Əmrah Çəlikəl: "Kubok matçından sonra planlarımız daha da dəqiqləşəcək"

22:42 - 18 May 2025

Bu gün Misli Premyer Liqasında XXXV tura yekun vurulub. Doğma meydanda "Kəpəz"i qəbul edən çempion "Qarabağ" 3 cavabsız qolla qalib gəlib.

Oyundan sonra "Qarabağ"ın idman direktoru Əmrah Çəlikəl Sportal.az-a açıqlama verib:

"Bu sevinci  yaşadığımıza görə çox xoşbəxtəm. Allah qoysa, davamlı olsun. 14-15 olsun. Açığı, mən üçüncü ulduzumuzu da görmək istəyirəm. Mövsümü "qızıl dubl"la başa vurmağa gəldikdə, kubokun finalında da bunun üçün əlimizdən gələni edəcəyik. Komandamızın da, oyunçularımızın da final görüşünə tam motivasiyalı çıxacağına inanıram. Əlbəttə ki, avrokuboklar öncəsi kubokda uğur bizim üçün böyük stimul olardı".

Çəlikəl, yeni sezon heyətin gücləndirilməsi haqda məsələyə bu cür yanaşıb: "Heyətin güclənməsinə gəldikdə, mütləq ki, transferlər olacaq. Ancaq bu barədə mənə elə gəlir ki, kubok matçından sonra planlarımız daha da dəqiqləşəcək, bəlli olacaq. Legioner limitinin ləğvi transferlərə təsir edib-etməyəcəyinə gəldikdə, əlbəttə ki, hamıya necə, bizə də elə. Bütün klublara, büdcələrə və transferlərə təsir göstərəcək".

Xəbər xətti