Qurban Qurbanov Şimali Makedoniya Futbol Federasiyasının dəvətini qəbul etdi - təcrübəsini onlarla bölüşdü

16:17 - 4 Dekabr 2025

Şimali Futbol Federasiyasında Məşqçi Təhsil Mərkəzi UEFA PRO kursunun üçüncü modulunu (səkkiz moduldan) başa vurub. Bu modul 2025/26-cı illər üçün UEFA Konvensiyasına uyğun olaraq intensiv proqramla doludur və bu modul çərçivəsində 22 namizədə çoxsaylı yeni məzmun, praktiki təlim sessiyaları və nəzəri mühazirələr təqdim olunub.

Sportal.az xəbər verir ki, onlayn mühazirə keçirənlərdən biri Qurban Qurbanov olub. Onu Ağdam klubunun sabiq məşqçisi, hazırda isə Şimali Makedoniya Futbol Federasiyasının PRO lisenziya üzrə direktoru olan Borçe Xristov dəvət edib. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov PRO kateqoriyasına namizədlərə klubun bütün inkişaf yolunu, Azərbaycanın Premyer Liqasındakı çempionluqdan, Çempionlar Liqasına vəsiqə qazanmasına qədər təcrübəsini bölüşüb. Hətta ŞMFF-nın rəsmi saytı azərbaycanlı mütəxəssisi haqda bu cür yazıb:

"Qurban Qurbanova təşəkkürümüzü bildiririk. O, eyni klubun rəhbərliyində 18 il çalışması ilə öyünə biləcək azsaylı məşqçilərdən biridir. Onun çıxışı gələcək PRO lisenziyası sahibləri üçün güclü bir motivasiya idi və məşqçilərin hər bir komandanın uğurunda əsas amillər olduğuna dair aydın bir mesaj verdi. O, mürəkkəb məşq üçün müasir vasitələrin tətbiqinin, məşqçinin oyunçulara yanaşmasının və iş tərzinə dair aydın bir vizyonunun nəticəyə aparan təməllər olduğunu vurğulayıb".

Borçe Xristov saytımıza açıqlamasında Qurban Qurbanova dəvəti qəbul etdiyi üçün təşəkkürünü bildirib: “Qurban Qurbanovla uzun illər birlikdə işləmişik, ona böyük hörmətim var. Həm də gördüyü işlər göz önündədir. Həqiqətən də yaxşı mənada möcüzəvi işlər görür. Əlbəttə ki, bu cür məşqçinin işi hamı üçün maraqlıdır. O, müəllim kimi bizim konfransda çıxış etdi. Öz təcrübəsini məşqçilərlə bölüşdü, müasir məşqlərdən, komandanı inkişaf etdirməkdən danışdı. Qurban Qurbanova təşəkkürümü bildirirəm. Şadam ki, o, “Qarabağ”ın baş məşqçisi kimi Çempionlar Liqasında çox əla işlər görür".


Mirbağırağa

Xəbər xətti