıq. Ada gəlincə, milli idman turizm şirkətidir, bu istiqamətdə Azərbaycandakı can sözündən ilhamlandıq. Bu söz ingilis dilində "can" kimi oxunur. Bu da, bacarmaq deməkdir. İdmanın ruhuna uyğun gəlir. Bu baxımdan da, belə ada üstünlük verdik.
- Qısa müddətdə hansı layihələri, tədbirləri həyata keçirmisiniz?
- İş qurmaq ağır və uzun prosesdir. Texniki tərəfləri var. Bunu xidmət sahəsi kimi dəyərləndirirəm. Çünki bu işi insanlara aşılamağın da, çox vacib əhəmiyyəti var. Bizdə insanlar arasında bunun tam mahiyyətini anlamayanlar olur. Məsələn, futbolda biri var menecerlik, biri də var dəllallıq. Biz dəllallıq yox, xidmət anlayışına gətirməyə çalışırıq. Media mənsublarının müəyyən qrupunun transferində təşkilatçı olmuşuq. Digər idman növündə müəyyən tədbirlərin həyata keçirilməsini də qeyd edə bilərəm. İndi də, Antalya üzərində müəyyən tədbirlərimiz var. Layihələrimiz davam edir. Qısa müddət olsa da, yetərincə iş görmüşük. Hər şey sıfırdan qurulub. Nəzəri cəhətdən biliklərimiz olsa da, elə sahədir ki, xidmət üzərində qurulub. Nəzəri bilikləri praktiki bilgi ilə birləşdirmək lazımdır. Gecə-gündüz layihələr üzərində işləyirik. Nə etmək mümkün olacağı barəsində mütəmadi olaraq fikir mübadiləsi aparırıq. Nə qədər az müddət olsa da, yetərincə, iş gördüyümüzü düşünürəm. Amma biz yolun başlanğıcındayıq. Hələ görəcəyimiz çox iş var.
- Təşkilatınız neçə nəfərdən ibarətdir və hansı sahələr üzrə fəaliyyət göstərirsiniz? Sırf futbol üzrə fəaliyyətdəsiniz, yoxsa qeyri-futbol sahələri ilə də, məşğulsunuz?
- Hazırda üç əməkdaşımız var. Bu yaxınlarda işlə bağlı elan vermişdik. Əslində gözlədiyimdən də, daha çox CV gəldi. Bu istiqamətdə uyğun şəxsləri seçəcəyik. Bu sahə boşdur və mütləq mütəxəssis yetişdirmək məqsədimiz var. "İdman Azərbaycan" kanalında basketbol verilişlərində iştirak edirəm. Çünki bu idman növünü də, sevirəm. Quizlərdə oynayıram. İdmanın digər sahələri də, mənim üçün maraqlıdır. Yəni, işimizi sadəcə futbolla məhdudlaşdırmaq istəmirəm. Digər idman növlərini də, bu xidmət sahəsinə inteqrasiya edib fərqli işlər görməyə çalışırıq.
- Bu bazarda ilk və yeganə idman təşkilatı olmağınız sizə hansı üstünlüyü qazandırır? Artıq sizdən sonra bu sahəyə yönələn təşkilatlar yaranır?
- Bunu bazar adlandırmazdım. Futbol sahəsində AFFA-ya bağlı olan bir şirkət müəyyən işlər görür və bəlli istiqamətdə hərəkət edir. Əsas prinsiplərimiz xidmət anlayışını gətirməkdir. Bu iş 5 manata alıb, 6 manata satmaq deyil, xidmətdir. İdman mütləq psixoloji rahatlığa, hədəfə yönələcək anlayışdır. İdmançıya bazar ünsürü kimi yanaşmalı deyilsən. Bu sahə xüsusi yanaşma tələb edir. Digər təşkilatlar yaransa da, bunu normal qəbul edərəm. Doğru-dürüst rəqabət hər yerdə inkişafa gətirib çıxarır.
