Bu mövsüm Premyer Liqada azarkeşlərinə ən çox pərişanlıq yaşadan iki klub varsa, biri "Neftçi", o biri də "Sabah"dır. İkisi də liqamızın pullu-paralı klublarındandı, ikisinin də heyəti bahalı legionerlərlə doludur. Nisbətdə "Sabah" daha yaxşıdır, amma ölkə kubokunu qazana bilməsələr, onlar da bu mövsüm avrokuboklardan kənarda qalacaqlar.
Maraqlıdır ki, hər iki klubun qeyri-sabit çıxışla bağlı oxşar arqumentləri var - məşqçi mövsümün gedişində gəlib, qarşısında ciddi hədəflər qoymaq doğru deyil! İnsafən onu da demək lazımdır ki, Berezutski özü bu cür açıqlamalar vermir, amma ətrafında onun işinə sanki bu cür yanaşma var.
Berezutskidən fərqli olaraq, Samir Abasov az qala hər mətbuat konfransında bu oyunçuları gətirmədiyini deyir, 9 turdan sonra 5 xalla götürdüyü komandanın nəticə verməsini mümkünsüz təsvir edir, adam hərdən elə düşünür ki, bir az da irəli gedib "Neftçi"ni bu mövsüm Premyer Liqada saxlamasına görə rəhbərlikdən təşəkkür də istəyə bilər.
Aylardı bu məsələ müzakirə olunur. Samir Abasovu haqlı sayanlar da var, saymayanlar da. Hər kəsin öz baxışı var, hərə də özünə görə haqlıdır. Biz isə Samir bəyə yaxın keçmişə qədər ölkəmizdə fəaliyyət göstərən məşqçini nümunə gətirmək istəyirik. Bu, "Sabah"ın sabiq çalışdırıcısı Murad Musayevdir.
Bir neçə il əvvəl "Sabah"ın mövsümə bərbad başlanğıcını xatırlayanlar var yəqin. Komanda Ramin Quliyevin rəhbərliyi altında ilk 7 oyunda 1 heç-heçə edib, 6 məğlubiyyət almışdı. İqor Ponomaryov sonrakı 2 oyunda qələbə qazanaraq komandanı Murad Musayevə təhvil verdi. Beləliklə rusiyalı məşqçi 9 oyuna 7 xalı olan "Sabah"ı təhvil alıb əla mövsüm keçirdi. Onun komandası yalnız son turlarda avrokubok şansını əldən verdi. Amma "Sabah" uğursuz başlanğıca rəğmən əla futbol sərgilədi, hamıya da başağrı oldu.
Murad Musayev "Sabah"ı 9 oyundan sonra 7 xalla götürmüşdüsə, Samir Abasov da 9 matçda 5 xalla təhvil alıb "Neftçi"ni. Çempionatın ikinci yarısında "Araz-Naxçıvan" və "Turan Tovuz"un pis çıxışını nəzərə alsaq, vəziyyəti düzəltmək mümkün idi. Amma "Neftçi" nə lazımı qədər xal toplaya bildi, nə də gözəgələn futbol ortaya qoydu.
Eyni sözləri Berezutskiyə də aid eləmək olar. Musayevdən fərqli olaraq, o da gəldiyi komandada heç nəyi dəyişə bilməyib. Yeganə təsəlli "Sabah"ın kubokun finalına çıxmasıdır. Lakin ölkə kubokunu qazansa belə, Berezutskinin futbol fəlsəfəsinin nədən ibarət olduğunu anlamaq olmur. Sanki o komandanı yox, komandanın 3-5 oyunçusu bacardığı qədər onu irəli daşıyır.
Həmid
saytlarin hazirlanmasi