"Uyğun bir zamanda Ronaldinyonun ölkəmizə səfərini təşkil etmək istəyirik" - MÜSAHİBƏ

15:57 - 26 Fevral 2023

Bir neçə il öncə azərbaycanlı startapçılar tərəfindən "Eleven Kings" adlı ilk futbol meneceri oyunu yaradıldı. Startapın CEO-su bir sıra startapların müəllifi olan Orxan Rzayevdir. Azərbaycanda virtual oyun məkanında ilkə imza atan Rzayev daha sonra oyunun siması kimi dünyaca məşhur futbolçu Ronaldinyo ilə müqavilə imzalaması ilə böyük diqqət çəkmişdi. Ronaldinyonu öz startapının siması edən Orxan Rzayev Sportal.az-a gördüyü işlər və gələcək planları barədə danışıb.


- Öncə özünüz barədə məlumat verərdiniz...
- Mən, Orxan Rzayev, 35 yaşım var. Bakıda anadan olmuşam. Orta təhsilimi də Bakıda 282 saylı orta məktəbdə, daha sonra isə Zəngi liseyində almışam. Ali təhsilimi Azərbaycan Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə davam etdirmişəm. 

 


- Uzun müddətdir ki, marketinq və startap sferasındasınız. İndiyədək hansı işləriniz olub?
- 2010-cu ildən marketinq və startap sferasındayam. Müxtəlif startaplarla məşğul olmuşam,  "AzNet Shop" onlayn alış-veriş platforması, "endirimvar.az" saytı, "sevindir.az" platforması, "Manads", "MobChannel", "Roadinfo", "süfrəm.az" kimi müxtəlif startapların adını çəkə bilərəm. Bu startapların əksəriyyətinin ciddi nəticələri olmadı. Amma onların uğursuzluğu bizə nəyi edib etməyəcəyimizi öyrətdi. Bir sözlə, bu startapların hər biri mənim üçün bir təcrübə idi.

- "Eleven Kings" sizin yaratdığınız şirkətdir. Bu şirkət  hansı istiqamətdə işləyir? Və necə oldu ki, bu işə başladınız?
"Eleven Kings" mobil oyun platformasıdır. 2017-ci ilin yayında ideya yarandı, həmin vaxt ikinci ABŞ səfərimdən geri qayıtmışdım. Avropada və ABŞ-da startap mühitində gördüklərim belə bir işə başlamağıma motivasiya oldu. "Eleven Kings" futbol strategiya oyunudur. Qeydiyyatdan keçərək öz futbol klubunuzu yarada bilirsiniz. Yeni oyunçular transfer etmək, stadionu və digər infrastrukturu inkişaf etdirmək, müxtəlif turnirlərə qoşulub mübarizə aparmaq və s. funksionallıqlar mümkündür.



- Ronaldiyno ilə əməkdaşlığa başlamağınız gündəm olmuşdu. Hazırda əməkdaşlığınız hansı mərhələdədir? Ronaldinyonu Bakıya dəvət etməyi düşünürsünüz?
- Bəli, Ronaldinyonun azərbaycan startapına dəstək verməsi, oyunun siması olması və səhmdarlar arasında yer alması bizim üçün əhəmiyyətli bir nəticə oldu. Əməkdaşlığa başladıqdan sonra "Eleven Kings" qlobal arenada daha çox tanınmağa və ciddi startap kimi qəbul olunmağa başladı. Hazırda da münasibətlərimiz əladır. Ronaldinyonun ABŞ-dakı ofisi Mayamidə yerləşir. Son iki ildə özü və komandası ilə Mayamidə 6 dəfə görüşmüşük. Birlikdə nahar edirik, bəzən piknikə də dəvət edir(gülür).

Ronaldinyonu Bakıya dəvət etmək fikrimiz uzun müddətdir ki, var. 3-5 günlük səfəri çərçivəsində bir neçə tədbir, görüş keçirmək nəzərdə tutulub. Sadəcə bunun üçün bir neçə məsələ həll olunmalıdır. Buraya həm sponsorluq məsələləri, həm səfərin vaxtı və formatı, həm də regionda baş verən siyasi-iqtisadi mövzular daxildir. Uyğun bir zamanda Ronaldinyonun ölkəmizə səfərini təşkil etməyi istəyirik.

 



- "Eleven Kings" şirkətindən əlavə sizin "Mediamark Digital" şirkətiniz də var. Bu şirkət nə işlə məşğul olur?
- "Mediamark Digital" artıq 7-ci ildir ki, rəqəmsal marketinq və PR xidimətləri təklif edir. Ölkənin bir neçə böyük holdinqləri, bankları və avtomobil/qida sənayesi şirkətləri ilə əməkdaşlıqlar etmişik.

