Dəlisov istedad - ilin ən yaxşı futbolçusu seçilməyən Elvin Cəfərquliyev

19:07 - 28 Dekabr 2024

"Futbol+" qəzetinin 1999-cu ildən keçirdiyi ənənəvi sorğunun nəticələrinə görə, ilin ən yaxşı futbolçusu Toral Bayramov seçilib. Əksəriyyət onu komanda yoldaşı Elvin Cəfərquliyevdən daha üstün görüb. 

Ədalətli seçim hesab eləmək olar. Toral əla formadadır. Xüsusən də, ilin ikinci yarısını yaxşı keçirib. Həm "Qarabağ"ın, həm də millinin heyətində qolları, yaxşı oyunları olub. Yayılan məlumatlara görə, futbolçumuz "Trabzonspor"un maraq dairəsinə düşüb. Gün o gün olsun ki, bizdə də gürcülərdəki kimi futbolçularımız Avropanın hər tərəfinə səpələnsin, soraqları aparıcı çempionatlardan gəlsin. 

Lakin bu yazının qəhrəmanı, lap dəqiqləşdirsək, anti-qəhrəmanı ilin ən yaxşısı seçilə bilməyən Elvin Cəfərquliyevdir. Necə olub ki, ölkənin ən yaxşılarından, bizə görə isə ən yaxşı futbolçusu olan Cəfərquliyevə daha az səs veriblər...

Elvin Cəfərquliyevin Avropanın aparıcı çempionatlarının ortabab klublarında oynaması üçün bütün keyfiyyətləri var. Sol ayaqlı, böyük iş əmsalına malik, sürətli cinah müdafiəçilərinə tələbat var və olacaq da. Amma Elvinlə bağlı durum bir az qəlizdir. 

"Braqa" ilə həm səfər, həm də ev oyunlarında "Qarabağ"ın ən yaxşılarından olan Cəfərquliyev təəssüf ki, yaddaşlarda qəhrəman kimi yox, anti-qəhrəman kimi qalıb. Onun həmin oyunlardakı faydalı iş əmsalını xatırlayan yoxdur, hamı Elvinin qırmızı vərəqə almasını xatırlayır. Eynən də "Bayer"lə 1/8 final matçları. 

Bu gün Avropa klublarının birində oynamalı olan bu adam azarkeşlər tərəfindən birmənalı qarşılanmır. Yəqin ki, onu izləyən xarici klublar da tez-tez qırmızı vərəqələr alan Cəfərquliyevin məhz dəlisovluğuna görə transfer təklifi etmirlər "Qarabağ"a! 

Bizdə psixoloq adı gələn kimi çoxlarını səksəkə tutur. Bəziləri elə qəbul eləyir ki, psixoloqlar normal adamlarla yox, dəlilərlə çalışırlar. Avropada isə çoxdan qəbullanıblar ki, hər adamın psixoloqa ehtiyacı ola bilər. Həyatımızın az qala hər addımında stress yaşadığımızı nəzərə alsaq, belə bir xidmətdən istifadəmiz qaçılmaza çevrilir. 

İdmançıların da psixoloqlara ehtiyacı böyükdür. Elvin Cəfərquliyevə çatmayan məhz budur. Əsəblərinə hakim olmaq, oyuna ilk növbədə psixoloji cəhətdən düzgün hazırlaşmaq baxımından mütəxəssislərin xidmətindən yararlanmalıdır. 

İlin ən yaxşı futbolçusu seçilməmək nə faciədir, nə də uğursuzluq. Ən böyük faciə o olar ki, Elvin kimi istedad ölkəmizin futbol sərhədlərini aşa bilməyə, elə buralarda batıb gedə...

Həmid

Xəbər xətti