De Blekerin etirafı, İnqilabın ifşası - ya qərəzlidir, ya da qaydaları bilmir...

11:00 - 24 Oktyabr 2025

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Misli Premyer Liqasının 8-ci turunun mübahisəli epizodlarını şərh edib. 

Ən maraq doğuran fikir Qubadakı matçla bağlı idi. Baş hakim İnqilab Məmmədovun qaranlıq qərarı "Qəbələ"nin xal itkisinə gətirib çıxarmışdı. 

Buna səbəb "İmişli" - "Qəbələ" matçının 59-cu dəqiqəsində yaşanan epizod olub. "İmişli"nin müdafiəçisi Ronaldo de Souza əli ilə rəqib hücumunun qarşısını alıb. Belə baxanda rahat epizoddu. Çoxuna görə qırmızı vərəqədir, amma "sarı" da göstərsəydi, narazılıq edən olmayacaqdı. Çünki bu, həmin futbolçunun ikinci sarı vərəqəsi olacaqdı və Ronaldo meydanı tərk edəcəkdi. 

Lakin bu qədər sadə epizod baş hakim İnqilab Məmmədovu mürəkkəb vəziyyətə saldı. Əllə toxunuşu təsdiqlədi, qayda pozuntusunu gördü, amma vərəqə göstərmək istəmədi. Hakimlər Komitəsinin rəhbəri De Bleker deyir ki, İnqilab səhv edib. Epizodun sarı vərəqəlik olduğunu iddia etdiyi üçün VAR-ın günahsız olduğunu bildirib. Yəni, tək təqsirkar İnqilab Məmmədovdur. 

Keçək əsas məsələyə. İnqilab bundan sonra necə olsun? Bu epizod səhv deyil. Səhv odur ki, dəfələrlə baxarsan, qayda pozuntusu ya görərsən, ya görməzsən. "İmişli"nin futbolçusunun əllə oynadığı aşkardır. Bunu İnqilab Məmmədov da inkar eləmir. Çünki əllə toxunuşa görə cərimə zərbəsi verib. Bunu görə-görə "İmişli"nin oyunçusunu meydandan qovmursa, elə çıxır ki, ya qaydaları bilmir, ya da qərəzlidir. Təəssüf ki, bu məsələdə üçüncü variant yoxdur. 

Qaydaları bilmirsə, çox ayıb. İllərin hakimidir, hətta azarkeş belə bunun vərəqəlik epizod olduğunu bilir, İnqilab bilmir... Qərəzlidirsə, bu daha pis. Haradan baxsan, adam hakimlik adına yaraşmayan hərəkət edib. Elə bir iş tutub ki, bəraəti yoxdur. 

Hakimlikdən silinməsi ağır qərar olar. Amma onu 5-6 ay aşağı liqalara göndərmək lazımdır ki, ağlı başına gəlsin. Heç bir klubun əməyini yerə vurmasın. Onsuz da Kaxaber Tsxadadzenin "Qəbələ"də işləri yaxşı getmir. Ən azından "İmişli" üzərində qələbəylə vəziyyətini düzəldə bilərdi. Amma İnqilab Məmmədov buna imkan vermədi. Belə adamlar cəzasını mütləq almalıdır. 

Həmid

Xəbər xətti