Xankəndi "Qarabağ"ının sabiq futbolçusu Qaraxan Əliyevin İdman.biz-ə müsahibə verib.
Sportal.az həmin müsahibəni təqdim edir:
- Qaraxan bəy, bir müddət Xankəndinin “Qarabağ” klubunda çıxış etmisiniz. Necə xatırlayırsınız, 40 il öncənin futbol mühitini?
- Bəli, üç ilə yaxın “Qarabağ”da oynamışam. O vaxt həmin komanda 9-cu zonaya aid idi, I liqada çıxış edirdik. Özüm isə futbola 16 yaşımda başlamışam. 4 il Xankəndidə futbol məktəbinə getmişəm. Daha sonra bu şəhərin “Qarabağ” klubunda oynamağa başladım. Təxminən, üç ilə yaxın orada çıxış etdikdən sonra ayrılmalı oldum.
- Niyə?
- Komandada cəmi iki azərbaycanlı var idi – mən və İlqar adlı bir oğlan. Çoxu ermənilər idi. Hələ o vaxt ermənilər tərəfindən təzyiqlərə məruz qalırdım, mənə deyirdilər ki, get, azərbaycanlılarla oyna.
- Təzyiq deyəndə nəyi nəzərdə tutursunuz?
- İmkan vermirdilər oynayım. Bir-birlərinə pas ötürürdülər, mən qalırdım ortalıqda. Yadımdadır, üç nəfər İrəvan ermənisi vardı, ikisi əkiz qardaş idi. Mən həmişə ikitərəfli oyunda onlara imkan vermirdim. Məşqçi də həmin erməniləri qızışdırırdı ki, bir türklə bacara bilmirsiniz. Onlar da beş-on adam yığırdılar başlarına gəlirdilər üstümə. Dəfələrlə mübahisəmiz düşüb, məni döyüblər. Onlar çox, mən tək. Neyləyə bilərdim ki? İmkan vermədilər oynayım. Mən də çıxıb getdim Mingəçevir komandasına. Bir müddət orada oynayandan sonra Rusiyaya yollandım. Ulyanovsk şəhərində “Start” komandası vardı, qısa müddət orada çıxış etdim.
- Niyə qısa müddət?
- Onlarla mənimki tutmadı. Çünki həmin komanda yayda futbol oynayırdı, qışda topla hokkey. Məndə də hokkey alınmadı.
- Bəs niyə təkrar Azərbaycana qayıtmadınız?
- Əslində, Rusiyada olanda buradan mənə dəfələrlə teleqram vurub, geri çağırırdılar. Xüsusilə də məşqçimiz Rasim müəllim qayıtmağım üçün çox israr elədi. Ancaq artıq hiss edirdim ki, əvvəlki formamı itirmişəm. Sonra isə iş elə gətirdi ki, futboldan birdəfəlik uzaqlaşdım.
- Bəs Azərbaycanda özünüzü yüksək liqa klublarından birində sınamaq istəməmisiniz heç?
- Bilirsiniz, Sovet dövründə oralara düşmək çox çətin idi. Ancaq bacardığım qədər oynamağa çalışmışam. Mənə “Qarabağ”ın Maradonası” deyirdilər.
- Hansı futbol klubuna azarkeşlik edirsiniz?
- Əlbəttə ki, “Qarabağ”.
- O vaxtki “Qarabağ”ın formasında şəkliniz varmı?
- Təəssüf ki, Xocalıdan çıxanda o şəkilləri götürə bilmədim.
- Siz həm də Xocalı faciəsinin şahidisiniz.
- Bəli. Əvvəlcə səngərləri vurdular. Bizim də onlara qarşı vuruşmaq üçün elə bir silahımız yox idi. Şəhəri tərk etməyə məcbur olduq. İmkanımız kimə çatdısa, qocalara, uşaqlara kömək edib çıxardıq. Oradan Ağdama gəldik, daha sonra Naftalanda məskunlaşdıq. Mənim həmin gecə hər iki valideynim şəhid oldu. Neçə yaxınımı həmin faciədə itirdim. Xocalı ilə bağlı kadrlarda başı ağ yaylıqla bağlanan uşaq var e, o, mənim əmim nəvəsidir – Mehdi. Oradakı ağsaqqal kişi isə əmimdir. Həmin uşağın atasının, anasının və iki qardaşının meyitini də tapmadıq. Mehdi indi böyük oğlandır, özünün ailəsi, uşağı var. Ancaq neçə il keçsə də, Xocalı qəlbimizdən heç vaxt silinməyəcək bir yaradır. Nə qədər ki, yaşayırıq, o faciənin ağrısı da bizimlədir.
Torpaqlar işğaldan azad olunandan sonra demək olar ki, ayda iki-üç dəfə Xocalıya gedirəm. Hələ ki, oradakı evim hazır deyil. Hazır olan kimi inşallah birdəfəlik köçəcəm. İndi ev dövlət tərəfindən təmir olunur. Təsəvvür edin, təzə ev tikdim, içində bir gün yaşamaq qismət olmadı. Təmir edib, qapısını bağlayıb çıxdıq. Mənim evimdə illərlə erməni yaşayıb. Allah ordumuzu qorusun, şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində yenidən Xocalını gördük. Xocalı ermənilərin əhatəsində olduğu üçün qayıdacağına ümidim yox idi, qorxurdum ki, bir də oranı görə bilməyim.
- O vaxt “Qarabağ”dan ayrılmaq məcburiyyətində qalmasaydınız, futbolu davam etdirərdinizmi?
- Əlbəttə. Futbol mənim ürəyimdə bir nisgil kimi qalıb. İndi nəvələrimi futbola qoymuşam. Biz həyat görməmişik ki... Gözümüzü açıb yumduq ki, qoca kişiyik. Gəncliyimiz gedib. Bu gün 65 yaşım var, ancaq hələ də həyətdə uşaqların futbol oynadığını görəndə ürəyim atlanır ki, kaş mən də oynaya biləydim.
Aytac Sahəd
İdman.biz