Müasir futbolda mövqe üzrə ən çətin tapılan oyunçular həm də mərkəz hücumçularıdır. Xüsusən, aşağı büdcəli komandalar bu mənada daha böyük çətinliklərlə üzləşir. İrəlidə top saxlayıb ikinci "dalğanı" gözləyə bilən, bitiricilik qabiliyyəti olan forvardlara tələbat böyükdür.
"İmişli"də Dioqo Almeyda, "Şamaxı"da Kərim Rossi bu mövsüm Premyer Liqada diqqət çəkən mərkəz hücumçularıdır. 18 turdan sonra hər birinin aktivində 7 qol var. Onlardan daha çox "Sabah"dan Coy-Lens Mikels və Velko Simiç vurub - 9 qol.
"İmişli"yə Portuqaliyanın "Akademiko Vizeo" klubundan gələn Almeydanı şübhəsiz ki, artıq gözaltı edən klublarımız var. "İmişli" onun karyerasında Portuqaliyadan kənarda olan ikinci klubudur. O, 2017-18-ci illərdə İtaliyada "Empoli"nin U-19 komandasında çıxış edib. Lakin bir il sonra vətənə qayıtmalı olub. Azərbaycana gələnə qədər 148 oyunda 23 qol vurduğunu nəzərə alsaq, "İmişli" karyerasının uğurlu alındığını demək olar. 25 yaşlı oyunçunun "İmişli" ilə 2027-ci ilin yayına qədər müqaviləsi var. Portuqaliyalını heyətinə qatmaq istəyən olsa, ilk növbədə "İmişli" ilə anlaşma əldə etməlidir.
Almeyda ilə müqayisədə Kərim Rossi daha təcrübəli, həm də daha yaşlıdır. İsveçrəli forvard mayın 1-də 32 yaşını qeyd edəcək. Bir çox klublarda çıxış edən Rossinin ən yaxşı göstərcisi 2021-22 mövsümündə olub. O, Lüksemburqun "Rasinq- Union" klubunda 25 oyuna 13 qol vurub. "Şamaxı"da artıq 7 qolu var. Qarşıda hələ 15 turun olduğunu qeyd etməliyik. Rossinin ən məhsuldar mövsümünü məhz Azərbaycan çempionatında rəsmiləşdirməsi mümkündür. Daha az qol vursa belə, hədəfi Premyer Liqada qalmaq olan komandada çıxış etdiyini nəzərə alsaq, onun da yaxşı mövsüm keçirdiyini deyə bilərik.
Sportal.az
saytlarin hazirlanmasi
