"Şəfa"nın futbol akademiyasının və peşəkar komandasının qurulması mənə tapşırılıb" - MÜSAHİBƏ

14:59 - 12 Fevral 2023

2005-ci ildə fəaliyyətini dayandıran "Şəfa" klubu fəaliyyətini bərpa edib. Klubun koordinatoru Tural Rzayev Sportal.az saytına müsahibəsində "Şəfa" futbol klubunun gələcək planları və hədəfləri barədə danışıb. Vaxtı ilə "Qarabağ"da gələcəyinə böyük ümidlər bəslənilmiş Rzayev karyerasını vaxtından əvvəl başa vuraraq məşqçiliyə başlamışdı. O, "Şəfa"nın yenidən bərpa olunmasında da iştirak edir. Rzayev klubda koordinator vəzifəsini yerinə yetirəcək.


- Öncə özün haqda məlumat verərdin. Nə vaxtdan məşqçi kimi çalışırsan?
- UEFA lisenziyalı məşqçiyəm. "Sumqayıt"ın U-19 komandasında çalışıram. "Şəfa"da isə koordinator vəzifəsini icra edirəm. Bir də, 6-14 yaşa qədər fəaliyyət göstərən uşaq futbol akademiyasının təsisçisiyəm. Məşqçi kimi isə dördüncü ilimdəyəm. 


- Vaxtı ilə “Qarabağ”da futbol oynamısan. Həmin anları necə xatırlayırsan? Nəyə görə futbolçu karyerana davam etmədin?
- Maraqlı və həyəcanlı idi. Çünki həmin vaxtlar özüm də, "Qarabağ"ın aşağı yaş qruplarında idim. U-15, U-17 komandalarında oynamışdım. 18 yaşımda isə əsas komandanın üzvü idim. "Qarabağ"ın əsas komandasında həmin məşqçilərlə, futbolçularla birlikdə çalışmaq xüsusi zövq verirdi. Futbolçu karyeramı zədələrə görə bitirdim. Həmişə zədə ilə bağlı problemlərim olub. İlk əməliyyatımın uğursuz keçməsi, futbolçu karyeramı bitirməyimə gətirib çıxardı. Ondan sonra bir neçə əməliyyat keçirsəm də, geridönüş edə bilmədim. Çox təəsssüf ki, zədəyə görə futbolçu karyeram uzun çəkmədi. Zədə dizimdəydi. Ön çarpaz bağlarım qopmuşdu.


- Yəqin ki, “Qarabağ”da əsas oyunçulardan birinə çevrilmək kimi xəyalın var idi? Zədələr olmasaydı, indi də “Qarabağ”da oynayacaq gücdə olardın?
Hədəfim hər zaman yaxşı futbolçu olmaq idi. Mən də istəyərdim ki, "Qarabağ"ın əsas futbolçularından birinə çevrilim. Onsuzda, hər zaman bu ağlımda idi. Gənc yaşlarımda hiss edirdim ki, bu, baş verəcək. Hardasa, bu arzumu da həyata keçirdim. "Qarabağ"ın əsas komandasına düşmüşdüm. 3-4 il bundan qabaq bu suala daha ürəkdolusu cavab verərdim. İndi çox şey dəyişib, həmin dövr geridə qalıb.  Yeni səhifə açmışam özümə. Futbol oynasaydım, haralarda olardım? Qismətdir, olmadı. Bunlar haqda düşünmürəm. "Qarabağ" Azərbaycan futboluna tarixi uğurlar qazandırdı. Hər bir azərbaycanlı kimi mən də o tarixi qələbələrdə "Qarabağ"ın heyətində yer almaq istəyərdim. 



- Məşqçiliyə Türkiyədə başlasan da, niyə orada qalmaq istəmədin? Səncə, orada yoxsa Azərbaycanda məşqçi kimi inkişaf etmək daha məqsədəuyğundur?
Beş il Türkiyədə yaşamışam. Məşqçiliyə ilk addımı da orada atmışdım. Türkiyədə qalmadım, öz ölkəmə qayıtmaq istəyim var idi. Daha çox Azərbaycana xeyir vermək niyyətindəydim. Yeni nəsil məşqçilər heç də Türkiyədəki məşqçilərdən geri qalmır. Örnək götürüləsi məşqçilərimiz var. Böyük səviyyə fərqi görmürəm ki, Türkiyədə qalım, işə orada davam edim. Azərbaycana gənc yaşda qayıdıb, burada bəzi mərhələləri keçib, xeyir vermək fikrim var. Ona görə bura qayıtdım, burada fəaliyyətdəyəm. Heç də peşman deyiləm. Hər şey istədiyimdən də yaxşı davam edir.



