"Biz ancaq Norveçə gəlməmişdən əvvəlki Orbanı tapmalıyıq" - "Qarabağ"a qol vuran oyunçu barədə

11:32 - 17 Mart 2023

"Gent"in hücumçusu Gift Orban göstərdiyi performansla diqqətləri üzərinə cəlb edib. Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ"la cavab matçında Belçika təmsilçisinin qolunu vuran 20 yaşlı nigeriyalı forvard "Başakşehir"lə görüşdə 4 dəqiqəyə het-trik etdi.

Bəs, Azərbaycana belə gənc, perspektivli futbolçuları gətirmək mümkün olub-olmamağı düşündürücü sualdır. Mövzu ilə bağlı futbol agenti Səbuhi Səfiyarlıya müraciət etdik. Sportal.az saytına danışan menecer "Qarabağ"la matçdan öncə Orbanın onun diqqətini cəlb etdiyini bildirdi. Səfiyarlının fikrinə görə, Azərbaycana bü cür oyunçuların gəlməməyinin səbəblərindən biri maliyyədir:

"Qarabağ"ın rəqibi haqda məlumat toplayarkən Gift Orban diqqətimi cəlb etmişdi. Bilirdim ki, "Gent"in əsas təhlükəli silahı bu futbolçu olacaq. Çünki, Belçika klubunun oyun stilinə uyğundur. Meydanın mərkəzindən gələn ötürmələrə yaxşı açılırdı. Çox sürətli hücumçudur. "Qarabağ"la ilk matçdan əvvəl bu futbolçunu araşdıranda gördüm ki, "Gent" onu 3,2 milyon avroya transfer edib. Norveç çempionatından Belçikaya belə yüksək məbləğə gəlmək diqqəti cəlb edir. Yəni, Norveç çempionatında bir futbolçunun bu qədər dəyərinin olması yaxşı haldır. "Qarabağ"la müqayisə edərkən deyirdim ki, "Gent" 3 milyon avroya oyunçu transfer edə biləcək səviyyədə klubdur. Təəssüf ki, bizik çempionatda bir futbolçuya bu qədər pul verəcək klublar yoxdur. Klublarımız sərbəst olan və dəyəri yüksək olmayan oyunçuların üzərində daha çox dayanır. Bu, maliyyə vəziyyəti ilə bağlı olan bir şeydir".

Səbuhi Səfiyarlı gənc oyunçuların Azərbaycana gəlməməsinin daha bir  səbəbini ölkəmizdən böyük liqalara transfer olunmaq potensialının aşağı olmasında görür:

"İşin ikinci tərəfi isə odur ki, yaşı az olan perspektivli futbolçular Azərbaycan çempionatına gəlməyə üstünlük vermirlər. Elə oyunçular var ki, yaxşı gələcək vəd edirlər, danışırıq, ancaq Azərbaycana gəlmirlər. Bunu digər menecerlər də təsdiqləyə bilər. Məsələn, Belçika ilə müqayisə etsək görərik ki, oradan hər il nə qədər futbolçu "böyük beşlik" ölkələrinə gedir. Bizim çempionatdan isə bu liqalara gedən oyunçu demək olar ki, yox səviyyəsindədir. Həmişə deyirdim ki, Kadi Borgesin gedişi Premyer Liqamızın nüfuzunun artmasına səbəb olacaq. Ən azından bu nümunəni göstərə biləcəyik. Futbolçuların ölkəmizə gəlməməsinin səbəbi odur ki, Azərbaycandan böyük çempionatlara gedən yol yoxdur. İndiki halda Kadini nümunə göstərib öyünə bilirik. Amma bu misallar tək-tükdür. Belçikanın aşağı liqaları belə, bizim Premyer Liqadan daha çox diqqət cəlb edir. Buna görə də gənc oyunçular Azərbaycana gəlməyə təşəbbüs göstərmirlər".

Futbol menecerinin sözlərinə görə, Azərbaycan potensiallı futbolçular üçün 3-4-cü dərəcəli seçimdir. Səbuhi bəy Avropadan deyil, Afrika ölkələrindən gənc istedadları gətirməyin bizim üçün daha rahat və faydalı ola biləcəyini dedi:

"Bu cür futbolçuları maaşla cəlb edə bilərik. Amma onların menecerləri potensiallarını bilirlər və 1-2 il az maaşa oynamaqlarına razı olurlar. Nəinki 20-22 yaşında Orban kimi, hətta 25 yaşında potensial vəd edən futbolçular Azərbaycan çempionatına gəlməyə çox böyük tərəddüdlə yanaşırlar. İndinin özündə danışıq apardığımız oyunçular var ki, Azərbaycan onlar üçün 3-4-cü yerdə olacaq. Təklif olan ölkələr arasında seçim edəndə daha çox Avropanın aşağı liqalarına üstünlük verirlər. Norveçdən futbolçu gətirmək bizim üçün çətindir. Biz ancaq Norveçə gəlməmişdən əvvəlki Orbanı tapmalıyıq. Skandinaviya ölkələri Afrikadan 18-19 yaşında oyunçular gətirirlər. Bu tendensiya onlarda inkişaf edib. 21-22 yaşda isə artıq böyük liqalara satırlar. Bizə o sərf edər ki, Norveçə gəlib çıxmamış Orbanları tapaq. Amma bu yaşda hansısa Avropa ölkəsinə gəlibsə, onu Azərbaycana gətirmək bizim üçün çox çətin olur".

Elçin Əlixan

Xəbər xətti