"Azərbaycanda insanların çoxu triatlonun nə olduğunu bilmir, yüksək səviyyəli yarışlar keçirilməlidir, kütləvilik artırılmalıdır" - MÜSAHİBƏ

16:53 - 22 Yanvar 2023

Triatlon qaçış, velosiped və üzgüçülük idmanlarını özündə birləşdirir. Bu idman növü 2000-ci ildən etibarən Olimpiya oyunlarına da daxil edilib. Qədim yunan mənşəli söz olan triatlonda idmançı hər bir branşa aid məsafəni bitirdikdə qaydalara uyğun olaraq geyimini dəyişmək üçün dəyişim nöqtəsinə gedir, bununla da həmin idmana başlayır. Atletin yalnız bir sahədə uğurlu olması kifayət deyil. Üstəlik, atlet taktika və texniki səviyyəsini ən yüksək səviyyədə saxlayaraq, həm enerji, həm də dayanıqlığını saxlamalıdır. Çətin idman növlərindən hesab edilən triatlonla Azərbaycanda da məşğul olan atletlərimiz var. Uzun müddət milli komandamızın üzvü olmuş Denis Karçaşkin ölkənin tanınmış triatlonçularındandır. Sportal.az saytına müsahibəsində Denis triatlonun ölkəmizdəki durumunu dəyərləndirib.



- Öncə özün barədə məlumat verərdin. Nə vaxtdan tritaltondasan?
- Mən üzgüçülük üzrə idman ustasıyam. Uşaqlıqdan bu idman növü ilə məşğul olmuşam. 2013-cü ildə Azərbaycanda Triatlon Federasiyası fəaliyyətə başlayanda məni də cəlb etmişdilər komandaya. Triatlonla məşğuliyyətim belə başladı və 2016-cı ilə qədər davam etdi. Federasiya ilə birlikdə çalışdıq. Avropada turnirlərdə, bir neçə yarışlarda da iştirak etmişik. Düzdü, yüksək nəticə əldə olunmadı. Çünki bu idman növü bizdə yeni idi, biz yeni başlamışdıq.



- Triatlon qaçış, velosiped və üzgüçülüyü özündə birləşdirir. Sənə daha ağır hansı gəlir? Özünü hansında daha güclü hesab edirsən?
- Özümü ən çox üzgüçülükdə və qaçışda güclü hiss edirəm. Ən çox məsafə velosipedlədir. Digərləri ilə müqayisədə velosiped mənə bir az çətin gəlir. Çünki triatlona başlayanda velosiped sürməyə başladım. Əvvəllər velosiped məşqləri etmirdim. Ancaq qaçırdım, üzürdüm.



- Sonuncu dəfə hansı turnirdə iştirak edib, nəticə qazanmısan? Ümumiyyətlə, özün üçün ən uğurlu nəticəni hansını hesab edirsən?
- Çox turnirdə iştirak etmişəm. Azərbaycanda, Türkiyədə, Ukraynada da yarışlara qatılmışam. Lakin dediyim kimi, bu idman növündə yeni idik deyə, çox da yaxşı nəticələr əldə olunmayıb. Doğrudur, özümüzə görə o vaxtı yaxşı nəticələr sayılırdı. Azərbaycanda Triatlon Federasiyası ilk yarışları keçirəndə, öz yaş qrupumda uyğun dəfələrlə birinci yeri tutmuşam. Komanda şəklində də ilk pilləyə çıxırdıq. Mənim çox gözəl komandam var, həmin komandada mən üzürəm, velosiped sürənimiz də var, Azərbaycan çempionudur. Qaçış üzrə Azərbaycan çempionu da bizim komandadadır. Triatlonda olduğum vaxtlarda yüksək nəticələr qazanmamışıq. Amma Allah qoysa, bu da olacaq. Mən özüm "İronMan" yarışında iştirak etmək istəyirəm. Çünki niyyətim Azərbaycanda ən güclü "İronMan"lərdən biri olmaqdır. 



- Triatlon Olimpiya oyunlarına da daxil edilib. Səncə, bu idman növündə medal qazanmağımız realdır?
- Təbii ki, Olimpiya oyunlarında iştirak etmək istəyərdim. Amma bunun üçün böyük yarışlara lisenziya qazanmaq, nəticələr əldə etmək lazımdır. Bu isə bir az çətindir. Bu idman növü ilə peşəkar məşğul olmaq lazımdır. Ancaq indi o qədər imkan yoxdur. Lakin təbii ki, istəyərdim. Medal qazanmaq əlbəttə olar, niyə də yox? Çünki istənilən nəticə insanın özündən, məşqindən, qidalanmasından asılıdır. Ona görə də, yaxşı işləsən, məşq etsən, hazırlaşssan, təbii ki, mümkündür.