- Nə vaxtdan “Sumqayıt”da işləyirsən?
- 2022-ci ilin yayından "Sumqayıt"da fəaliyyətdəyəm. Vaqif Cavadovun dəvəti ilə U-19 komandasına gəlmişəm. Onunla bir-birimizə qatdığımız çox şey var. İnkişaf etdiyimiz bəzi məqamlar var, bunu hiss edirəm. Məşqçilər korpusumuza Rail Məlikov da qatılıb. Gözəl işbirliyindəyik. Bəzi planları özüm edirəm. Bu, məşqçiliyə yeni başlayan biri üçün uğur sayıla bilər. Məşqçi kimi isə hədəfim özümü inkişaf etdirmək, öyrənməkdir. Hər zaman inkişafda olmaq istəyirəm. Ən böyük arzum milli komandaya faydalı olmaqdır. Xəyallarım var.


- Son günlər gündəmdə olan məsələ "Şəfa"nın geri qayıtmasıdır. Sənin bu klubun yaradılmasında, yenidən bərpa olunmasında mövqeyin, rolun nədir, nə qədərdir?
"Şəfa"nı Azərbaycana futboluna qaytarmaqda yaxından iştirak edirəm. Yeni sponsorların qazanılması üçün görüşlərə gedirəm. "Şəfa"nın futbol akademiyasının və peşəkar komandasının qurulması mənə tapşırılıb. Bu missiyanın öhdəsindən gələcəyimə inanıram. Şəffaf iş görəndən, futbol keçmişi təmiz insanları komandamıza cəlb etdikdən sonra bunu həyata keçirəcəyimə inanıram. 



- Bu dəfəki “Şəfa”nı necə görəcəyik? Daha çox uşaq futbolunda yoxsa, böyük futbolda da görmək mümkündür?
İlk növbədə akademiya qurulur. Bunun üçün addımlar artıq atılıb. Burada ilk hədəfim dərhal böyük komandanın yaradılmasıdır. Region Liqası və ya birinci divizionda iştirak edərək böyük futbola geri qayıtmaq niyyətindəyik. Ardıcıl olaraq Premyer Liqa dönmək istəyimiz də var. Planlarımız bəllidir. Sırf uşaq futbolunda qalmağı düşünmürük. Böyük komandanın yaradılması üçün planlarımız hazırdır. Bu ildən müəyyən addımlar atacağımızı planlaşdırırıq.


- "Şəfa" rəhbərliyinin böyük layihələri var? Məsələn, hansısa bölgədə stadion, akademiya inşa etdirmək, yoxsa belə böyük planlar yoxdur?
"Şəfa" rəhbərliyi futbola çox bağlı insanlardır. Bütün futbol yeniliklərini izləyirlər, böyük layihələr etmək həvəsindədirlər. İnşaat sektorunda çalışırlar. İnfrastruktur quruluşunda yer alacaqlar, axtarışdadırlar. "Şəfa" rəhbərliyinin böyük layihələri var. Bu işə kiçik planlarla yanaşmırlar, onların da böyük hədəfləri görünür. Belə davamiyyətli olarsa, gözəl işbirliyimiz alınar. Ümidvaram ki, "Şəfa"nın həm akademiya, həm də peşəkar komanda quruluşu uğurlu olar.

- Maliyyəniz haradan gəlir? Maliyyə dayaqlarınızı güclü hesab edirsən?
Maliyyəmiz AGAH inşaat qrupundan gələcək. İlkin mərhələ kimi oradan dəstək götürülüb. Onların da əlaqəda olduğu digər şirkətlər var ki, danışıqlar gedir. Yeni sponsor anlaşmaları yaxın gələcəkdə olacaq və məlumat veriləcək. Bir neçə sponsorlarla müqavilələrimiz gözlənilir. Yoxsa, planlarımız xəyal olaraq qalar.

- Sənin özünü “Şəfa”da baş məşqçi kimi görəcəyik? Klubda hansı vəzifəni tutacaqsan? 
- "Şəfa"da koordinator olacam. Planlarımızı həyata keçirdikcə, A komandanın baş məşqçisi vəzifəsini icra edə bilərəm. Rəhbərliyin belə təklifi var. Amma hər şey belə asan deyil. Bu vəzifəyə layiq olmaq lazımdır. Düzgün məşqçi heyəti seçmək lazımdır. Hər şey planla olur. Bizi çətin və uzun yol gözləyir. Bu yöndə düşüncəmiz var. Baş məşqçi kimi niyə də olmayım? A komandasında baş məşqçi olmaq kimi fikrim var. Zaman hər şeyi göstərəcək.

Mirbağırağa Cəfərli           

Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI VI           

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb. 

 

 

 

Xəbər xətti