Qazaxıstan Minifutbol Federasiyasının prezidenti Yerlan Kasımov Sportal.az saytına açıqlama verib.
O, Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı fikirlərini bildirib. Kasımov Qazaxıstanın yer aldığı qrupdakı şanslarını da dəyərləndirib:
"Düzünü deyim, biz "ölüm qrupu"na düşmüşük. ABŞ çox güclü komandadır. Bosniya və Herseqovina da yaxşı komandadır. Onları yaxşı tanıyıram. Əsl döyüşçüdürlər. Polşa millisi də, həmçinin. Mübarizə aparacağıq. İndi ilk hədəf qrupdan çıxmaq olacaq. Sonra isə görəcəyik. Mundialın favoriti haqda nəsə demək çətindir. Amma təbii ki, Qazaxıstan da minifutbolda ən güclü komandalardan biridir. Daim finallarda oynayırıq. Amma Meksika, Çexiya, Rumıniya, Azərbaycan yığmaları da güclüdür. Ən yaxşısı Azərbaycanla finalda qarşılaşmaqdır".
Qazaxıstan Minifutbol Federasiyasının rəsmisinin dediyinə görə, dünya çempionatına ev sahibliyi etmək istəyiblər. Lakin sonradan bu fikirdən daşınıblar: "Bakıdakı püşkatma mərasimi də əla keçirildi. Belə olacağını gözləyirdim. Dünya çempionatının da yüksək səviyyədə olacağını düşünürəm. Püşkatmada da atmosfer əla idi. Azərbaycan minifutbol çempionatının final görüşünə də baxmışdım. Əla oyun alınmışdı. Azərbaycan Miniftubol Federasiyası ilə əla münasibətimiz var. Qardaşlarımıza böyük hörmətim var. Onlarla heç vaxt anlaşılmazlığımız belə, olmayıb. Hər zaman münasibətimiz yüksək səviyyədə olub. Gələcəkdə biz də dünya çempionatı keçirmək istəyirik. 2023-cü ildə dünya çempionatını keçirmək üçün namizədliyimizi irəli sürmüşdük. Amma BƏƏ qalib gəldi. Azərbaycanın DÇ-2025 üçün namizədliyini verdiyini biləndə, hörmət əlaməti olaraq, biz bundan vaz keçdik.
Azərbaycan 2025-ci ildə dünya çempionatı üçün namizədliyini verəndə, biz bundan vaz keçdik. Çünki Azərbaycana böyük hörmətimiz var. Əminəm ki, onlar bu çempionatı yüksək səviyyədə keçirəcək. Növbəti mundial 2027-ci il Qətərdə olacaq. 2029-cu ildəki turnir üçün isə namizədliyimizi irəli sürəcəyik".
Qeyd edək ki, mayın 21-dən iyunun 1-nə kimi Bakıda dünya çempionatı keçiriləcək. Qazaxıstan millisi ABŞ, Bosniya və Herseqovina və Polşa ilə F qrupunda yer alıb.
Mirbağırağa
saytlarin hazirlanmasi