"Qarabağ"a qarşı keçirəcəyimiz oyunun mahiyyətini yaxşı başa düşürük" - MÜSAHİBƏ

15:34 - 8 Avqust 2023

"Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev Sportal.az saytına müsahibə verib. O, komandasının Premyer Liqanın ilk turunda “Araz Naxçıvan” (3:0) üzərindəki qələbəsini və bu mövsümkü məqsədlərini açıqlayıb:

- "Turan Tovuz" mövsümə qələbə ilə başladı. “Araz Naxçıvan” üzərində qazanılan 3:0 hesablı qələbəni necə şərh edəcəksən? 

- Bilirdik ki, ağır oyun olacaq. İlk iki tur çox çətin keçir. Çünki rəqibi tanımaq olmur, analiz etməkdə çətinlik çəkirsən. Əsas odur ki, çox ağır olsa da, qalib gəldik. İkinci hissə bir az yüngül keçdi. Amma ilk yarı daha ağır alındı. 

- Yeni oyunçularınız çoxdur. Çempionata tam hazır “Turan Tovuz”u “Araz Naxçıvan”la görüşdə gördük, yoxsa hələ zaman lazımdır?

- Bəli, yeni oyunçularımız çoxdur. Gedənlər oldu, gələnlər də var. Uyğunlaşma prossesi getməlidir. Zaman lazımdır. Oyundan-oyuna daha yaxşı olacaq.

- Demək olar ki, komandanın yeni ulduzu Martin Petkov olacaq? 

- Təkcə Petkovu deməzdim, bütün gələn legionerlərimiz ürəklə məşq edir, komandaya xeyir verməyə, uyğunlaşmağa çalışır. Martin də gəncdir, istəklidir. İnanıram ki, komandaya xeyir verər. Məşqlərdə də necə işlədiyini hamımız görürük. Hamısı elədir. 

- Hamı “Turan Tovuz”un avrokuboklar uğrunda mübarizə aparacağını gözləyir. Hər halda, azarkeşlər də bunu tələb edəcək. Bu əlavə təzyiq yaratmayacaqki?

- Düzdür, azarkeşlər hər zaman komandasının qələbə qazanıb, avrokuboklarda oynamasını istəyir. Yeni toplanmış komandayıq. Premyer Liqada cəmi ikinci ildir ki, mübarizə aparırıq. Bizdən də çox transfer edən rəqiblərimiz var. Bu il ən ağır çempionat olacaq. Hər komanda mübarizə aparır, transfer edir, nəticə istəyir. Biz də öz növbəmizdə, uğurlu nəticələr qazanaraq azarkeşlərimizi sevindirmək niyyətindəyik.

- “Turan Tovuz”un növbəti turdakı rəqibi “Qarabağ”dır. İlk turda “Zirə” bu komandanı məğlub edə bildi. Bu, sizə “Qarabağ”I uda bilməyiniz üçün ümid verir?

- Bizi çox ağır matç gözləyir. "Qarabağ"a qarşı keçirəcəyimiz oyunun mahiyyətini yaxşı başa düşürük. Məşqlərimizi davam edirik. Ümid edirik ki, "Qarabağ" səfərindən sərfəli nəticə ilə qayıdacağıq. "Qarabağ" çox güclü rəqibdir. Əsas odur ki, yaxşı nəticə ilə oradan qayıdaq.

- Hər halda, “Qarabağ”la matçda əsl gücünüzü görəcəyik…

- Hər oyuna çıxanda xal və xallar qazanmaq istəyirik. Fərqi yoxdur, rəqib "Qarabağ"dır və ya başqası. Çempionatdakı bir-iki oyunla komandaya qiymət vermək olmaz. Uzun marafondur, eniş və yüksəliş dövrü baş verir. Hər oyuna sanki finala çıxırıq. İstənilən xal bizim üçün qızıla bərabərdir.

Mirbağırağa

Xəbər xətti