"Zirə"nin yarımmüdafiəçisi: "Qarabağ"a azarkeşlik edəcəyik"

13:22 - 7 Aprel 2025

"Zirə"nin yarımmüdafiəçisi Eldar Quliyev Sportal.az saytına açıqlama verib.

Qəsəbə təmsilçisinin futbolçusu komandasının Misli Premyer Liqasının 29-cu turunun "Qarabağ"a qarşı keçirilmiş (1:0) oyunu şərh edib:

"Oyun planına uyğun hərəkət edirdik. Vurulan qol da planlarımızı pozdu. Penaltidən fərqlənə bilərdik. Epizodlarımız oldu, amma təəssüf ki, alınmadı. Deyiləcək çox söz yoxdur. "Qarabağ" yaxşı komandadır, onların oyunçuları da bizə mane olurdular, yaxşı müdafiə də olunurdular. Onların yaxşı, keyfiyyətli oyunçuları var".

O, komandasının bu mövsüm Premyer Liqada 2-ci yeri tutmaq ehtimalından danışıb: "Əlbəttə, mövsümün sonuna qədər 2-ci pillədəki yerimizi qoruyub-saxlaya bilərik. Üçüncü yerlə qərarlaşan klubla xal fərqimiz var. Bu işin öhdəsindən gələ bilərik. "Qarabağ" kuboku götürsə, biz də ikinci pilləni tutsaq, Avropa Liqasına yollana bilərik. Təbii ki, istəyərdik "Qarabağ" kubokun qalibi olsun. Komanda olaraq "Qarabağ"a azarkeşlik edəcəyik. Amma düzünü deyim, Avropa Liqası və ya Konfrans Liqası arasında fərq yoxdur. Hər iki turnirdə mübarizə aparmağa hazırıq".

Mirbağırağa

Xəbər xətti