Bir neçə tur əvvəl 15 yaşlı Amin Rzayev, son oyunda isə 17 yaşlı Hikmət Cəbrayılzadənin "Qarabağ"ın əsas heyətində debüt etməsi diqqət çəkən hadisə oldu. Belə görünür ki, son 2 ildə klubun akademiyasında aparılan islahatlar bəhrəsini verməkdədir. Belə ki, əvvəlcə tanınmış mütəxəssis Aftandil Hacıyev "Qarabağ"ın akademiyasına rəhbər təyin olunub. Daha sonra uşaq futbolunda ən yaxşılardan sayılan Nail Kərimov idarəçi postuna gətirilib.
Gənc futbolçuların "Qarabağ"ın əsas heyətinə ayaq açması, akademiyada görülən işlərlə bağlı Aftandil Hacıyevin fikirlərini öyrəndik. Sportal.az saytına danışan rəhbər şəxs gələcəkdə klubun akademiyasında yeni istedadların üzə çıxacağını dedi:
"Bizdə həmişə istedadlı futbolçular olub, var və olacaq da! Əsas məsələ onları üzə çıxarmaqdır. Mənim gəlişimlə akademiyamızda ilk növbədə iş prinsipləri dəyişdi. Klubun keçmiş futbolçularını məşqçiliyə cəlb elədik. Bütün yaş qruplarımız vahid sistemlə çalışmağa başladı. Rəhbərlik də xeyli dəstək oldu. İnfrastruktura əl gəzdirildi, "Sərhədçi"də əsaslı təmir işləri aparıldı. Son bir neçə ildə şərait xeyli yaxşılaşıb.
Qurban Qurbanovu da qeyd etməliyik. O, əvvəlki illərdə Elvin Cəfərquliyev, Toral Bayramov, Musa Qurbanlı, Nəriman Axundzadə kimi gəncləri üzə çıxarıb. İndi də sağ olsun, gənclərə şans verir. Yaxşı işlər görürük. Akademiyamızdan yenə istedadlı futbolçular üzə çıxacaq".
saytlarin hazirlanmasi