Azərbaycan milli komandasının sabiq kapitanı, futbol mütəxəssisi Aslan Kərimov Sportal.az saytına müsahibə verib.
- Millinin Belçika ilə oyununu necə dəyərləmdirirsiniz? Siczə, böyükhesablı məğlubiyyətin səbəbi nədir?
- Mənim gözləntilərim daha pozitiv bir oyun idi. Böyükhesablı məğlubiyyəti gözləmirdim. Komanda son 2-3 matçda yaxşı performans göstərmişdi. Oyundan əvvəl demişdim ki, bizim Belçikada qalib gəlmək şansımız azdır. Ən yaxşı halda heç-heçə edə bilərdik. Buna da sağ olsun Eddi İsrafilov imkan vermədi. Düzdür, o, məğlubiyyətin səbəbkarı deyildi. Amma 0:5 hesablı məğlubiyyətin səbəbi Eddi ola bilər. Düşünürəm ki, onun start heyətində meydana buraxılması yanlış addım idi. Məşqləri izləmədən fikir bildirməyi doğru hesab etmirəm. Amma hər halda kənardan baxan adam kimi mülahizələr irəli sürsək, Eddinin uzun müddətdir oynamaması, zədədən yeni qayıtması onu göstərirdi ki, oyunçu epizodlarda çatdırmayacaq. Elə də oldu. İki düşüncəsiz sarı vərəqə ilə komandanı azlıqda qoydu və bizim şanslarımızı sıfıra endirdi. Qırmızı vərəqədən sonra millinin heç bir şansı yox idi. Qırmızı vərəqə olmasaydı, hesab 0:5 olmayacaqdı. Belçika millisinin gənc futbolçularının bu qədər əzmkar oynayacağını düşünməmişdim. Düzdür, qolları Lukaku vurdu. Amma onun yanında oynayan futbolçular Avropa çempionatında oynamağa layiq olduqlarını göstərməyə çalışdılar.
- De Byazi oyundan sonra jurnalistləri təhqir etdi. Siz məşqçilərə dərs keçirsiniz. De Byazinin fikirlərinə münasibətiniz necədir?
- Mən də mediadan oxudum ki, AFFA-nın baş katibi Sərxan Hacıyev De Byazinin sözlərinə görə jurnalistlərdən üzr istəyib. İstənilən halda haqlı, haqsız tənqidlərə görə kiminsə başqalarını təhqir etmək hüququ yoxdur. Bu, mənim prinsiplərimə ziddir. UEFA-nın PRO məşqçilik lisenziyasında media ilə bağlı ayrıca modul var. Media ilə davranış, jurnalistlərlə danışmaq özü bir incəsənət tələb edir. Medianı təhqir etmək yolverilməz haldır. Bəzən jurnalistlər bilərəkdən məşqçini özündən çıxarır. Nə qədər sərt tənqid olsa da, məşqçi çalışmalıdır ki, əsəblərini cilovlaya bilsin. Ağızdan çıxan sözləri loru dildə desək, "rastamojka" edib demək lazımdır. De Byazinin tərəfini saxlamaq istəmirəm. Düşünürəm ki, 0:5 hesablı məğlubiyyətdən sonra jurnalistlərin verdiyi suallar onu qıcıqlandırıb və öz hisslərini saxlaya bilməyib. Amma bunu saxlamaq məcburiyyətindədir. Məşqçilər bəzən jurnalistlərlə acı danışırlar. Mən bunun da tərəfdarı deyiləm. İstənilən tənqidə qarşı soyuqqanlılığı qoruyub-saxlamaq lazımdır.
- De Byazinin müqaviləsi bitir. Artıq seçmə mərhələ də başa çatdı. Sizin fikrinizcə, italiyalı məşqçi ilə bağlı hansı qərar verilməlidir?
- Müqavilə imzalananda məşqçinin qarşısına məqsəd qoyurlar. Əgər məqsədə nail olmursa, o məşqçi ilə yollar ayrılmalıdır. Belə güman edirəm ki, AFFA rəhbərliyi De Byazinin qarşısına qrupdan çıxmaq hədəfi qoymuşdu. Bunun öhdəsindən gələ bilməyibsə, yəqin ki, getməli olacaq. Məncə, italiyalı mütəxəssislə yeni müqavilə imzalanmayacaq.
- Qazaxıstan millisi son illərdə inkişafdadır. Onların inkişafını nə ilə əlaqələndirirsiniz?
- Qazaxıstanda inkişaf açıq-aşkar görünür. Düşünmürəm ki, bu, onların məşqçisi ilə bağlıdır. Qazaxıstan bizim qrupda olsaydı, onlar Avstriya, Belçikaya qalib gələ bilməzdi. Onların yığdığı xalları qrupları ilə əlaqələndirmək olar. Amma Qazaxıstanda ümumi inkişaf olduğu aşkar görünür. Qazaxıstan rəsmiləri ilə UEFA-nın tədbirlərində dəfələrlə müzakirələr aparmışıq. Qazaxıstanda olan meydançaların sayı, akademiyalarda görülən işlər, ayrılan pullar, infrastrukturları bizdən üstündür. Onlar yenidənqurmaya başladılar. Bütün bunların sayəsində onların çempionatında gedən rəqabət ona gətirib çıxardı ki, artıq bu səviyyədə çıxış edə bilirlər. Qazaxıstan İslandiya millisi qədər deyil. Amma inkişaf açıq-aşkar görünür. İnkişafın səbəbi təməldən başlayır. Onlarda təməldə böyük dəyişikliklər baş verdi. Qazaxıstan millisinə baxsaq, "Beşiktaş"da, Rusiyanın iddialı klubunda oynayan futbolçuları var. Bizim oyunçumuz isə Türkiyənin nisbətən zəif klubunda çıxış edir.
