Həvəskar futbolun təbliği, inkişafı və kütləviliyinin artmasına dəstək məqsədilə keçirilən "Fire Liqa" – “Şirkətlər Liqası”nın ikinci mövsümü bu gün start götürüb. "Fire Liqa" – "Şirkətlər Liqası"nda Azərbaycanın ən tanınmış şirkətləri iştirak edir.
Ümumiyyətlə, minifutbol üzrə Azərbaycan millisinin ötən il Slovakiyada Avropa çempionluğunu qazandıqdan sonra bu idman növünə ölkəmizdə maraq daha da artıb. Əbəs yerə deyil ki, hazırda Azərbaycan MiniFutbol Federasiyasının keçirdiyi müxtəlif liqalarda çoxlu sayda komandalar mübarizə aparır. Federasiya ölkə çempionatı ilə yanaşı, həm böyüklər, həm də uşaqlar arasında daha bir neçə liqanın təşkilatçısıdır. "Fire Liqa”nın təşkilatçılığı ilə keçirilən "Şirkətlər Liqası"nın qalibi ölkəmizi beynəlxalq turnirdə təşkil edir. Turnirin təşkilatçısı "Fire Liqa"nın və minifutbol federasiyasının rəsmisi Vüsal Cəmilli Sportal.az saytına müsahibə verib.
- Öncə özünüz barədə məlumat verərdiniz...
- Artıq "Fire Liqa"da 2017-ci ildən fəaliyyət göstərirəm. Bundan öncə "Fire Liqa" altında 10-dan çox turnir həyata keçirmişik. Son olaraq 2022-ci ildə 24 komandanın iştirakı ilə “Şirkətlər Liqası”nı təşkil etdik. Bununla yanaşı, ölkə daxilində olan bankların turnirini keçirmişik.
- "Şirkətlər Liqası"nı nə vaxtdan keçirirsiz?
- İstər bu liqa, istərsə də, “Banklar Liqası” minifutbol federasiyasının dəstəyi ilə həyata keçirilir. “Şirkətlər liqası”nın ötən mövsümkü çempionu “Azərsun” oldu. Ölkəmizi Antalyada keçirilən “EuroBiznes Cup” turnirində təmsil etdilər. Bu ilin qalibi də, ölkəmizi beynəlxalq turnirdə təmsil edəcək. Ümumi olaraq, hər qrupda 6 komanda olmaqla, 25 şirkət 4 qrupda mübarizə aparır. Yalnız A qrupunda 7 komanda var. Hər qrupdan dörd komanda növbəti mərhələyə vəsiqə qazanacaq. 1/8 finaldan etibarən oyunlar tək oyunlu sistemlə keçiriləcək.
- Çempion olan komanda ölkə xaricindəki turnirlərə öz hesabına yollanır?
- Bəli.
- "Şirkətlər Liqası"nın qalibini nə qədər mükafat gözləyir?
- Ümumi mükafat fondu 10 min manatdır. Qalibə 5 min, ikinci yer 3 min, üçüncü yerə 2 min manat mükafat verəcəyik.
- "Fire Liqa" ötən mövsüm ilk dəfə “Şirkətlər Liqası”nı keçirdi. Ondan sonra bu turnirə maraq daha da yüksəlib? Bu ilki liqadan gözləntiləriniz nədir?
- Bəli, ötən il “Fire Liqa” olaraq ilk dəfə “Şirkətlər Liqa”sını keçirdik. Düşünürəm ki, hər şey yüksək səviyyədə keçdi. Əbəs yerə deyil ki, bu il bütün şirkətlərin bu turnirə olan marağı yüksəldi. Yeri gəlmişkən, qeyd edim ki, budəfəki “Şirtkərlər Liqası” turniri ulu öndər, Heydər Əliyevin 100 illik xatirəsinə həsr olunub.
- Ötənilki komandaların hamısı bu il də turnirdə çıxış edir, yoxsa fərqli kollektivlər də qoşulub çempionata?
- Keçən il turnirdə çıxış edən 24 komandadan 10-12-i bu il də turnirdə yer alıblar. Demək olar ki, komandaların 50 faizindən çoxu yenidir. Ona görə deyirəm ki, ötən ilki çempionatdan sonra liqaya olan maraq yüksəkdir.
- Maraqlıdır, turnirdə bölgə komandaları iştirak edir?
- Sumqayıt, Şirvan komandaları var. Elə komandalar var ki, hansısa marketləri təmsil edirlər. Sırf bölgə komandası çox deyil. Ancaq məsələn, hansısa market rayon filiallarında işləyən oyunçuları seçib, gətiriblər turnirə.
- Bu ilki turnir jurnalistlər üçün də əlamətdar olacaq. Çünki idman jurnalistləri yığması da yarışa qatılıb. Bu barədə fikriniz necədir?
