Avropa çempionatı: Daha iki boksçumuz 1/4 finala vəsiqə qazandı

20:14 - 14 Oktyabr 2024

Bolqarıstanın paytaxtı Sofiyada 23 yaşadək (U-23) boksçular arasında Avropa çempionatı davam edir.

Sportal.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb.

51 kq-da mübarizə aparan Nicat Hüseynov ilk görüşündə Skott Riçardsla (Uels) döyüşüb. 1/8 final mərhələsi çərçivəsində baş tutan görüş boksçumuzun 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb. Hüseynov 1/4 finalda ispaniyalı Rafael Serrano ilə qüvvəsini sınayacaq.

Murad Allahverdiyev də ilk qarşılaşmasını xeyrinə bitirib. O, Aleksey Koktsikava (İBAB) 3:2 (28:29, 29:28, 30:27, 28:29, 30:27) hesabı ilə qalib gəlib. Allahverdiyev 1/4 finalda Matviy Rajba (Ukrayna) ilə münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, Avropa çempionatında kişi boksçular arasında 1/4 final mərhələsinin görüşləri oktyabrın 16-da keçirəcək.

Xəbər xətti