- Tələb çoxdur?
- Türkiyə, Rusiya və Avropanın hər yerində bu sahə ilə bağlı yetərincə şirkət var. Azərbaycanda bu sahədə boşluq var. Əsas məqsədimiz Azərbaycanın milli qonaqpərvərlik dəyərləri ilə xidmət anlayışını birləşdirib, iş görməkdir. "Qarabağ"da işlədiyim zaman, rəqiblərimiz həmişə Azərbaycanın qonaqpərvərliyini yüksək dəyərləndirirdi. Bu prinsiplərlə yola çıxıb, ən uyğununu etmək niyyətindəyik. İnanıram ki, zamanla bu tələblər daha yaxşı formada istiqamətlənib, potensialımızın üzə çıxmasına səbəb olacaq. Fikirləşirəm ki, azərbaycanlı olaraq regionda çox böyük işlər görə bilərik. Potensialımız yüksəkdir. Qonaqpərvərik, qanımızdan gəlir, insanlara xidmət edib, onları sevindirməyi sevirik. Ən azından öz şirkətim olaraq, regionda fərqli mövqeyə gəlməyi planlaşdırırıq.
- UEFA-nın sizin haqqınızda verilən qərarından sonra özünüzdə necə güc tapıb, idman sahəsində qaldınız?
- Hətta iki illik bəlli mübarizəm zamanı da, heç vaxt məqsədim hansısa kluba mətbuat katibi kimi qayıtmaq deyildi. Vətəndaş olaraq haqsız verilmiş qərara qarşı mübarizə aparırdım. İki il ərzində nə qədər çətin olsa da, həyatımda o baxımdan mübarizəmi geri atılmış addım saymıram. Hər zaman gələcəyə baxmaq üçün güc tapmışam. Hətta "Qarabağ" çempion olmayanda, çempionluq bizdən uzaq görünəndə belə, Çempionlar Liqasının qrup mərhələsində oynayacağına inanmışam. Allaha şükür, həmin günləri gördük, yaşadıq. UEFA-nın prosesi iki il uzadıb, qərarı saxlaması da, ədalətsizlik idi. Amma ədalət mütləq bərqərar olur. Həyatda olsam da, olmasam da, mütləq dəyişəcək. İdmanı sevirəm. İstənilən halda, ətrafımdakılar, sevdiklərim üçün çalışmalı, ayaq üstə qalmalıyam. UEFA-nın verdiyi qərara görə, məğlubiyyət havasına girə bilmərəm.
- Qarşıdan klubların qış təlim-məşq toplanışları gəlir. Hansı klublardan sifariş almısınız?
- Mən bu işə başladığım zaman klublar qış təlim-məşq toplanışı planlarını böyük ölçüdə bitirmişdilər. Ona görə də, hər hansı layihəmiz baş tutmadı. Yayla bağlı fərqli planlarımız var. Klublara sadəcə olaraq, otel və nəqliyyət satmaq fikrimiz yoxdu. Biz yeniliklər gətirməyə çalışırıq. Klublarımızın marka dəyərini daha yüksək tutmaq istiqamətində işlər həyata keçirməyi planlaşdırırıq.
- Xaricdəki klublardan necə, Azərbaycanda toplanış keçmək haqda təklif almısız?
- Qeyri-futbol sahəsində də, müəyyən danışıqlarımız var. Azərbaycanın idman turizminin perspektivinin çox yüksək olduğunu düşünürəm. Bu istiqamətdə mütləq nələrsə etməliyik. Tək yay yox, həm də, qış oyunlarını keçirmək üçün ölkəmizin potensialı var. Bunun üzərində işləyib, çox yaxşı layihələr də həyata keçirməliyik. Sadəcə uyğun planlama və zamanlama etmək lazımdır. Bu gün Qətərdə görürük ki, 200 nəfər azərbaycanlı işləyir. Hamı futbola 11 nəfərin meydana çıxıb oynadığ oyun kimi baxa bilər. Amma işin arxasında on minlərlə adam çalışır. Kütləvi tədbirlərin həyata keçirilməsi asan deyil. Azərbaycan idman ölkəsi kimi, çox yaxşı layihələr həyata keçirmək şansına malikdir. Futbolda da, həmçinin. Bunun üzərində işləyirik. Ümid edirik ki, yaxınlarda bunu reallaşdıra biləcəyik.
