Çexiyada transformator zavodunda işləyən milli komandamızın üzvü: "Bu yolla həndbol ölkəmizdə populyarlaşa bilər" - MÜSAHİBƏ

11:32 - 15 Yanvar 2023

Kişi həndbolçulardan ibarət yığma komandamız Bakıda 2026-cı il Avropa çempionatının ilkin təsnifat turnirinin oyunlarını keçirir. Yığmamız öncə Maltaya qalib gəlib, ardınca Böyük Britaniyaya uduzdu. Əslində, millimizdən yüksək nəticələr gözləmək də doğru olmazdı. Çünki kişi həndbolunun durumu hazırda ürəkaçan deyil. Bunun əsas səbəblərindən biri də bu idman növünə diqqətin aşağı olması, marağın isə geniş yayılmamasıdır. Halbuki, həndbol ölkəmizdə ənənəsi olan idman növlərindəndir. Bəs kişi həndbolunun ölkəmizdəki durumu niyə ürəkaçan deyil? Liqamızda hazırda cəmi 7 komanda mübarizə aparır.

Yığmamızın aparıcı üzvlərindən, legioner həyatı yaşasa da, Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra hələ ki, klubundan ayrı düşən Saleh Vəliyev Sportal.az saytına müsahibəsində həndbolun ölkədəki vəziyyətini şərh edib. 1991-ci ildə Bakıda dünyaya gələn Vəliyev, Ukraynanın "Karpatı" klubunun oyunçusudur. Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra millimizin üzvü vəziyyətin düzələcəyini ehtimal edərək həmin ölkədə qalıb. Amam üç ay əvvəl Çexiyaya yollanan Saleh hələ ki, sevdiyi idman növü ilə məşğul ola bilmir. O, bu və ya gələn ay yerli klublardan biri ilə müqavilə imzalayacaq. 

- Ukraynadan necə ayrıla bildin? Həmin anları necə xatırlayırsan?
- 2021-ci il avqust ayında Ujqorodu təmsil edən "Karpatı" klubuna keçmişdim. Müharibəni isə yaxşı xatırlayıram. 2022-ci il fevralın 24-ü Rusiya Ukrayna ərazisinə daxil olub, müharibəyə başladı. Fevralın 26-da isə bizim kubokda səfər görüşümüz var idi. Həmin oyun təxirə salındı, ölkədə bütün idman yarışları dayandırıldı. Amma məşq edirdik. Bizim şəhər müharibə gedən yerlərdən uzaqda yerləşir deyə, sakitçilik olurdu. Lakin hər gün həyəcan siqnalları verilirdi. Bir də gördün məşq gedir, həyəcan siqnalı verilirdi, məşq yarımçıq dayandırılırdı. Gedirdik idman zalındakı zirzəmiyə, orada həyəcan siqnalının bitməsini gözləyirdik. İndinin özündə də, Ukraynada həndbol üzrə ölkə çempionatı zamanı həyəcan siqnalı verilir, oyun yarımçıq dayandırılır və hamı meydançanı tərk edir. Sözün açığı, Ukraynanı tərk etmək fikrim yox idi. Müharibə fevralda başladı, mən isə oktyabra qədər orada qaldım. Lakin sonradan ailəmlə birlikdə Çexiyaya yollanmalı oldum. Çünki ölkədəki durumun necə olacağı bəlli deyildi. Müharibənin bitməsi üçün gözlədik, ümid etdik. Ancaq olmadı. Ukraynanın Ujqorod şəhəri Slovakiya ilə sərhəddi. Oradan ölkəni tərk edib Çexiyaya üz tutdum.  


- Lap əvvələ qayıdaq. Həndbola gəlişiniz necə baş tutub? Digər idman növləri ilə məşğul olmusuz?
- Həndbola gəlişim uşaq vaxtı, 6-7 yaşında baş tutub. O vaxtı evimizin yanında idman məktəbi fəaliyyət göstərirdi. Yazıldım ora və belədə, həndbolla məşğul olmağa başladım.

- Maraqlıdır, həndboldan savayı başqa, hansı idmanı bacarırsız?
- Bir ara futbol da oynayırdım. Ancaq sonda həndbolu seçdim. Yəni futbol da oynamağı bacarıram.


- Həndbol dünyada ən maraqlı idman növlərindən biri kimi qəbul olunur. Bəs səncə, Azərbaycanda niyə həndbol o qədər də maraqla qarşılanan və populyar idman növlərindən deyil?
- Düz deyirsiz, futbolla müqayisədə həndbol Azərbaycanda bir o qədər də populyar idman növü deyil. Məncə, buna səbəb isə ölkəmizdə həndbol üzrə beynalxalq yarışların az keçirilməsidir. Belə yarışlar keçirilməsə, heç kəs bu idman növü haqda məlumatlı ola bilməz. Hazırda Avropa çempionatının seçmə mərhələsinin oyunları keçirilir, azarkeşlər gəlir, telekanallar çəkir, oyunlar canlı yayımlanır. Oyuna baxan insanlar da görəcək ki, ölkədə bu cür maraqlı idman növü var. Məhz bu yolla həndbol ölkəmizdə populyarlaşa bilər. Hətta ölkə çempionatının bəzi maraqlı oyunları da yayımlansa yaxşı olardı. 


