28 may nə günüdür? - Futbolçularımızın maraqlı cavabları

00:34 - 28 May 2014

"Düz dedimsə yazın, səhv dedimsə yazmayın"
 
28 may Respublika günü ilə əlaqədar Sportnet.az Azərbaycan klublarının yerli futbolçuları arasında sorğu aparıb. Sorğu zamanı rəyi soruşulanlara " 28 may nə günüdür?” sualı ünvanlanıb. Nə qədər acınacaqlı olsa da, sualı bəyənməyənlər də olub, cavab verməyi özünə layiq bilməyənlər də, üstəlik çətin hesab edənlər də...
 
Sportal.az sorğunu təqdim edir:
 
"İnter”in yarımmüdafiəçisi Samir Zərgərov sualımıza təəccüblənib və şərt kəsərək cavab verib: "Bu nə məsələdir ki? 28 may Müstəqillik günüdür, düzdür? Düz dedimsə yazın, səhv dedimsə yazmayın”.
 
"Xəzər – Lənkəran”ın qapıçısı Orxan Sadıqlı isə deyib: "28 may - Respublika günüdür. İlini dəqiq bilmirəm, amma səhv etmirəmsə 1992-ci ildə yaradılıb. 28 may olduğunu dəqiq bilirəm. Banisi Heydər Əliyevdir”.
 
 
AZAL-ın yarımmüdafiəçisi Rəşad Abdullayev: "İli dəqiq bilmirəm. Onu bilirəm ki, Respublika günüdür, yaradıcısı da Məmməd Əmin Rəsulzadədir”.
 
 
"Sumqayıt”ın müdafiəçisi Vurğun Hüseynov: "Səhv etmirəmsə, Müstəqillik günüdür. İlini yalan deyərəm, yaradıcısı barədə də məlumatım yoxdur”.
 
 Bir neçə gün öncə "Simurq”dan "Sumqayıt”a keçən Ruslan Poladov sualımıza təəccüblənib: "28 may nə günüdür? Müstəqillik günüdür, əsası 1923 ya 1918-ci ildə qoyulub, banisi Məmməd Əmin Rəsulzadədir”.

 
"Xəzər – Lənkəran”ın hücumçusu Ağabala Ramazanov: "Səhv etmirəmsə, Müstəqillik günüdür. İlini yalan deyərəm, məşqdən yeni gəlmişəm, yorğunam”.
 
 
"Bakı” klubunun və Azərbaycan milli komandasının yarımmüdafiəçisi Əfran İsmayılov: "28 may - Müstəqillik günüdür. İli dəqiq yadımda deyil, amma məncə, 1988-1989-cu illər olmalıdır. Əsasını nə bilim kim qoyub? Mən bilmirəm axı…”
 
 
"İnter”in qapıçısı Elşən Poladov: "Müstəqillik günüdür, 1918–ci ildə əsası qoyulub, səhv etmirəmsə, 23 ay davam edib”.
 
 
Azərbaycan milli komandasının müdafiəçisi Elhad Nəzirli: "Elə yerdə elə sual verdiniz ki… Sual tapa bilmədiniz verməyə? Bir az elə sual verərdiniz ki, asan olardı da… Dirçəliş günüdür, yoxsa? Başqa sual verin, mümkünsə”.
 
 
AZAL-ın qapıçısı Cahangir Həsənzadə: "28 may – Respublika günüdür. 1918-ci ilin bu günündə Şərqdə ilk Demokratik Respublika – Azərbaycan Cümhuriyyəti yaranıb. Banisi isə Məmməd Əmin Rəsulzadə olub. Bu il 96 ili tamam olur. Səhv etmirəmsə, yaradıcıları Əlimərdan bəy Topşubaşov, Fətəli xan Xoyski və Məmməd Əmin Rəsulzadədir”.
 
 
"Sumqayıt”ın kapitanı Samir Abasov sualı dinlədikdən sonra telefon əlaqəsi kəsilib. Təqribən 5 dəqiqə sonra o özü zəng edərək, "Telefonumun "zaryadka”sı ölmüşdü. Ona görə "odboy” alındı” deyib və sualı belə cavablandırıb: "28 may nə günüdür? Azərbaycanda 28 may - Respublika günüdür. Yaradıcısı Məmməd Əmin Rəsulzadədir, ilk dəfə 1918 - ci ildə Şərqdə Cümhuriyyəti o yaradıb. Başqa əlavəm yoxdur, tarixi o qədər də dərinliyinə qədər bilmirəm”.
 
 
"Qəbələ”nin yeni transferi Ruslan Əmircanov isə suala daha dəqiq cavab verməklə yanaşı, zarafatından da qalmayıb: "28 may Respublika günüdür. Bunları oxumuşam, məktəbdə keçmişəm. Bircə dəqiqə, deyəcəyəm. 1918-ci ildə əsası qoyulub. Köməklik edin də... Sonra deyəcəksiniz ki, Ruslan Əmiraslanov biabır oldu, heç nəyi bilmədi . Cümhuriyyətin əsasını qoyanın adı "M”, soyadı da "R” ilə başlamır? Məmməd Əmin Rəsulzadə. İndi mənim hədiyyəm nə olacaq?” Əmircanov əlavə edib ki, qoyduğumuz sualın cavabını hamı bilməlidir: "Mən məktəbi yaxşı oxumuşam, 11-ci sinfə qədər rübümdə bir "3” olmayıb. Məktəbdə nə oxumuşamsa odur, amma arada oxuyuram, bilirəm nə var, nə yox. Belə yaxşıdır ki, zəng edirsiniz, bilmədikdə utandırırsınız ki, yenidən oxuyub yadımıza salaq. Hamı bunu bilməlidir, azərbaycanlıyamsa bilməliyəm, ola bilər mən də səhv deyim, amma belə şeylər yaxşıdır ki, qoy bəlkə utanaq, sonra bilək, nə var nə yox. Çünki bu ölkədə yaşayırıq, amma qanunları bilmirik. Bilmirik ki, kim neyləyib bizim ana vətənimiz üçün. Bunların hamısını bilməliyik”.
 
 
"Şöhrət” ordenli futbol mütəxəssisi Ağasəlim Mircavadov suala düzgün cavab verməyənləri kitab oxumağa çağırıb: "28 may bayramdır. Səhv cavab veriblərsə, mən nə deyə bilərəm? Bunu özlərindən soruşun. Savad, oxumaq yaxşı şeydir. Fəhlə ol, ya akademik, ya futbolçu, hansı idman növü olur, olsun. Kitab oxumaq lazımdır. Mən bir şey deyə bilmərəm. Özlərinə demək lazımdır ki, bayramımızı bilməlisiniz”.
 
 
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev isə qurumun rəhbərliyi altında keçirilən çempionatdakı yerli futbolçulara rişxənd edib: "Yəqin ki, top arxasınca qaçmaqdan vaxt tapa bilmirlər. Ya da 28 aprellə 28 mayı səhv salıblar. Gərək siz sualı belə qoyardınız: Əvvəl 28 aprel idi, ləğv olundu, indi 28 maydır. Sizcə bu, hansı gündür? Belə sual versəydiniz, yəqin ki biləcəkdilər”.

Xəbər xətti