O, cavab vermədikcə...
Bəzən deməyə çox sözün olsa da, abırından utanırsan, susmağa üstünlük verirsən. Qurban Qurbanov da belə adamdır. Bu illər ərzində həmkarlarının tikanlı atmacalarına cavab verməyən Qurban Qurbanovun susqunluğu onun mədəniyyətindən irəli gəlir. Təbii ki, bu, başadüşən üçün belədir.
Bazar ertəsi “Futbol saatı”nda qonaq olan “Qarabağ”ın kapitanı Rəşad Sadıqov çox əsəbi görünürdü. Bəzi mütəxəssislərin dayanmadan “Qarabağ”ı hədəfə alması, qeyri-obyektiv tənqidləri kapitanı özündən çıxardı. Səbr kasası daşan Sadıqov “belə mütəxəssislərin fikirləri bizim üçün maraqsızdır” deməklə, onlara yerini göstərmiş oldu.
Qurban Qurbanov danışmadıqca, bəziləri ucundan tutub ucuzluğa getməklə, özlərini lap ucuzlaşdırırlar insanların gözündə. Axı, sizin çoxunuzu artıq silmişdilər futboldan. Məhz Qurban Qurbanovun sayəsində üzünüzə yenidən qapı açıldı. Bəs, indi hansı üzlə danışırsız? Yaxşı yadımdadı, o vaxtlar azərbaycanlı məşqçi obrazı daha çox “moşennik”, savadsız imici qazanmışdı. Məhz Qurban Qurbanovun “Rusenborq”la oyunlarda başlayan yüksəlişi azərbaycanlı məşqçilərə olan baxış nöqtəsini dəyişdi. Artıq futbol başbilənləri də qəbul eləməyə başladılar ki, yerli məşqçilərlə bağlı xoşagəlməz rəyə gəlməkdə bir qədər tələsiblər. Bunu danmaq olmaz! Azərbaycan məşqçiliyinə yeni nəfəsi məhz Qurban Qurbanov gətirdi. Özü də yalnız məşqçilik bacarığı ilə yox, həm də öz davranışı, insani keyfiyyətləri ilə göstərdi ki, əslində, məşqçi həm də şəxsiyyət olmalıdır.
Onun bu yüksəlişi deyəsən, bəzi həmkarlarının ürəyincə olmadı. Ki, buna heç təəccüblənmirəm də. Yaşlı-başlı adamlar orda-burda istedadlı mütəxəssisin arxasınca danışmağa başladılar. Ürəkləri soyumadı, sonra da başladılar mətbuatda onu tənqid etməyə. Artıq neçə ildir ki, Qurban Qurbanov həmkarları tərəfindən tənqid olunur. Və çox maraqlıdır ki, onu tənqid eləyənlərin əksəriyyəti işsiz-gücsüz adamlardır. Əllərindən bir iş gəlmir, Qurban Qurbanovun bostanına daş atmaqla gündəm qazanırlar. Qurban Qurbanov isə abır eləyir, “şeytan”lara daş atmağı özünə yaraşdırmır.
Futboldan az-çox anlayışı olan adamın “Qarabağ”ın oyununa kölgə salmağa dili gəlməz. Baxımlı, səliqəli, insanlara zövq verən futbol oynayan “Qarabağ” Azərbaycanın mütləq bir nömrəsidir. Qurban Qurbanovun Avropa meyarlarına görə qəpik-quruşa yaratdığı komanda Avroliqada az qala “play-off”a adlamışdı. Məhz “Qarabağ”ın sayəsində azarkeşlərin yenidən stadionlara axını başladı. Bu gün ümumiyyətlə futbolumuzda “Qarabağ”dan başqa adam arasına çıxarılası heç nəyimiz yoxdur. Axı, bunu necə danmaq olar?
Onların Qurban Qurbanov haqqında nəsə deməsi, “Qarabağ”ın oyununu tənqid eləməsi boşboğazlıqdan başqa bir şey deyil və heç nəyi dəyişmir, dəyişə də bilməz. Necə deyərlər, milçək özü bir şey deyil, sadəcə, ürək bulandırır. Qurban Qurbanovun susqunluğunu başa düşməyənlər yəqin ki, Rəşad Sadıqovun sərt sözlərindən dərs çıxararlar. Amma çətin. Belə adamlar üçün kiminsə ünvanına ağır söz deyib, cavabında daha ağır söz eşitməsi adidən-adi haldır. Əbəs yerə deməyiblər ki, qanan qanmayanın quludur. Onların da bəxti gətirib ki, qarşılarında Qurban bəy kimi mərifətli bir adam var...
Emin ABBASOV
saytlarin hazirlanmasi