- Klublarımız uzun illərdir toplanış üçün adətətən Türkiyəyə gedir toplanışa. Daha münasib qiymətə kamplar paketi hazırlamısız klublara?
- Bəli, 10 komandanın hamısı Türkiyəyə gedir. Bu ölkə iqtisadi baxımından daha sərfəlidir. Mənəvi bağlılıq da var, dil problemi yoxdur. Bu kimi amillərin çox böyük üstünlüklərini görmək olar. Məsafə də yaxındır. İstər-istəməz bu amillər klublarımızın Türkiyəni seçməsində böyük rol oynayır. Ancaq fikrimcə, yayda Türkiyə bir qədər qənaətbəxş deyil. Yoldaşlıq oyunları keçirmək müəyyən baxımdan problemlər yaradır. Ona görə klublarımızın Avropaya yönləndirilməsi daha uyğundur. Xüsusilə də, avrokuboklarda iştirak edəcək klublarımızın bu istiqamətdə fəaliyyəti daha uyğundur. Bizim şirkət də, yay futbol kampinqlərini həyata keçirmək istəyir. Təbii ki, Türkiyə qış üçün münasibdir. Yayda klublarımızın avrokuboklarda oynayacağını nəzərə alsaq, Avropada toplanış keçmək işi şərtləndirir.
- İlk müqavilənizi PFL-lə imzadınız. Bu müqavilə əsasında hansı işləri görürsünüz?
- Bəli, ilk müqavilə PFL-lə bağlandı. Bu təşəbbüs PFL-in icraçı direktoru Zaur Hacı-Məhərrəmovdan gəldi. PFL-in prezidenti Elxan Səmədov, Aslan Şahgəldiyev və Elgiz Abbasovla görüşdük. Ümumi düşüncələrimizi anlatdıq və sonradan müqavilə imzalandı. PFL-in əməkdaşlarının Antalyaya səfərini təşkil edəcəyik. Eyni zamanda bir sıra düşüncələrimiz, layihələrimiz var. Müzakirələrimzi olub. Hiss olunur ki, Elxan Səmədov həqiqətən futbolda nəsə etməkdə çox maraqlı və istəklidir. Onun məsələyə bu cür münasibəti fonunda əlimizdən gələnini etməyə çalışacağıq. Bir daha müqavilə məsələsində birinci önə düşdüklərinə görə, PFL rəhbərliyinə təşəkkür edirəm. Onların incə davranışlarını unutmayacam.
- "Qarabağ" da illərlə qazandığınız təcrübə yeni işinizdə sizə nə qədər kömək edir?
- Bəli, bunun mənə çox böyük faydası olub. Bir klubda 15 il çalışmaq az müddət deyil. Çevrə, ətraf mühit, dost-tanış, sevən-sevməyən...Ətrafımız bunun əsasında formalaşıb. Mən hər zaman həyata bardağın dolu tərəfindən baxıram. Bu işdə "Qarabağ"ın direktoru Əmrah Çəlikəl, meneceri Asif Əsgərovun dəstəyini hər zaman hiss etmişəm. Bu iş olanda Qurban Qurbanovla məsləhətləşib, onun xeyir-duasını almışam. Kim istəsə də, istəməsə də, məni "Qarabağ"a bağlı kimi tanıyacaqlar. "Qarabağ" mənə böyük təcrübə qazandırıb. Təcrübəmi də, ən yaxşı halda iş həyatımda sərgiləməyə çalışacam.
Mirbağırağa Cəfərli
Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI XXV
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.