"Qrupdan çıxsaq Fernandu Santuşa heykəl ucaltmaq, adına küçə vermək lazım gələcək"

15:58 - 25 Mart 2025

"Haiti yaxşı komanda idi. Heyətində yaxşı futbolçuları var. Bizim üçün nəticə yox, kimlərin oynayacağı, oyunumuz önəmliydi. Amma istənilən halda bu cür hesabla uduzmaq olmazdı. Heç bir futbolçu meydana uduzmaq üçün çıxmır. Sadəcə futbolçularımızın potensialı budur. Bununla da barışmaq lazımdır. Nə vaxta qədər milli komandamızın futbolçularının keyfiyyətini artırmayacağıq, bu səviyyədə qalacağıqsa, bütün millilərə uduza da bilərik. Birinci Liqadan milliyə futbolçu dəvət ediləndə, düşündüm ki, onu yalnız və yalnız həmin liqadakı futbolçuları həvəsləndirmək, stimullaşdırmaq üçün dəvət edilib. Bizdə seçim çox deyil, olanımız budur. Bununla da davam edəcəyik".

Bu sözləri Sportal.az saytına açıqlamasında Ceyhun Sultanov deyib. O, yığma komandamızın üç gün öncə Haitiyə məğlubiyyətini şərh edib. Bununla yanaşı, milli komandamızın sabiq üzvü yığma komandamızın bu gün Belarusa qarşı keçirəcəyi yoldaşlıq görüşündən gözləntilərini açıqlayıb.

Bununla yanaşı, millimizin DÇ-2026-nın seçmə mərhələsindəki şanslarını dəyərləndirib: "AVRO-2028-in seçmə mərhələsində hansı komandalarla düşəcəyik, o da maraqlıdır. Hər halda, indi hazırlıq görüşləri oynayırıq. Belarusla oyuna gəldikdə, eyni səviyyədə komandalardır. Hansı komanda az səhv edəcək, hansı komandanın şansı gətirəcəksə, qalib gələcək. Bizim millimiz hər üç nəticəni reallaşdıra bilər. Elə komanda var ki, hər zaman uduzacağını düşünürsən. Amma millimiz uduza da bilər, uda da bilər, heç-heçə də edə bilər. Şərt odur ki, futbolçularımızın Avropa səviyyəsinə çıxması üçün potensialı yoxdur. DÇ-2026-nın seçmə mərhələsindəki qrupdan çıxmaq şansımız sıfırdır. O qrupdan çıxsaq, Fernandu Santuşun adına küçə vermək, heykəl ucaltmaq lazım gələcək. İnanaq ki, həmin görüşlərdə böyük hesabla uduzmayacağıq. Bunun özü də böyük iş olacaq".

Qeyd edək ki, bu gün Azərbaycan millisi 21:45-də Belarusla qarşılaşacaq. Millimiz DÇ-2026-nın seçmə mərhələsində Ukrayna, İslandiya və Fransa ilə eyni qrupda yer alacaq.

Mirbağırağa

Xəbər xətti