"Tottenhem"lə matçda ustaqlı səviyyəsi çatmadı, "Qarabağ" hamıya başağrısı olacaq"

14:13 - 29 Sentyabr 2024

"Qarabağ" "Tottenhem"lə görüşə çox yaxşı başlamışdı. Hətta "Tottenhem"in qırmızı vərəqə almasına səbəbkar oldular. Məncə, rəqibin azlıqda qalması bizi daha da çox ümidləndirdi. Amma rəqib futbolçuların səviyyəsi xal qazanmağımıza mane oldu. Bir fərq var idi, o da futbolçuların ustalıq səviyyəsi idi".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın veteran futbolçusu Elvin Məmmədov deyib.

Ağdam klubunun keçmiş yarımmüdafiəçisi komandanın Avropa Liqasında "Tottenhem"ə 0:3 hesablı məğlubiyyətini şərh edib. Onun fikrincə, Azərbaycan çempionu "Malmö" ilə oktyabrın 3-də keçiriləcək oyunda qalib gələ bilər:

"Tottenhem"lə görüşdə Toral Bayramov penaltidən yararlansaydı, bəlkə də sonda xal da qazanardıq. Hər halda, Toral "Qarabağ"ın həm daxili, həm də xarici oyunlarında əsas penal vuranıdır. Bəzən futbolda belə də olur. Təəssüf ki, bu dəfə alınmadı. Bu isə oyunun gərginliyindən irəli gələn məsələdir. Yoxsa, Toral penaltiləri çox yaxşı vurur. Sanki "Dinamo" ilə Zaqrebdəki oyundan başlayan bəxtsizlik var. Amma etiraf edək ki, "Tottenhem"lə matçda sırf ustalıq səviyyəsi çatmadı. Komanda çox yaxşı oynadı. "Qarabağ" Avropa Liqasında evdəki oyunlarda hər bir komandaya başağrısı olacaq. Növbəti görüş "Malmö"ya qarşıdır. İnanıram ki, komandamız bu görüşdə uğurlu nəticə qazanacağıq".

Xəbər xətti