Fariz Nəcəfov: "Qəbələ" Konfrans Liqasında iştirak etməyə layiqdir"

23:37 - 3 İyun 2023

 

"Qəbələ" finalda "Neftçi"ni 1:0 hesabı ilə məğlub edərək Azərbaycan Kubokunun qalibi olub.

Sportal.az xəbər verir ki, matçdan sonra bölgə klubunun prezidenti Fariz Nəcəfov jurnalistlərin suallarını cavablandırıb:

- Komandaya, məşqçilər korpusuna təşəkkür edirəm. Layiqli qələbə qazandıq. Həm çempionatda dördüncü yeri, həm də kuboku nəzərdə tuturam. Bütün azarkeşlərimizi təbrik edirəm.

- Heyəti qoruyub saxlamaq çətin olmayacaq?

- Çox çətindir. Amma komandanın əsas sütununu qorumağa çalışacağıq.

- Baş məşqçi yeni transferlərlə bağlı sizə müraciət edib?

- Bununla bağlı yaxın günlərdə baş məşqçi ilə görüşəcəyik. Gedən futbolçuların yerinə yenilərini transfer etmək məcburiyyətindəyik.

- Büdcə ilə bağlı dəyişiklik var?

- Xeyr. Ciddi bir dəyişiklik yoxdur.

- "Qəbələ"nin avrokuboklarda şansını necə dəyərləndirirsiniz?

- Gücümüz, potensialımız nəyə çatırsa, onu etməyə çalışırıq. Komanda Konfrans Liqasında iştirak etməyə layiqdir. Orada necə iştirak edəcəyimizi zaman göstərəcək. Komandanın gücündən artıq nəsə edəcəyimizi deyə bilmərəm.

- Legionerlərinizə təkliflər çoxdur. Onlarla yeni müqavilə ilə bağlı danışığınız olub?

- Məndə olan məlumata görə, legionerimizin ilk danışıq aparacağı klub "Qəbələ"dir. Bizimlə razılaşmasalar, başqa kluba gedəcəklər.

- "Qəbələ" iki dəfə Avropa Liqasının qrup mərhələsində iştirak edib. Buna görə də komandadan gözləntilər çoxdur. Bu barədə nə deyə bilərsiniz?

- Yəqin ki, Konfrans Liqasında bizim potensial rəqiblərimizi görmüsüz. Başqa söz demək istəmirəm. Potensialımızdan maksimum istifadə edib ölkəmizi layiqli şəkildə təmsil etməyə çalışacağıq.

- Elmar Baxşıyev "Qəbələ"də qalacaq?

- Əlbəttə.

Elçin Əlixan

Xəbər xətti