Barak Obama Dempsi və Hovarda zəng etdi

18:40 - 3 İyul 2014

ABŞ Prezidenti ölkəsinin futbolçularını təbrik edib

 

Barak Obama yığmanın futbolçuları Klint Dempsi və Tim Hovarda zəng edib.

 

Sportal.az-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat xidməti xəbər yayıb.



Dünya çempionatının 1/8 final mərhələsinə yüksəlməyin çox yaxşı nəticə olduğunu deyən B.Obama oyunçuları tək meydanda yox, həm də meydankənar davranışları üçün alqışladığını deyib. O, futbolçuların ölkəyə qürur hissi yaşatdığını deyib. Prezident K.Dempsi və T.Hovarda baş məşqçi Yurgen Klinsmanı və bütün komandanı onun adından təbrik etməyi xahiş edib.
Həmçinin Pentaqonun mətbuat katibi kontr-admiral Con Kirbi müdafiə naziri Çak Heygelin komandanın kapitanı və qapıçısı T.Hovardla telefonla söhbət etdiyini deyib. C.Kirbi qeyd edib ki, nazir futbolçuya zarafatla müəyyən hazırlıqdan sonra müdafiə naziri ola biləcəyini də deyib.

Məlumat üçün deyək ki, ABŞ millisi mundialda qrup mərhələsində Qananı 2:1 hesabı ilə məğlub edib, Potuqaliya ilə 2:2-lik bərabərə qalıb, Almaniya yığmasına isə 1:0 hesabı ilə məğlub olub. Qrup mərhələsini 2-ci sırada tamamlayan komanda 1/8 finalda Belçika ilə qarşılaşıb. Burada isə əlavə vaxtlarda 2:1 hesabı ilə məğlub olan ABŞ çempionatla vidalaşib.

Xəbər xətti