Azərbaycan Deflimpiya Komitəsi beynəlxalq təşkilatın üzvlüyünə qəbul olundu

12:49 - 6 May 2025


Azərbaycan Deflimpiya Komitəsi eşitmə məhdudiyyətli şəxslərin idman fəaliyyətini tənziməyən Beynəlxalq Karlar İdman Təşkilatının (International Committee of Deaf Sport - ICSD) üzvlüyünə qəbul olunub.

Sportal.az xəbər verir ki, sözügedən üzvlük ölkədə Deflimpiya hərəkatının inkişafına, həmçinin eşitmə məhudiyyətli şəxslərin idmana inteqrasiyası, sosial aktivliyinin təmini istiqamətində böyük töhfə verəcəkdir. Belə ki, 2023-cü ilin oktyabrdan fəaliyyətə başlayan ADK eşitmə məhdudiyyəti olan şəxslər arasında bədən tərbiyəsi və idmanın inkişafı, bu vasitə ilə onların bərpasına və sağlam cəmiyyətimizə inteqrasiyasına nail olunması, həmçinin eşitmə qabiliyyətləri məhdud olan şəxslərin maraq göstərdikləri deflimpiya proqramına daxil edilmiş idman növlərinin ölkədə geniş inkişafı və bu idman növləri üzrə idmançıların hazırlanması istiqamətində fəaliyyət göstərir.

Cari ilin aprel ayında Azərbaycana ilk dəfə səfər edən ICSD və Avropa Karlar İdman Təşkilatının (bundan sonra – EDSO) rəhbərliyi səfər müddətində komitənin fəaliyyəti ilə yaxından tanış olmuş, idmançı və məşqçilərlə yanaşı bir sıra dövlət qurumlarının rəhbərliyi ilə də görüşlər keçirərək Azərbaycanda Deflimpiya hərəkatının qanuni və rəsmi təmsilçisi olaraq tanınan komitənin gələcək planları ilə yaxından maraqlanıb.

Komitənin ICSD-ə üzv olması ilə ölkəmizdə Deflimpiya hərəkatının növbəti mərhələyə qədəm qoyaraq, eşitmə məhdudiyyətli idmançıların beynəlxalq yarışlarda iştirakına şərait yaradacaqdır. Eyni zamanda gələcəkdə bu sahədə idmançılar, habelə peşəkar məşqçilərin artmasında, beynəlxalq təcrübə ilə ölkədə eşitmə məhdudiyyətli şəxslər arasında idman fəaliyyətinin genişlənməsinə dəstək olacaqdır.

Qeyd edək ki, Beynəlxalq Karlar İdman Komitəsinə üzv olan Azərbaycan Deflimpiya Komitəsi hazırda Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Milli Olimpiya Komitəsi, Milli Paralimpiya Komitəsi ilə yanaşı bir çox idman federasiyası, eşitmə və nitq məhdudiyyətli şəxslərlə çalışan qeyri-hökümət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyətini davam etdirir.

Xəbər xətti