"Sabah"ın legioneri: "Nigeriya millisində oynamaq istəyirəm" - MÜSAHİBƏ

12:17 - 16 Dekabr 2024

"Sabah"ın legioneri Cessi Sekidika Sportal.az saytına müsahibə verib.

- "Araz-Naxçıvan"la matçda qələbə qazanmağı bacardınız. Görüş sizin üçün necə alındı?

Bəli, qalib gəldiyimizə görə şadıq. Premyer Liqada işlərimiz yaxşı gedir. Hər halda, "Araz-Naxçıvan"a qarşı oynayırdıq. Bu komandaya qarşı oynamaq heç də asan deyil. Çünki "Araz-Naxçıvan" yaxşı komandadır. Birinci hissədə heç də yaxşı oynamadıq. Amma fasilədən sonra daha yaxşı idik. Topa sahib idik, oyunda üstünlük bizdə idi. Ona görə də qol vurduq. Vacib qələbə qazandıq. Buna görə daha da sevinirik.

- "Sabah" Premyer Liqanın liderini məğlub etdi. Bu sizin üçün ikiqat sevindiricidir və motivasiya verəcək?

Dediyim kimi, “Araz-Naxçıvan” yaxşı komandadır. Onlara qarşı oynamaq heç asan deyil. 

- "Qarabağ"a qarşı oynamaq çətindir, yoxsa “Araz-Naxçıvan”a?

Fərqlidir. “Qarabağ” böyük klubdur, böyük komandadır. Onların səviyyəsini hamımız bilirik. Azərbaycan Premyer Liqasında heç bir oyun asan keçmir. Bütün matçlar çətin alınır. Ona görə də, gərək oyunlara ciddi yanaşmalısan. “Araz-Naxçıvan”a qarşı oynamaq da asan deyildi. Amma biz qələbə qazanmaq haqda düşünürdük. Bunu da reallaşdırdıq.

- Baş məşqçinin gəlişindən sonra komanda qələbə qazanır. O, komandada nəyi dəyişə bilib?

Bu normaldır. Yeni baş məşqçi gəlib və futbolçular da özlərini göstərmək istəyir. O, fərqli enerji, fərqli taktika gətirib komandaya. Onun gəlişindən sonra uğurlu nəticələr qazandığımıza görə şadam. Hər halda, qələbələr, inkişaf etmək komandamız üçün də vacibdir.

- Qışdan sonra çempionluq mübarizəsinə qoşulmağınız üçün gücünüz var? Çoxları sizdən bunu gözləyirdi...

Bilirsiz, bizim üçün bütün oyunlar vacibdir. “Araz-Naxçıvan”la oyun başa çatdı. İndi də artıq növbəti turdakı oyunumuza fokuslanmışıq. Bir oyun bitdikdən sonra növbəti görüşü düşünürük. Qarşıda bizi "Şamaxı" ilə oyun gözləyir. Hazırda məhz bu görüşü düşünürük. Mövsümün sonunda necə olacağını zaman göstərəcək.

- Səni Nigeriya millisinin heyətində Viktor Osimhenlə nə vaxt görəcəyik? 

(gülür) Bilmirəm. Millidən heç kimlə danışmamışam. Əlbəttə ki, mən Nigeriya millisində oynamaq istəyirəm. Amma düzü, indi birinci fokuslandığım məsələ “Sabah”da yaxşı oynayıb, komandaya xeyir verməkdir. Gələcəkdə nəyin necə olacağını isə görəcəyik.

- Bir vaxtlar “Neftçi”də oynaya bilərdin, amma səninlə müqavilə imzalanmamışdı. Hazırda isə “Sabah”da çıxış edirsən. Maraqlıdır, “Neftçi”yə qarşı oyunlar sənin üçün xüsusi keçir?

Bəli, belə şey olmuşdu. Amma siz deyən məsələ kimi hisslər yoxdur. Futboldur da. Hansısa komandanın düşərgəsində olursan. Amma mən 3-4 il əvvəli düşünmürəm. Mən hazırda “Sabah”ın futbolçusuyam və bu komandanın uğurlarını düşünürəm. Özümü “Sabah”da xoşbəxt hiss edirəm. Bu komanda üçün ən yaxşısını edirəm. Yeni bazamız var. Hər şey yaxşıdır. Yeni dəyişikliklərin nəticələrimizə təsir edəcəyiniə inanıram.

Mirbağırağa

Xəbər xətti