Azərbaycan futbolunda yeni adlardan biri "Difai" futbol komandasıdır. Əslində, adıçəkilən klub 2018-ci ildə yaradılıb.
Klub qılıncoynatma, voleybol, basketbol növlərini özündə cəmləşdirir. Bu klubun təsisçilərindən olan, hazırda Regional Liqasında mübarizə aparan "Difai" komandasının prezidenti Asəf Məlikov Sportal.az saytına müsahibə verib. O, komandanın futbola gəlişindən, hədəflərindən söz açıb.
- Öncə, özünüz haqda məlumat verərdiniz. Futbol sahəsində təcrübəniz var, yoxsa ilk dəfədir?
- Birinci Qarabağ müharibəsinin veteranıyam. Qılıncoynatma idman növü üzrə Azərbaycanda ilk özəl klub - "FENCİNG" İdman klubunun təsisçisi və baş məşqçisi, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının 1-ci vitse-prezidenti, Federasiyanın və Azərbaycan Milli Paralimpiya Komitesinin əlil arabasında qılıncoynatma idman növü üzrə baş məşqçisiyəm. 2002-2003-cü illərdə Novosibirsk şəhərində Azərbaycanlılardan ibarət ANS komandası yaratmışdım.
- Futbol sahəsinə baş vurmaq, bu klubu yaratmaq fikri, ideyası necə gəldi?
- 2022-ci ilin may ayında Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və “Alanyaspor” futbol klubu ilə birgə 50-yə yaxın Vətən müharibəsi qazilərinin Alanyaya səfərini təşkil etmişdik. Həm oyuna olan qazilərimizin marağı, həm öncədən və oyun zamanı bizə müraciətlərini nəzərə alaraq, onları cəmiyyətdən ayırmadan cəmiyyətə inteqrasiyasını həyata keçirtmək üçün bu klubu yaratmaq fikri, ideyası alındı.
- “Alanyaspor”dan sizə hər hansı maliyyə dəstəyi ola bilər?
- Xeyr. Bizə heç bir təklif olunmayıb.
- Ev oyunlarınızı, məşqlərinizi harada keçirirsiniz?
- "Ask Arena"da.
- Klubun hədəfləri arasında Premyer Liqada oynamaq var və bu realdır?
- Klubun hədəflərindən biri Premyer Liqada oynamaqdır. Vətən müharibəsində qələbəni qazandığımız kimi, Premyer Liqada oynamağı da real edən gənclərimizdir.
- Hazırda maliyyə işini necə qurmusuz? Futbolçuların maaşları və digər məsələləri necə yoluna qoyursuz?
- Oyunçularımız maddi mükafatlandırma sistemi ilə oynayırlar. Hər hansı problemin yaranmasına imkan vermirik. Marketinq departamenti fəaliyyətə başlayır. Direktoru vəzifəsi də, eyni zamanda futbolçumuz olan qazimiz Anar Orucova həvalə olunub.
- Hansısa sponsorlarla, iş adamları ilə danışıq aparırsız ki, gələcəkdə maliyyə dayaqlarınız yüksək olsun?
- Təbii ki, bu istiqamətdə işlər gedir. Anar Orucov komandasını gücləndirəcək.
- Komandanın tərkibini hansı futbolçulardan qurmusuz və kollektivi necə ərsəyə gətirdiz?
- Komandanın tərkibində iki qazi, 10-a yaxın müharibə iştirakçımız olmaqla, artıq 40-dan artıq gənc var. Müraciətlər də davam edir. Əsas yük baş məşqçiyə düşür. Çünki beşinci günün məşqində bir-birindən istedadlı uşaqlar arasından "18lik" seçilir.
- "Difai" adı haradan ağla gəldi və gələcəkdə də yalnız bu adda qalmaq istəyirsiz?
- "Difai" adlı klubumuz 2018-ci ilin 5 mart tarixindən fəaliyyətə başlayıb. Futbol Klubu olaraq 2022-ci ilin oktyabr ayından fəaliyyət göstəririk. Məqsədimiz Azərbaycanın tarixinə adını qızıl hərflərlə yazmış təşkilatı gənclərimizi tanıtmaqdır. Çünki çox gəncimizin bu təşkilat haqda məlumatı yoxdur. Bu, hər bir Azərbaycan vətəndaşının borcudur.
Mirbağırağa Cəfərli
Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI IV
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.