Tanınmış fotoqraf: "Bu sahəyə ciddi önəm verilmir, ikinci, hətta üçüncü dərəcəli iş hesab edirlər"- MÜSAHİBƏ

10:47 - 19 Fevral 2023

Müasir idman mətbuatını fotoreportyorlarsız təsəvvür etmək olmaz. Biz jurnalistlər idman hadisələrini qələmə aldığımız kimi, onlar da tarixi uğurları, maraqlı oyun epizodlarını öz fotoaparatları vasitəsilə tarixin yaddaşına köçürürlər.

Azərbaycan idmanında qeydə alınan unudulmaz hadisələr, idmançılarımızın Olimpiya oyunlarındakı nailiyyətləri, "Qarabağ"ın avrokuboklardakı tarixi qələbələri və s. bütün bunlar xoş xatirələrdir. Bu xatirələri öz fotoları ilə yaşatmağı bacaran çox az sayda idman fotoreportyorları var. Bugünkü həmsöhbətimiz bir çox idman tədbirlərini lentə alan peşəkar fotoqraf Firudin Səlimovdur.



- Neçə ildir ki, fotoqraf kimi fəaliyyət göstərirsən? Necə alındı ki, məhz bu işlə məşğul olmağa başladın?
- Əslində heç vaxt bu sahəyə marağım olmayıb. Heç düşünməzdim ki, nə vaxtsa marağım yaranar və mən fotoqraf olaram. Sırf təsadüf nəticəsində alınıb. 2013-cü ildə bu sahəyə marağım yaranıb. Sonra da bu maraq məni həmin ilin sonu Bakı Jurnalistika məktəbinə gətirib çıxartdı. Orada həm jurnalistikanı, həm də sırf Əhməd Muxtardan fotoreportyorluğun sirlərini öyrənməyə başladım. 



- Bəs futbolla tanışlığınızın tarixçəsi necədir? Nə vaxtdan oyunlarda iştirak edirsiz? 
- İlk dəfə 2014-cü ildə Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin "Qarabağ" - "Valletta" oyununda işləmişdim. Məhz həmin görüşü çəkmişdim. Ondan sonra da, davamı gəldi, digər oyunları lentə aldım.
 

- Yəqin ki, indiyə qədər sənin üçün unudulmaz oyunlar da olub. İstədiyin kadrları alındırdığın, özün üçün unudulmaz oyun hansıdır? 
- Elə oyunlar çoxdur. Məsələn, ən bəyəndiyim 2021-ci ildə DÇ-2022 seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan və Portuqaliya yığmalarının oyunu olub. Ondan başqa “Qarabağ” - “Lex” və Bakıda keçirilmiş “Çelsi” - “Arsenal” finalını da vurğuluya bilərəm.
 



- Özünüz üçün ən ideal kadr hansıdır? 
- Ümumiyətlə ideal kadr olmur (gülür). Hardasa daha çox paylaşılan fotolarım olub. 



- Fotoqraf kimi daha çox tanınan birisən. Səni digərlərindən fərqləndirən nədir fotoqraf kimi və fotoların maraqlı, cəlbedici alınması üçün daha çox nəyə üstünlük verirsən? 
- Düzünü deyim, xüsusi nəsə etmirəm. Sırf idman fotoqrafiyasında tələb olunan bəzi incəlikləri öyrənib daha çox fotolara baxıram və onları tətbiq etməyə çalışıram. Amma hələ də tam o istədiyim səviyyəyə gəlib çatmamışam. Onun üçün daha çox araşdırıb işləmək lazımdır. 
 



- Bildiyim qədərilə özün də futbol azarkeşisən və "Bavariya"ya fanatlıq edirsən. Bu komandaya nə vaxtdan və hansı hadisədən sonra azarkeşlik etməyə başlamısan? 
- Bəli, 10 yaşımdan "Bavariya"ya azarkeşlik edirəm. Təsadüfən 2001-ci ilin Çempionlar Liqasının yarımfinal mərhələsində keçirilən “Real” - “Bavariya” oyununa baxmışdım. Elə ondan sonra bu kluba simpatiyam yarandı. Finalda “Valensiya”ya qarşı qazanılan qələbə məni tam "Bavariya" azarkeşi etdi.


- "Bavariya"dan söz düşmüşkən, heç sevdiyiniz komandanın oyununda fotoqraf kimi işləmək qismət olub?
- Bəli. 2018-ci ildə Çempionlar Liqasının 1/8 final mərhələsinin İstanbulda keçirilmiş "Beşiktaş" - "Bavariya" oyununda fotoqraf kimi iştirak etmişəm.  



- Fotoqraf kimi hansısa idealarınız, planlarınız var? Sırf Azərbaycan idman fotoqrafçılığı yönündə... 
- Azərbaycan idman fotoqrafçılığı ilə bağlı heç bir planım yoxdur. Çünki bu sahəyə ciddi önəm verilmir və maliyyə baxımından çox axsayır. Futbol klublarından tutmuş mediaya kimi bu sahəni ikinci, hətta üçüncü dərəcəli iş hesab edirlər. Niyə belə olduğunu soruşsanız, cavabım o olar ki, əvvəlkilər bu sahədə ciddi işlər görməyiblər. Yəni standart işlərlə illərdi eyni yolu gediblər. Ona görə də düşünürəm ki, bu sahə hazırda sələflərinin səriştəliyinin əziyyətini çəkir. 



- Hər oyundan sonra daha çox hansı futbolçu səndən fotolar istəyir? 
- Futbolçular arasında çox olmayıb. Olanlar da mənimlə o adamın arasında olan məsələdir. Burada ad çəkməyim etik çıxmaz.


- Xarici klublar üçün necə, olub ki, fotolar çəkəsiz, əməkdaşlıq edəsiz?
- Bir neçə dəfə Bakıya səfər oyununa gələn klublarla əməkdaşlıq etmişəm. 

Mirbağırağa Cəfərli           

Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI VII           

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb. 


 

Xəbər xətti