"Bakıya turist kimi gəlmişəm, "Qarabağ" - "Qalatasaray" matçını da izləyəcəm"

12:12 - 25 Mart 2023

"Qarabağ"ın forması geyinmiş Ansi Aqollinin Bakıya gəlməsi barədə dünən xəbər vermişdik.

Albaniyalı futbolçunun paytaxtımıza gəlişinin səbəbini öyrənmək üçün onunla əlaqə saxladıq. Sportal.az saytına açıqlama verən Ansi Bakıya səfərinin səbəbini açıqlayıb. Uzun illər Ağdam klubunun şərəfini qorumuş Aqolli xeyriyyə məqsədi ilə keçiriləcək “Qarabağ” -“Qalatasaray” görüşünü də izləyəcəyini bildirib:

"Bəli, Bakıdayam. Bura iş üçün yox, sadəcə turist kimi gəlmişəm. Uzun illər Bakıda yaşamışam, buranı çox sevirəm. Sadəcə olaraq, yenidən bu gözəl şəhəri görmək istədim. Evə qayıtmaq çox gözəl hissdir. Qurban Qurbanovla görüşdüm, “Qarabağ”ın bütün heyəti və klubdakı personalla da salamlaşdıq.

Bəli, sabah "Qarabağ" - "Qalatasaray" görüşündə olacam. Çox maraqlı oyun olacaq. İnanıram ki, hər şey yaxşı alınacaq. Bəlli məqsəd üçün oynanılacaq görüşdür. Bunu çox gözəl düşünüblər".

Aqolli həmyerlisi Redon Cica ilə də görüşdüyünü söyləyib: “Maksim Medvedev və Redon Cica ilə görüşdük. Maraqlı söhbətlərimiz oldu. Hər şey yaxşıdır. Cica da özünü yaxşı hiss edir "Qarabağ"da. Onun bu komandada işlərinin yaxşı alınacağına inanıram".

Mirbağırağa

Xəbər xətti