"Sabah"ın futbolçusu: "Sumqayıt"a qarşı 100 faiz asan olmayacaq, amma mərhələ adlamaq istəyirik"

14:47 - 26 Fevral 2025

"Sabah"ın futbolçusu Abdulla Xaybullayev Sportal.az saytına müsahibə verib.

- "Qarabağ"a qarşı matç necə aındı? Oyununuz istədiyiniz kimi alındı, yoxsa istədiyiniz kimi olmadı?

Çox yaxşı oyun alındı. Amma düzünü desəm, bütün istədiklərimizi edə bilmədik. Səhvlərə yol verdik. Top itkiləri də az olmadı. Hər halda, sonda bərabərə qala bildik. 

- Son dəqiqələrdə daha çox hücum etdiniz. Qələbə qazanmağınız mümkün idi?

"Qarabağ"a qarşı yaxşı oynadıq. Əgər real qol epizodlarını götürsək, üç xal da qazanmaq mümkün idi. Amma ümumilikdə nəticə ədalətli idi. Qol epizodlarımız az deyildi. Qalibiyyətə yaxın idik. Şanslardan istifadə etsəydik, qalib gələrdik.

- Maraqlıdır ki, "Sabah" ambissiyalı rəqiblərə qarşı daha inamlı çıxış edir. Amma komandada stabillik yoxdur. Problemi nədə görürsən? Qeyri-stabil çıxışınıza səbəb nədir?

Razıyam, stabilliyimiz yoxdur. Amma biz bütün rəqiblərə qarşı istəkli və aqressiv oynayırıq. Üstəlik, biz əksər matçlarda dominantlıq edirik. Ancaq sanki nəsə çatışmır. 

- Növbəti matçınız ölkə kubokunda 1/4 finalda "Sumqayıt"a qarşı cavab görüşüdür. Bu görüş haqda fikrin necədir? Rəqib 9 oyundur ki, qol vurmur...

"Sumqayıt"a qarşı oyun 100 faiz asan olmayacaq. Əlimizdən gələn hər şeyi edəcəyik. Növbəti mərhələyə adlamaq istəyirik. Bunun üçün hazırlaşmışıq. Ümidvaram ki, hər şey istədiyimiz kimi olacaq.

- Demək olar ki, "Sabah" üçün ən yaxşısı ölkə kubokundan avrokuboklara vəsiqə qazanmaqdır? Çünki turnir cədvəlində komanda 5-ci pillədədir... 

Vəziyyətimiz necə olursa-olsun, biz sona qədər mübarizə aparacağıq. Turnir cədvəlində yuxarı pillələrə yüksələcəyimizə inanırıq. Həm kubokda, həm də Premyer Liqada yalnız qələbə üçün oynayırıq.
 

Xəbər xətti