"Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsinə elə başlanğıc etdi ki, bütün Avropanın diqqətini üzərinə cəmləmiş oldu. İngiltərədən tutmuş, qardaş Türkiyəyə qədər "Qarabağ"ın nəticələrindən, oyun tərzindən danışılır. Təbii ki, həm də komandanın baş məşqçisi Qurban Qurbanovdan.
Bir azərbaycanlı mütəxəssisin Portuqaliyanın aşağı liqalarından tapıb gətirdiyi futbolçularla bu cür komanda yaratması təəccüb yaradır, alqış alır. İstisna deyil ki, bir çox klubların gözü onun üstündədir. Hətta "Spartak" Moskva, "Benfika"nın Qurbanova maraq göstərdiyi deyilir.
Xarici klubların Qurban Qurbanova olan marağının artmasında qeyri-adi heç nə yoxdur. Nəticələri onun yerinə danışır. Amma səbəb yalnız nəticələr deyil.
Klublar məşqçiləri araşdırarkən, yalnız nəticələrə köklənmirlər. Nəticə vacibdir, amma əməkdaşlıq üçün yeganə meyar deyil. Adətən seçimlər zamanı məşqçinin savadı, üstünlük verdiyi oyun üslubu, xarakteri, liderlik qabiliyyəti, idarəetmə bacarığı, sözügedən ölkəyə mental uyğunluğu və s. nüanslara da xüsusi diqqət yetirilir.
Qurban Qurbanov nəticə qazanmaqla yanaşı, müsbət keyfiyyətlər toplusu olan məşqçilərdəndir. Xarizmatikliyi, güvən verən duruşu, komandanı idarə etmək bacarığı, ciddiliyi ilə dərhal diqqət çəkən adamdır. Avrokuboklarda böyük təcrübəyə malikdir. Onun işi əcnəbi həmkarları tərəfindən də dəfələrlə vurğulanıb.
Avropanın aparıcı futbol ölkələrində Qurban Qurbanov kimi məşqçilərə tələbat böyükdür. Amma onun "Qarabağ"ı tərk etmək ehtimalı azdır. Ən azı indiki dönəmdə. Çünki hazırda həm "Qarabağ"ın, həm də ölkə futbolunun ona ehtiyacı var.
Həmid
saytlarin hazirlanmasi
