İstəklə reallıq uzlaşmayanda
Qitəmiqyaslı turnirlərdə Azərbaycanın yeganə təmsilçisi, Ağdamın “Qarabağ” klubunun Avropa Liqasının pley-off mərhələsində rəqibinin Almaniyanın “Ayntraxt Frankfurt” futbolçularının olması xəbəri özlüyündə çox şey deyirdi. Ən başlıcası, maksimum nikbin tərəfdarda da tarixində üçüncü dəfə bu yerə qədər irəliləmiş komandanın qrupa vəsiqə qazanmasının baş tutmayacağı fikri yarandı. Ancaq pessimist ruh nə qədər düşüncələrə hakim kəsilsə də, tam ümidsizliyə qapılmaq da yox idi və möcüzə olacağını gözləyənlər sanki bir vahid halına gəlmiş, bütövləşmişdi. Bu vəziyyətin mayasında isə təkcə “Qarabağ”sevərlik deyil, geniş anlamda Azərbaycan futboluna sevgi, onu ucalarda görmək istəyi dayanırdı...
Gerçəkliklə arzu üz-üzə
“Qarabağ”ın “Ayntraxt” səddini keçə bilib-biləməməsi məsələsində, böyük olmasa da, müəyyən fikir ayrılığı müşahidə edilirdi. Bir var istək, arzu, bir də var reallıq. Məhz belə məqamlarda çox vaxt arzu-istəklə gerçəklik qarışdırılır.
Arzu-istəkdən yaranan “keçə bilər” nikbinliyini başa düşmək lazımdır və məsələyə hisslərin gözü, diktəsi ilə baxanları qınamaq düz olmaz. Əvvəla, necə düşünmək hər kəsin təbii haqqıdır, ikincisi də, bütün inkişafların təməli, məhək daşı, ilk növbədə, istəkdir. İstək olmasa, hansı irəliləyiş, tərəqqi söhbət mövzusuna çevrilər? Yəni, nəyinsə reallaşmasını xəyal ediriksə, mütləq əvvəlcə onu istəməliyik.
İmkanları dəyərləndirərkən, xüsusilə, idman mübarizələri zamanı reallığı nəzərə almadan fikir yürütmək yanlışlığa aparacaq. Burada başlıca şərt güclünün gücünün şişirdilməməsi, zəifin də zəifliyinin kiçildilməməsidir.
Haşiyə: oyunu stadionda mənimlə yanaşı izləyən bir azarkeş “Ayntraxt”ın Almaniya bundesliqasında “Herta”ya 1:6 hesabı ilə uduzmasını əsas gətirərək, çox zəif klub olduğunu deyir və fikrini yaxın ətrafına qəbul elətdirməyə çalışırdı. Sanki Frankfurt təmsilçisi Azərbaycan, yaxud o səviyyədə olan bir çempionatın zəif klubuna uduzub, indi “Qarabağ” onunla bacarmır. Belə düşüncə yiyəsinin ikinci qol vurulan kimi 4-5 yaşında oğlunun əlindən yapışıb, uşağın oyuna axıradək baxmaq istəyinə, göz yaşlarına əhəmiyyət vermədən çıxıb getməsinə qətiyyən təəccüblənmədik.
Final fitindən sonra azarkeşlərin “Qarabağ” futbolçularını ayaqüstə alqışlaması isə onu göstərir ki, belələri azlıq təşkil edir və əksəriyyət proseslərə reallıq bucağından baxmağı bacarır. Realist ola bilmək isə bu gün xəyal etdiklərimizə, arzuladıqlarımıza sabah yetişəcəyimizin mesajıdır. Necə ki, lap yaxın keçmişdə bir qola, bir qələbəyə, bir mərhələ adlamağa sevinir, uğur sayırdıq, indi hədəf Almaniya kimi nəhəng futbol ölkəsinin komandasını məğlub etmək, qrupa düşməkdir...
Reynaldonun yoxluğu
Avroliqadakı səmərəli və məhsuldar oyunu ilə diqqəti cəlb edən, hazırda “Qarabağ”ın lider futbolçusu sayılan Reynaldonun zədə səbəbindən oynamaması böyük itki idi. Kimsə deyə bilər ki, iddialı komanda gərək bir oyunçudan asılı olmasın. Bəli, elədir, amma Ağdam təmsilçisinin büdcəsi, maliyyə imkanları bu gün o həddə deyil ki, hər futbolçusuna bir layiqli də əvəzçisi olsun. Özü də bu, tək “Qarabağ”a, yaxud digər klublarımıza aid çatışmazlıq deyil, uzağa getməyək, heç Rusiya, Türkiyə komandaları da sözügedən problemi sonadək həll edə bilməyib.
