"Sabah"ın kapitanı: "Murad Musayevlə Renduliçi müqayisə etmək istəməzdim" - MÜSAHİBƏ

12:17 - 1 Aprel 2024

“Sabah”ın kapitanı Elvin Camalov Sportal.az saytına müsahibə verib.

- “Sabah” son turda evdə "Zirə"yə 0:1 hesabı ilə məğlub oldu. Böyük ehtimalla, matçdan öncə ehtimal etdiyiniz nəticə bu deyildi. Məğlubiyyətinizi nə ilə əlaqələndirirsən? 

- Ehtimal edirdim ki, çətin oyun olacaq. Amma biz meydana qələbə üçün çıxmışdıq. Təəssüf ki, rəqibimiz bir səhvimizdən faydalandı. Çətin görüş oldu. Amma bu oyun artıq geridə qaldı. Həmin görüşü unudub, qarşıdakı oyuna köklənməliyik. İrəlidə bizi bir-birindən vacib 8 matç gözləyir. Sona qədər mübarizə aparacağıq.

- Amma qol epizodlarınız çox deyildi. Demək olar ki, "Zirə" sizi yaxşı analiz etmişdi deyə, qol şansınız çox olmadı?

- Premyer Liqadakı komandalar bir-birini çox yaxşı tanıyırlar. Bu da bilirsiz nədən irəli gəlir? Mövsüm ərzində komandalar bir-birilə dörd dəfə oynayırlar. Bir-birimizi yaxşı tanımağı da bununla bağlayıram. Bəli, “Zirə” bizi yaxşı analiz etmişdi. Buna baxmayaraq, istənilən halda qol fürsətlərimiz var idi. Son saniyəyə qədər hücumlarımızı davam etdirdik. Təəssüf ki, qol epizodlarından yararlana bilmədik. Sonda da məğlub olduq.

- “Sabah” bu məğlubiyyətdən və “Sumqayıt”ın da qələbə qazanmasından sonra 5-ci pilləyə endi. Komandalar arasında xal fərqi elə də çox olmadığından, hər məğlubiyyət "Sabah"ı mükafatçılar sırasından daha da uzaq sala bilər...Bu haqda sən nə düşünürsən?

- Doğrudur, sizin də qeyd etdiyiniz kimi. Komandalar arasında xal fərqinin çox olmaması səbəbindən mükafatçılar uğrunda mübarizədən uzaq düşdüyümüzü deməzdim. Sona kimi mübarizə aparmaq lazımdır. Hər tur mövqelər dəyişə bilir.

- Krunoslav Renduliçin baş məşqçi postuna təyinatı "Sabah"da nəyi dəyişib? Oyun stili, oyun fəlsəfəsi baxımından Murad Musayevlə fərqi çoxdur?

- Hər iki məşqçinin rəhbərliyi altında çalışmaq mənim üçün xoşdur. Əlbəttə ki, hər məşqçinin özünün oyun üslubu, öz futbol fəlsəfəsi olur. Lakin mən bu iki məşqçi arasında hər hansı müqayisə aparmaq istəməzdim.

- “Sabah” növbəti turda "Turan Tovuz"un qonağı olacaq. Həmin oyunda qələbə qazanmaq şanslarınızı necə dəəyərləndirirsən? 

- Çətin oyun olacağı dəqiqdir. “Turan Tovuz”la matçlarımız heç vaxt asan keçmir. Məncə, bu dəfə də fərqli olmayacaq. Rəqibimiz də yüksək pillələr uğrunda mübarizə aparır. Özü də, Tovuzdakı görüşlərdə əksər hallarda tribunalar dolu olur. Fikrimcə, azarkeşlər maraqlı oyun izləyəcəklər. Qələbə əzmi ilə çıxacağıq matça.

- Yeri gəlmişkən, mükafatçılar sırasına düşmək uğrunda mübarizə davam etsə də, ölkə çempionu artıq bəllidir. “Qarabağ”ın mövsümü sonuna 8 tur qalmış çempionluğunu rəsmiləşdirməsini necə şərh edəcəksən? Bir ara "Sabah"ın "Qarabağ"a müqavimət göstərəcəyi gözlənilirdi, amma bu mövsüm onu görə bilmədik....

- "Qarabağ" hazırda nəinki Azərbaycanda, həmçinin Avropada da öz oyunu ilə diqqətləri üzərinə çəkir. Təkcə, komandanın avrokuboklarda son oyunlarına baxmaq kifayətdir. O ki qaldı, rəqabətə “Sabah” çempionatın ən gənc klublarından biridir. Buna baxmayaraq, ötən mövsüm çempionatı ikinci sırada başa vura bildik. Bu mövsüm də ikinci olmaq şansımız davam etdiririk. İnanıram ki, tezliklə komandamız azarkeşlərimizin gözlədiyi nəticələri qazanacaq. Sadəcə vaxt lazımdır

Xəbər xətti