2022-ci ildə "Mediamark Digital" ABŞ-da da fəaliyyətə başladı və qlobal marketinq/PR xidmətləri təklif edir. Həm oflayn (Nyu York, London, Barselona kimi böyük şəhərlərdə küçə reklamlarının, bilbordlarda reklamların yayımlanması), həm də onlayn (sosial media platformalarında, Bloomberg, Forbes, Business Insider kimi məşhur media platformalarında müsahibələrin, xəbərlərin yayımlanması, mütəxəssis rəyləri, influenserlərlə əməkdaşlıq və s.) xidmətlər təklif edirik.

 



- Bu yaxınlarda Belçikada idiniz. Ora gedişinizin səbəbi nə ilə bağlı idi? "Qarabağ"ın "Gent"lə oyununu izləyə bildiniz?
- Bəli, ötən həftə Avropa səfərim oldu. Səfərin məqsədi bir tədbirdə iştirak və bir neçə biznes görüşü keçirmək idi. Macarıstanda və Belçikada oldum. "Gent" - "Qarabağ" oyununu izləyə bilmədim, çünki həmin gün artıq Belçikada deyildim. Amma fevralın 19-u həmin stadionda Belçika çempionatının "Gent" - "Leuven" oyununu izləyə bilmişdim. "Gent" zəif təsir bağışlamışdı. "Qarabağı"ın mərhələ keçəcəyinə böyük ümidim var idi, təəssüf ki, Ağdam klubu qrup mərhələsindəki oyunlarını göstərə bilmədi.

 



- Deyəsən, özünüz əslən Tovuz rayonundansınız və bu mövsümün əvvəli Tovuzda klub rəhbərliyi və baş məşqçi ilə görüşləriniz olmuşdu. Kluba sponsorluq məsələsi müzakirə olunmuşdu?
- Bəli elədir. "Turan Tovuz" Azərbaycan futboluna rəng qatan, istedadlı futbolçular bəxş edən, möhtəşəm azarkeş ordusu olan bir klubdur və bu kluba dəstək olmaq hər zaman xoşdur. Mövsümün əvvəli klub rəsmiləri ilə görüşümüz olmuşdu. İstək olaraq "Turan Tovuz"a sponsor olmaq xoş olardı. Amma bizim şirkət olaraq belə bir yükün altına girməyimiz hazırda real deyil. Biz daha çox marketinq və PR istqamətində əməkdaşlıq edə bilirik. Doğrudur, 2020-ci ildə "Eleven Kings" olaraq "Turan Tovuz"un forma sponsoru olmuşduq, amma bu real klubla deyil, "PlayStation"da təşkil olunan "Ölkə Çempionatı"ndakı "Turan Tovuz" klubu ilə olmuşdu(gülür). Əlbəttə ki, gələcəkdə klubun sponsoru olmaq xoş olardı.

 



Yeri gəlmişkən, "Huner Group"un "Turan Tovuz"a sponsor olması çox əhəmiyyətli və sevindirici hadisə oldu. Bu, regionda futbolun inkişafına, rəqabət yaranmasına böyük təkan verəcək.

- Azərbaycan futbolunun gələcək perspektivlərini necə görürsünüz?
- Mən pozitiv düşünən insanam, futbolumuzla bağlı da pozitiv düşünürəm. "Sabah"ın peşəkar fəaliyyəti bu klubun önümüzdəki illərdə həm ölkədə futbola töhvə verəcəyinə, həm də Avropa arenasında ölkəmizi layiqli təmsil edəcəyinə inanıram. Futbolumuza kifayət qədər dəyər qatmış "Qəbələ"nin yenidən avrokuboklarda iki il ardıcıl 4 mərhələ keçərək rekorda imza atıb, Azərbaycan adından Avropada bəhs etdirən günlərinə dönməsini çox arzulayıram. "Huner Group"un "Turan Tovuz"la ciddi və peşəkar dəstək verəcəyinə, Tovuz klubunun iddialı mövsümlər keçirəcəyinə ümidliyəm. Bildiyim qədərilə "Kəpəz"ə də artıq sponsor tapılıb. Bu, da növbəti möhtəşəm xəbər olacaq. Bunlar hamısı ölkə çempionatını, ölkə futbolunu daha da zənginləşdirəcək, maraqlı və rəqabətli edəcək. Buna inamım böyükdür. Biz də həm "Eleven Kings" olaraq, həm də "Mediamark Digital" olaraq bu prosesin sürətlənməsi, ölkə futbolunun inkişafı üçün müxtəlif istiqamətlərdə çalışmağa, əməkdaşlıq etməyə çalışırıq.

Mirbağırağa Cəfərli           

Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI VIII           

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb. 


Xəbər xətti