UEFA İnfantinonun istefasını tələb edir

15:59 - 3 Avqust 2026

UEFA təşkilatın prezidenti Canni İnfantinonun qərarları və hərəkətləri səbəbindən FIFA-ya qarşı hüquqi addımlar ata bilər.

Sportal.az xəbər verir ki, bu barədə "BBC Sport" məlumat yayıb.

​FIFA dünya çempionatı da daxil olmaqla, təşkilatın kommersiya aktivlərinə özəl investorların cəlb edilməsini nəzərdə tutan "FIFA Forward Enterprise" layihəsinin həyata keçirilməsindən imtina etdikdən sonra UEFA təşəbbüsün ləğv edilməsini müsbət qiymətləndirib. Eyni zamanda, Avropa futbol qurumu FIFA-nın idarəçiliyinin islah edilməsi ilə bağlı yeni tələblər irəli sürüb.

​Əsas şərtlərdən biri Canni İnfantinonun istefası olaraq qalır. Əgər bu baş verməsə, UEFA beynəlxalq federasiyanın prezidentinə qarşı etimadsızlıq proseduruna başlamağa hazırdır. Bundan əlavə, UEFA "FIFA Forward Enterprise" layihəsinə aid bütün sənədlərin qorunub saxlanılmasını tələb edir. Söhbət investisiya təşəbbüsünün hazırlanması ilə əlaqədar elektron yazışmalardan, xidməti qeydlərdən, görüş protokollarından və digər materiallardan gedir.

İnfantino daha əvvəl FIFA-nın üzvü olan bütün 211 milli assosiasiyaya layihəni dəstəkləmək təklifi ilə müraciət edərək, sentyabrın 19-dək hər bir federasiyaya 40 milyon dollar məbləğində maliyyələşmə vəd edib.

​Xatırladaq ki, İnfantino artıq 2027-ci ildə yenidən prezidentlik üçün namizəd olmaq niyyətində olduğunu açıqlayıb. Layihə dayandırıldıqdan sonra onun namizədliyinə olan dəstəyini geri çəkən ilk assosiasiya Uels Futbol İttifaqı olub.

​FIFA-nın nizamnaməsinə əsasən, növbədənkənar konqresin çağırılması və etimadsızlıq məsələsinin qaldırılması üçün təşkilat üzvlərinin azı 20%-nin dəstəyi tələb olunur. UEFA-nın tərkibinə 55 milli assosiasiya daxil olduğundan, Avropa konfederasiyası belə bir proseduraya başlamaq üçün kifayət qədər səs çoxluğuna malikdir.

Xəbər xətti