Ancaq zədələrdən xeyli əziyyət çəkən, çətinliklərlə üzləşən “Qarabağ”da layiqli ehtiyat qüvvə yaradılması yönündə konkret addımlar atılır və yarımmüdafiə xəttində bir-birini əvəz edə biləcək oyunçular var. Belə çıxmasın ki, “Reynaldo oynasaydı, uduzmazdıq” fikrini təlqin etmək niyyətindəyik. Yox, səviyyə fərqi bütün hallarda sözünü deyəcəkdi. Ancaq söhbət güclü rəqiblə onsuz da çətin olan mübarizədə ortaya əlavə çətinliyin çıxmasından gedir.
“Qarabağ” bu görüşdə “zəif bənd” idi. Təcrübə göstərir ki, belə mücadilələrdə zəif tərəfdə oyunu üzərinə götürə biləcək futbolçunun olması və onun fərdi ustalığını göstərə bilməsi mühüm rola malikdir. “Ayntraxt”la matçda Riçard Almeyda, epizodik də olsa, həmin missiyanın daşıyıcısına çevrilirdi və hər dəfə də rəqibin müdafiə xəttində gərginlik yaşanırdı. Lakin Çumbinyo bunu etməkdən qorxur, ehtiyatlı oyun tərzinə üstünlük verirdi, Corc Leroy isə sadəcə, bacarmırdı. Bax, bu mənada, Reynaldonun meydanda olmamasını ciddi itki kimi dəyərləndirməkdən başqa yol qalmır.
“Ayntraxt”la oyun
Qonaqlar pressinq tətbiq etməklə futbolçularımızın fikirləşmək zamanını tam minimuma endirirdilər. Pressinq, adətən, mərkəzdə reallaşdırılır, lakin yüksək fiziki hazırlığa malik “Ayntraxt” futbolçuları bunu bütün meydan boyu, həm də olduqca uğurla həyata keçirirdilər. Nəticədə top olan yerdə daim rəqib sayca üstün olur, bununla da komandamızın təşəbbüsə yiyələnmək, hücum qurmaq cəhdləri ya baş tutmur, ya da kəsərli alınmırdı.
“Qarabağ”ın üstünlüyü ələ aldığı məqam ikinci hissənin ortalarına təsadüf etdi. Bu, əvəzləmələrdən sonra reallaşdı – baş məşqçi Qurban Qurbanov oyunçu dəyişikliklərini 61-68-ci, yəni yeddi dəqiqəyə yekunlaşdırdı. Namiq Yusifovun məşqçinin mərkəzdə “pozuculuq” tapşırığını dəqiq yerinə yetirməsi ilə iki-üç təhlükəli hücum qurduq. Gizlətməyin yeri yoxdur, həmin anlar, təxminən 5-7 dəqiqə ərzində Tofiq Bəhramov adına respublika stadionunda əsl görmək istədiyimiz mənzərə vardı – Azərbaycan futbolçuları hücum edirdi... Azarkeşlərin hayqırtısı qulaq batırırdı... Bənzərsiz komanda-azarkeş tandemi yaranmışdı...
Qolun gəldiyi məqamlar idi. Təəssüf ki, olduqca əlverişli mövqedən Muarrem Muarremin başla endirdiyi zərbə güclü olmadı və düz qapıçının üstünə getdi, Çumbinyonun 4-5 metr məsafədən zərbə anında ayağı boşa çıxdı, C.Leroyun vurduğu top qapıdan azca aralı keçdi... və qol bizim qapıya vuruldu – 6-cı dəqiqədə hesabı açmış komandanın kapitanı, 30 yaşlı Aleksandr Meyer 75-ci dəqiqədə yekun nəticəni müəyyənləşdirən qolun da müəllifi oldu.
“Qarabağ”ın qələbəsi
İkinci topu buraxandan sonra azarkeşlər də, futbolçular da ruhdan düşməməyə, “bu, mübarizədir, axıracan döyüşəcəyik” prinsipi ilə davranmağa çalışdı. Həmlələrin birində şəhid balası Vüqar Nadirovun vurduğu top hətta tirə tuş gəldi. Həmin zərbə oyunda son nöqtə oldu!
Reqlamentə görə, qalib iki oyunun nəticəsinə əsasən müəyyənləşəcək: cavab qarşılaşması avqustun 29-da Frankfurtda olacaq. Lakin “Qarabağ” səfərə qalib kimi yollanır!
“Ayntraxt”la Avropa Liqasının pley-off oyunundan öncə ölkə futbol ictimaiyyətində yaşanan ab-hava, görüş başlananadək respublika stadionunda insanın iç dünyasını vəcdə gətirən atmosfer, azərbaycanlı futbol azarkeşinin qürurla “bu mənim komandamdır” deməsi və nəhayət, Almaniya klubunun prezidenti Peter Fişerin “Qarabağ erməni işğalı altındadır. İşğalçı siyasət rəqibimizə qarşılaşacağı komandanı Ağdamda qəbul etməyə imkan vermir. Təbii ki, bu, arzuolunmaz vəziyyətdir” açıqlaması qələbə deyilsə, bəs nədir?
Rövşən BİNNƏTLİ /Bakupost
saytlarin hazirlanmasi