- Azərbaycan çempionatının səviyyəsi və durumu heç də yaxşı deyil. Hazırkı vəziyyəti necə şərh edərdin? 
- Əvvəlki illərə baxanda, hardasa 7-8 il əvvəli nəzərdə tuturam...Həndbolumuz indi inkişaf edir, komandaların sayı artırılıb. Ölkə çempionatında 7 klub mübarizə aparır və maraqlı oyunlar gedir. 


- Yəqin ki, təkcə həndbol məşğul olaraq pul qazanmaq çətindir? 
Hazırda Çexiyada işləyirəm, amma oynaya bilmirəm. Sadəcə məşqlərə gedib-gəlirəm. Çünki transfer vərəqəm Ukraynadadır. "Transfer pəncərəsi" isə yanvarda açılır. Yığma komandanın oyunları qutarsın, ora qayıdan kimi bu işlə rəsmən məşğul olacam.

 

 


- Hansı həndbol klubu ilə danışıq aparırsız?
- Qaldığım şəhərin həndbol komandası var. Biri Superliqada oynayır, ikinci komandası isə ikinci liqadadır. Məşqlərinə getdim, bir müddət oynamadım deyə, təklif olundu ki, mövsümün axırına qədər ikinci komandada çıxış edim. Həm formamı bərpa edim, həm də komandanın birinci liqaya çıxnasına köməklik göstərim. Hazırda 13 komanda arasında 4-cü pillədəyik. 
 


- Çexiyada hansı sahədə çalışırsız hazırda?
- Transformator zavodunda işləyirəm. Amma transfer vərəqəm gəldikdən sonra tamamilə həndbola keçəcəm. Seçmə oyunlar qabağı millinin baş məşqçisi mənə yazdı və yığmada oynamağı təklif etdi. Mən də böyük məmmuniyyətlə razılaşdım. Çünki Azərbaycan bayrağı altında oynamağı hamı istəyir. Bu, hər birimiz üçün şərəfdir. İşdən icazə aldım və Bakıya gəldim. Çexiya yerli klubla məşqlərə gedirdim. Sadəcə oyunları oynamırdım. Belə deyim, oyun praktima yox idi. Məşq ayrıdır, oyun ayrı. Bir oyun 10 məşqə bərabərdir. 

 

- Bundan əvvəl ölkə xaricində oynamışdın?
- 2015-2017-ci illərdə Gürcüstanda legioner həyatı yaşamışam. Oradakı son sezonumda da Gürcüstan çempionluğu yaşadım. 2021-ci ildə isə Ukraynaya köçüb oradakı yerli komandaya keçdim, Superliqada oynamağa başladım. Amma müharibəyə görə ölkədəki idman yarışları da dayandırıldı. Sentyabrda isə yenidən məşqlərə start verildi. Mən isə oktyabrda Çexiyaya köçdüm və gec olduğuna görə, Avropada "transfer pəncərəsi" bağlanmışdı. Yanvarı gözləyirəm, pəncərə açılsın ki, oynaya bilim. 

 

 
- Yeri gəlmişkən, seçmə oyunlarda artıq iki matçınızı keçirmisiz. Maltaya qalib gəldiniz, Böyük Britaniyaya uduzdunuz. Bu iki görüşə görə millinin çıxışını necə dəyərləndirirsən?
- İlk görüş həmişə çətin olur. Maltaya qarşı ilk dəqiqələrdə daha çox rəqibin oyun üslubuna, müdafiəsinə və hücumuna fikir verirdik. Sonradan təşəbbüsü ələ aldıq və ərazi üstünlüyü tamamilə bizim tərəfə keçdi. Görüşü sona qədər eyni tempdə davam etdirib, qələbə qazandıq. Böyük Britaniyaya qarşı ilk dəqiqələrdən oyunumuz alınmadı və rəqib də öz imkanlarından istifadə edib hesab fərqini artırdı. Dəyişiklik etmək istəsək də, bu, işə yaramadı. Tələskənlik, səhvlər, müdafiədə zəif çıxış etməyimiz həlledici oldu. Nəticədə uduzduq. Məşqlərdə hazırlaşırdıq, rəqibin necə oynayacağını bilirdik. Rəqibin heyətindəki 16 nəfərdən cəmi dördü öz ölkəsində çıxış edir. Qalan 12 həndbolçu isə legioner həyatı yaşayır. Bizdə isə iki nəfərdən başqa hamı yerli çempionatda çıxış edir. Bu da öz təsirini göstərir. Bakıda il ərzində 25 oyun oynayırıq. Avropada isə həndbolçular 70-80 matç keçirir. avropalılarla müqayisədə oyun təcrübəmiz də çox azdır. 

 

- Bu gün Kiprlə qarşılaşacaqsınız. Bu oyunda qələbə qazanmağınız, seçmə mərhələdə uğur əldə etməyiniz ölkəmizdə həndbolun inkişafına təsir göstərə bilər?
- Kipr yaxşı komandadır. Bir neçə dəfə onlarla qarşılaşmışıq. Doğrudur, uduzmuşuq. Heyətlərində təcrübəli oyunçuları var. Ağır matç olacaq. Son oyunumuzu qələbə ilə başa vuraraq azarkeşləri sevindirmək istəyirik. Bununla da Azərbaycan həndoblunun inkişafına təkan evrmiş olarıq.

Mirbağırağa Cəfərli         

Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI II         

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb. 


 

 

 

 

 

 

Xəbər xətti