- Ümumiyyətlə, triatlonun Azərbaycandakı durumunu necə dəyərləndirirsən?
- Açığı triatlonun hazırkı durumundan xoşum gəlmir. Çünki yüksək səviyyədə yarışlar keçirilmir. Hətta Azərbaycanda insanların çoxu triatlonun nə olduğunu bilmir. Amma boks, cüdo, güləşi kimə desən, hamı məlumatlıdır. Triatlonun nə olduğunu, hansı yarışların keçirilidiyini bilmirlər. Çünki az adamın məlumatı var. Federasiya da o qədər güclü deyil. Kütləvilik artırılmalıdır. İstəyərdim ki, yarışlar daha çox keçirilsin, insanlar üçün də motivasiya olsun. Yüksək səviyyəli yarışlar daha çox keçirilsə, triatlon da inkişaf edər.



- Ümumiyyətlə, federasiyanın hansı işlər gördüyünü düşünürsən? Toplanışlar, məşqlər etməyiniz üçün şəraitə sahibsiniz?
- Federasiyanın gördüyü işlər barədə bir söz deyə bilmərəm. Açığı, bir az federasiyadan uzağam indi. Bilmirəm ki, hansı işlər görülür, hansı yarışların keçirilməsi hazırlanır. Toplanışdan, seminarlardan da xəbərim yoxdur deyə, bir söz deyə bilmərəm. Ancaq düşünürəm ki, federasiya istəsə toplanış da təşkil edə bilər. Bu idman növünün inkişafı da mümkündür. Təbii ki, həm federasiya, həm də Gənclər və İdman Nazirliyi bunun üçün işlər görə bilər.



- Başqa hansısa idman növü ilə məşğul olmusan? Ya bacardığın və ya sənə maraqlı gələn başqa idman növü var?
- Bəli, çox idman növlərilə məşğul olmuşam. İki yaşımdan idmandayam. İlk idman növüm üzgüçülük idi. Paralel olaraq, qaydasız döyüşlə, avarçəkmə, su polosu ilə məşğul olmuşam. Yığmamızın heyətində Gürcüstanda turnirdə iştirak etmişik, qələbələr də qazanmışıq. Bununla yanaşı, həndbol, basketbol, voleybola da marağım var. Belə deyim, hər idman növünü sınaqdan keçirmişəm. İndiyə qədər də, həmçinin. Hazırda üzgüçülk, fitness, krossfit, akvaaerobika, dərsləri keçirəm.


 
- Əsas işin bundan ibarətdir?
- Mən sadəcə bir yerdə işləyirəm, "Krokus" fitnesdəyəm. Hamını məşqlərimə dəvət edirəm. Üzgüçülük, fitnes məşqçisi kimi işləyirəm. Üç aylıq uşaqlarla da məşğul oluram. Krossfit, funksional dərsləri keçirəm. Akvaerobika, bodykombat dərsləri keçirəm.

 
- Triatlonla məşğul olmaq üçün yəqin ki, fiziki cəhətdən çox güclü olmaq lazımdır? Digər idman növlərindən daha çox güc tələb edir triatlon? 
Triatlonla məşğul olmaq üçün fiziki güc lazımdır və həmişə hazır olmalısan. Digər idman növləri ilə müqayisədə çox çətindir. Çünki üç kateqoriyada idman olur. Velosipedin, üzgüçülüyün öz çətinliyi var. Hamısına yüksək səviyyədə hazır olmalısan ki, həmin məsafəni dayanmadan keçə biləsən.

 
- Qarşıdan Paris Olimpiadası gəlir. Orada iştirak etməyin mümkündür? Ümumiyyətlə, azərbaycanlı idmançı üçün mümkündür?
- Yəqin ki, yox, iştirak etməyəcəm. Çünki çoxdandır ki, ciddi məşğul olmuram. Sadəcə özüm üçün və Azərbaycanda keçirilən çempionatlarda iştirak edirəm. Hələ ki, fikrim yoxdur, triatlon üzrə Olimpiya oyunlarına çıxım. Həm də, bunun üçün Avropa və dünya çempionatlarına vəsiqə qazanıb, lisenziya əldə etmək lazımdır. Çox çətin məsələdir. Bilirsiz, işlə peşəkar idmanın məşq birlikdə alınmır.
 
Mirbağırağa Cəfərli           

Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI III           

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb. 



 

Xəbər xətti