- Mən özüm federasiyada turnirlərin təşkili şöbəsində işləyirəm. Bizim federasiyanın baş katibi Sərxan İbrahimoğlu ilə söhbət edirdik. Ona bu barədə təklif etdi. Dedim ki, çox istəyərdim idman jurnalistləri bizim turnirdə ödənişsiz iştirak etsinlər. Həm də, turnirin işıqlanmasında da bir növ dəstək olmuş olarlar. Sağolsun, o da bunu müsbət qarşıladı. Federasiya da buna dəstək verdi. Əslində, belə də, oldu. Məsələn, püşkatma tədbiri “İdman TV” və “CBC Sport” telekanallarında işıqlandırıldı.
- Azərbaycan millisi Avropa çempionu olduqdan sonra hətta ölkə başçısı, cənab prezident İlham Əliyev də komandanı qəbul etdi və bu idman növününün inkişafı üçün dəstək göstərdi. Bu mənada, yəqin ki, bu hadisələr minifutbolun ölkəmizdəki təbliğinə müsbət təsir göstərdi...
- Bəli, millimiz turnirdə çox yaxşı nəticə göstərdi. Minifutbol federasiyası da, bu idman növünün təbliğatı üçün əlindən gələni edir. Çünki ölkəmizdə futbola böyük sevgi var, oynayanlar çoxdur. Federasiyamız bütün turnirləri səliqəli, ən yaxşı səviyyədə keçirməyə çalışır. Məncə, bu, bizdə alınır. Minifutbol millimizin uğurundan danışırıqsa, qeyd etməliyik ki, bu, 2017-2022-ci il aralığındakı “Fire Liqa” keçirilirdi. Yəni, millimizin üzvləri də, elə oralarda oynayan futbolçulardan yığıldı. Orada seçilən oyunçular milllinin özəyini təşkil etdi. Nümunə çoxdur, məsələn, Mirmehdi Rzayev, Elvin Əlizadə, Taleh Babeyev, Rəvan Kərimovun adını çəkə bilərəm. Bu uşaqların hamısı “Fire Liqa”dan seçilib. Minifutbolun inkişafında Azərbaycan Minifutbol Federasiyasının rəhbəri Taleh Nəsibov öz minnətdarlığımı bildirirəm. O, hər zaman öz dəstəyini bizdən əsirgəməyib.
- Qarşıda hansı ideyalar, fərqli turnir keçirmək planı var?
- İki dəfə “Banklar Liqası”nı keçirmişik. İnid bu turnirə maraq daha da çoxalıb. Hamı üçüncü dəfə keçirməyimizi istəyir. Biz özümüz də, bunu istəyirik. “Fire Liqa”nın təşkilatçılığı ilə uşaq futbolunun çempionatını da təşkil etmişik. Bilirsiz, təkliflərimiz çoxdur. Minifutbola son illərdə həvəs daha da artıb. Azərbaycan millisinin Avropa çempionu olması, minifutbola olan marağın yüksəlməsinə böyük təkan verdi.
- "Şirkətlər Liqası"ndakı "lipa" məsələsinə necə nəzarət edirsiz?
- Bu məsələni yalnız işçilərin elektron portaldakı çıxarışları əsasında tənzimləyirik. Hansısa komanda kimisə işə götürüb, ona hansısa sənəd verib, belə qəbul olunmur. Dediyim kimi, yalnız elektron portaldan çıxarış olmalıdır. Bunu bütün komandalardan istəyirik. Heç bir komandaya güzəşt yoxdur, qaydalar sərtdir.
- Bəs, qaydalar pozularsa?
- Turniri minifutbol federasiyasının dəstəyi ilə keçirsək də, AFFA tərəfindən hakimlər göndərilir, reqlament də həmçinin, oradandır. İntizam Komitəsi qərarın, cəzaların necə olacağına kömək edir. Məsələn, minifutbol üzrə Azərbaycan çempionatında qərararı özümüz veririk. Çünki çempionatı özümüz keçiririk. “Şirkətlər Liqası” minifutbol sayılsa da, qaydaları sırf minifutbol yox, futzala yaxındır.
- Sizcə, “Şirkətlər Liqası” maraqlıdır, yoxsa “Fire Liqa”?
- Minifutbol üzrə Azərbaycan çempionatında peşəkarlar daha çoxdur. “Şirkətlər Liqası”nda balansın pozulmaması üçün limit qoyduq. Bu da, hər komandada Azərbaycan çempionatında çıxış edən minimum üç oyunçunun iştirakına icazə verilməsidir. Əvvəl elə idi ki, komandanın heyətindəki bütün oyunçular minifutbol liqasında çıxış edənlər idi. Amma balansı pozmamaq üçün ilk dəfə belə qaydanı tətbiq etdik.
- Gələcəkdə “Şirkətlər Liqası”nın qalibi olacaq komandanın Azərbaycan çempionatında yüksək liqadakı iştirakına icazə verilə bilər?
- “Şirkətlər Liqası” və “Fire Liqa” qaydaları fərqlidir. Bununla yanaşı, oyunçuların peşəkarlıq səviyyəsi müqayisə edilməzdir. Amma düşüncəmizdə var ki, minifutbol çempionatımızda birinci divizionu yaradaq.
Mirbağırağa Cəfərli
Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI X
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.
saytlarin hazirlanmasi