Canni İnfantino FİFA prezidenti olmağa qərar verməsinin səbəbi ilə bağlı zarafat edib. İsveçrəli funksioner Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edib.
Sportal.az xəbər verir ki, İnfantino öz açıqlamasında maraqlı fikirlər səsləndirib:
"Burada bir kubok görürük. Bu, əlbəttə ki, futbol üzrə dünya çempionatının kubokudur, qaliblərin trofeyidir. Biz ABŞ-ın, finalın ev sahibi olan ölkənin prezidenti ilə birlikdə 19 iyulda bu kuboku dünya çempionatının qalibi olan komandanın kapitanına təqdim edəcəyik.
Bu trofeyə heç kim toxuna bilməz, elə deyilmi? Yalnız qalib… ya da FİFA prezidenti, çünki o, kuboku qalibə təqdim etməlidir. Mən gənc olanda çox tez başa düşdüm ki, futbol bacarıqlarım heç vaxt dünya çempionu kimi bu trofeyə toxunmağa imkan verməyəcək. Ona görə də ona toxunmaq üçün başqa bir yol tapmalı idim və FİFA prezidenti olmağa qərar verdim.
Beləliklə, nəhayət, bu sehrli, dünya idmanının ən simvolik trofeyinə toxunmaq şərəfinə nail oldum."