- Albaniya milli komandası Canni De Byazi olmadan da Avropa çempionatına vəsiqə qazandı. Onların 2016-cı ildə Avropa çempionatına yüksəlməsi De Byazi ilə bağlı idi, yoxsa səbəb Albaniya futboludur? Albanlar bizi nədə üstüləyirlər?
- Canni De Byazi yeni gələn vaxtlarda deyirdilər ki, necə olur ki, Albaniya millisi Avropa çempionatına çıxa bilir, amma Azərbaycan bunu bacarmır. De Byazinin bunda rolunun olmadığını demək düzgün olmazdı. Bir milli komandanın Avropa çempionatına vəsiqə qazanmasında baş məşqçinin rolunun olmadığını deyə bilmərəm. Bir məşqçi olaraq əlində olan materiallarla nələrisə etməyi bacarıb. Nə qədər də xoşunuz gəlməsə, De Byazinin bu uğuruna kölgə sala bilmərik. Albaniya millisinin Avropa çempionatına çıxmasının səbəblərindən biri heyətdə olan oyunçuların əksəriyyətinin İtaliya, Almaniya kimi ölkələrdə çıxış etməsidir. Bu, o demək deyil ki, keyfiyyətli futbolçular var və baş məşqçiyə ehtiyac yox idi. De Byazi alban futbolçuların mentalitetinə bələd olaraq uğura imza ata bilmişdi. Azərbaycan mentaliteti Albaniya və İtaliyadan fərqlidir. Albaniya millisini De Byazi Avropa çempionatına apardı deyə bilmərəm, De Byazi ilə bir yerdə çıxdılar.
- Əgər De Byazi ilə yola davam edilməsə, sizcə, milliyə yerli, yoxsa əcnəbi baş məşqçi təyin olunmalıdır?
- Hər zaman millidə yerli mütəxəssislərin olmasının tərəfdarı olmuşam. Son illərdə kifayət qədər yaxşı yerli məşqçilər yetişib. Bir nəfərin adını çəkmək istəmirəm. Hazırda Premyer Liqada çalışan istənilən məşqçimiz millidə işləyə bilər. Bəlkə də bəzilərinin təcrübəsi azdır. Amma bu, heç nə demək deyil. Millinin uğursuzluqlarının səbəbini tək məşqçinin üzərinə yıxmaq da düzgün olmazdı. O demək deyil ki, yerli məşqçi olsa, biz böyük turnirlərin final mərhələsinə gedəcəyik. Bu, uzun bir proses, uzun bir yoldur. Uğursuzluqlarda iş təkcə oyunçuların və məşqçinin üzərinə düşmür. Köklü, qlobal şəkildə yanaşmaq lazımdır. Ölkə çempionatının səviyyəsi, aşağı yaş qrupları, akademiyaların inkişafı... Bu, ayrıca bir mövzudur. Yerli mütəxəssis olmasa belə, gənc, böyük maddi iddiası olmayan əcnəbi məşqçi faydalı ola bilər. Belçika millisinin baş məşqçisi Domeniko Tedesko, Almaniya yığmasını çalışdıran Yulian Nagelsmann aldığı pula layiqdir. Amma belə məşqçiləri Azərbaycan millisinə gətirsək, hazırkı vəziyyətimizlə dünya çempionatına çıxmaq şansımız yoxdur. Oyunçularımız tam olaraq formalaşmayıblar. Daxili çempionatımız da o səviyyədə deyil ki, biz dünya çempionatının final mərhələsinə çıxaq. Bəlkə hansısa qrupda bəxtimiz gətirsə, bu, ola bilər. Qazaxıstan millisi kimi qrupa düşsək, nəyəsə nail olmaq olar. Almaniya, İtaliya, İspaniya, Niderland kimi komandalarla mübarizə aparmaq şansımız azdır.
- Yeni baş məşqçi təyinatı zamanı əsas hansı amillərə diqqət edilməlidir?
- Yeni baş məşqçi seçərkən uzunmüddətli plan qurmaq lazımdır. Məşqçidən qısa zaman kəsiyində nəsə istəmək doğru olmaz. Böyük məbləğlərdən qaçmaq yaxşı olar. Oyun üslubu olan, çoxtərəfli, minimumdan maksimumu əldə edə biləcək məşqçi seçmək məcburiyyətindəyik. Məşqçi lazım olanda müdafiə, lazım olanda isə hücum futbolu oynatmalıdır. Azərbaycan millisi olaraq yalnız müdafiədə otura bilmərik, zaman-zaman hücumameyilli də oynamalıyıq. Ən başlıcası isə bizim oyunçuları tanıyan, motivasiya verə bilən bir baş məşqçi olmalıdır. Belə bir mütəxəssislə uğura doğru addımlaya bilərik.
Elçin Əlixan
saytlarin hazirlanmasi