Azərbaycanda uşaq futbolunda vəziyyətin qənaətbəxş olduğunu iddia etmək mümkün deyil. Uşaq futbolunda infrastruktur, demək olar ki, qurulmayıb.
Bu gün Azərbaycanda cəmisi bir neçə futbol məktəbi var ki, orada gənclərin sağlam yetişdirilib, cəmiyyətə, ölkəyə fayda vermələri üçün münbit şərait var.
Belə akademiyalardan biri də "Sumqayıt" Futbol Akademiyasıdır.
"Sumqayıt"da təməl məşqçilərdən biri vaxtilə bu komandada oynamış Məhəmməd Alıyevdir. Gənc mütəxəssis 4 ildir ki, bu klubun 4-8 yaşlılardan ibarət komandasında işləyir. Məhəmməd Alıyev futbolun təməl bilikləri mövzusunda Sportal.az saytına müsahibə verib:
- "Sumqayıt" akademiyasına gələn uşaqların formalaşması üçün əsas hansı məqamlara diqqət edirsiniz? Uşaqların daha çox hansı cəhətlərində boşluqlar olur?
- "Sumqayıt" futbol akademiyasında futbolçuların həm futbolçu kimi, həmdə lider bir vətəndaş kimi millətə, dövlətə yararlı olmasını istiyirik. Boşluqlara gəldikdə məşqə davamiyyətsizlik və qidalanmada boşluqlar var. Bunları da valideynlərlə birgə, onların bizə dəstəyi ilə aradan qaldıracağıq.
- Azyaşlı futbolçuların cəmiyyətə yararlı vətəndaş kimi xidmət etməsində vasitə olmaq üçün gənc məşqçilər özlərində nələrə diqqət etməlidir?
- Təbii ki, məşqçi futbolçular üçün liderdir, nümunədir. Ona görə məşqçi daim futbol savadını artırmalı, futbolçulara yanaşması düzgün olmalıdır. Həm danışığında, həm hərəkətlərində uşaqlara nümunə olmalıdır. Məşqçi uşaqları sevməli və onlara öz övladına göstərdiyi münasibəti aşılamalıdır. Uşaqlar ona inanmalıdır ki, onun dediklərini də yerinə yetirsinlər.
- Uşaqların təkcə futbolçu yox, həm də bir insan, vətəndaş kimi daha yaxşı formalaşması üçün akademiyada bütün şərait varmı? Başqa nələr də olsa, siz məşqçilər üçün daha yaxşı olar?
- Biz futbolçuların pis vərdişlərdən uzaq olması üçün mütəmadi onlarla söhbət edirik, futbolun tək idman yox, dostluq, yoldaşlıq oyunu olduğunu onların nəzərinə çatdırırıq. Meydançada rəqib ola bilərlər, meydandan kənarda dost, yoldaş mühitində böyüməli, bir birinə hörmət etməlidirlər. Biz onlara ailənin, vətənin, millətin, dövlətin nə qədər önəmli olduğunu aşılayırıq. Uşaqlara milli qəhrəmanlarımızı, şəhidlərimizi, qazilərimizi tanıdırıq. Bu cür suallar verib onlardan cavab alırıq, uşaqları məlumatlandırırıq ki, ailəsinə, vətənə millətimizə, dövlətimizə yararlı vətəndaş kimi böyüsünlər. Onlar bizim gələcəyimizdir.
- Gənc məşqçilərə keçirilən dərslər zamanı bu yöndə sizə hansı tövsiyyələr verilir?
- İstər akademiya direktoru Hakan Sunal tərəfindən, istər AFFA-da keçirilən seminarlarda məşq metodikalarını daim öyrənirik. Uşaqları sevib onlara futbolu sevdirməliyik. Öz üzərimizdə daim işləyib, öyrənib, uşaqları öyrətməliyik.
- İdmançının (futbolçunun) hərtərəfli formalaşmasında fiziki hazırlığın rolu nə qədərdir?
- Biz əsasən aşağı yaş qruplarında, təməldə fiziki rola üstünlük vermirik. Çünki onlarda əzələ formalaşmayıb. Daha çox əyləncəli oyunlar, estafet, cəldlik, çeviklik, kordinasiya məşqlərinə üstünlük veririk. Yaş artdıqca artıq o yükləmələrə diqqət yetiririk. Futbolçu texniki-taktiki savadlı, düzgün oynasa belə, fiziki güc olmasa, sona qədər oynayıb performansını göstərə bilməyəcək. Fiziki durumun bir futbolçu üçün rolu mühüm və önəmlidir. Çünki futbol mübarizə oyunudur. Sürət, cəldlik, çeviklik oyunudur. Təbii ki, yaş artdıqca hər yaş qrupunun özünə uyğun güc məşqləri olur. Amma təməldə qeyd etdiyim kimi biz fiziki hazırlığa üstünlük vermirik. Onlarda sürət, cəldlik, kordinasiyalara fikir veririk ki, yuxarı yaş qruplarına qalxdıqda o cəhətlərində problem olmasın.
- Əvvəllər "Sumqayıt"da daha çox yerlilər oynayırdı, hazırda legionerlər daha çoxdur. Necə düşünürsüz, aşağı yaş qrupunda gələcək üçün əsas komandaya ümid verən uşaqlar varmı?
- Akademiyada gələcəkdə Premyer Liqada oynaya biləcək futbolçular yetişir. İstedadlı futbolçular var. Akademiyada bu yöndə onların inkişafı üçün fərdi və qrup şəklində məşqlərimiz olur. Həmin uşaqların inkişafı üçün hər cür şərait yaradılıb. Samir Abbasovun gəlişindən sonra akademiyamızın gənc futbolçuları əsas komandaya məşqlərə cəlb olunur. Bu, gələcəkdə onların Premyer Liqada debüt etmələri üçün böyük şansdır. Ümid edirəm ki, yaxın gələcəkdə akademiyamızda olan istedadlı futbolçuları əsas komandamızda görəcəyik.
- Vaxtilə "Sumqayıt"da oynayırdın. Nəyə görə tez zamanda bitirdin futbolçu karyeranı?
- "Rəvan"da Premyer Liqada oynadığım vaxtlarda həyatımda bəzi "travma"lar yaşadım. Ona görə də futboldan bir müddət uzaqlaşdım. Sonradan "Sumqayıt"ın əvəzedici komandasında çıxış etdim. İlin sonunda məşqçilər və rəhbərliyin dəstəyi, təklifi ilə məşqçi kimi davam etməyi qərara aldım. İndi də məşqçi kimi davam edirik. Əsas odur sevdiyim işin arxasındayam. "Sumqayıt"dakı məşqçilərin mənim məşqçi kimi işləməyə başlamağımda böyük rolu var.
Mirbağırağa Cəfərli
Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI XII
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.
saytlarin hazirlanmasi