"Hələ ki rəsmi olaraq “Karvan-Yevlax”la yollarımızı ayırmamışıq. Yəni xitam verilməsi üçün tələb olunan müqaviləyə qol çəkməmişəm".
Bu sözləri Sportal.az saytına açıqlamasında bu mövsüm "Karvan-Yevlax"ı çalışdırmış Azər Haşımov deyib.
O, komandadan ayrılsa da, rəsmi olaraq onun müqaviləsinə xitam verilməyib. Buna səbəb isə klubun Haşımova təzminatı hələ ödəməməsidir:
"Mənim “Karvan-Yevlax”la müqavilə müddətim mayın sonuna qədərdir. Müqavilədə qarşılıqlı razılıq əsasında xitam verməliyəm. Müqaviləyə xitam verilməsi üçün, “Karvan-Yevlax” təzminat ödəməlidir. Yəni ayrılıq müqaviləsinə qol çəkirəmsə, qarşılığı təzminatdır".
O, “Karvan-Yevlax”ın Premyer Liqada qalacağına inandığını bildirib: “Füzuli Məmmədov təcrübəli mütəxəsssidir. Ona və komandaya yalnız uğurlar arzulayıram. Bəli, doğrudur, komandanı məşqlərə artıq mən çıxarmıram. Mən şəraitimə uyğun, bildiklərimi meydanda komanda üçün yerinə yetirməyə çalışmışdım. Əsas odur ki, işimi məsuliyyətlə görmüşəm. İnanıram ki, "Karvan-Yevlax" Premyer Liqada qalacaq. Səmimiyyətimlə deyirəm ki, bunu çox istəyirəm. Komandanın Premyer Liqada qalmasına çox sevinərəm. Kənan Kərimov bu komandanı Region Liqasından Premyer Liqaya gətirib çıxarıb. Təbii ki, bu cür komandanın liqada qalmasını çox istəyərdim”.
Mirbağırağa
