“Qəbələ” rəsmisindən etiraz: “Şişirdilmiş cəzalardır”

16:16 - 2 Mart 2017

Xəbər verdiyimiz kimi, AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının son turunda “Kəpəz” – “Qəbələ” oyununun fasiləsində hakimlər və qonaq komandanın rəsmiləri arasında baş verən gərginliyə görə əyalə təmsilçisinə ciddi cəzalar tətbiq edib.

 

Sportal.az xəbər verir ki, bununla bağlı “Qafqazinfo”ya açıqlama verən “Qəbələ”nin baş meneceri Zaur Əzizov cəzalarla razılaşmadığını bildirib.

 

Klub rəsmisi qərardan etiraz etmək niyyətində olduqlarını deyib: “İntizam Komitəsinə etiraz edə bilmərik. Çünki onlar cəzaları AFFA Nümayəndəsinin yazdıqları protokol əsasında açıqlayır. Protokolda yazılanlar isə şişirdilmiş formadadır. Bütün bunlar klubumuzun rəsmilərinə qarşı attılmış quraşdırma addımlardır. Birincisi, həmin oyunda vurulan qolun ofsayd olmadığını deyirlər. Amma mən indi də iddia edirəm ki, o qol oyundan kənar vəziyyətdən vurulub. Düzdür, həmin epizoda ani olaraq qərar vermək çətindir. Burada hakim səhv edə bilər. Lakin bu, qolun ofsayd olmasını dəyişdirmir. İkincisi, matçın fasiləsində o qədər də ciddi hadisələr olmayıb. Çünki hakimlərin yanında polislər də var idi. Sadəcə epizodlara etirazımızı bildirmişik. Əliyar Ağayev və briqadası dəfələrlə bizim klubun əleyhinə qərarlar verib. Elə bir neçə tur öncə “Zirə” ilə matçda iki yanlış qərarı bizi 3 xaldan məhrum etdi. Ona olan etirazlarımız da mütəmadi olan səhvlərinin nəticəsi idi. Amma indiyə kimi ona qarşı hər hansı aqressiv hərəkətimiz olmamışdı. Biz bu qərardan şikayət də versək, Əliyar Ağayevin özünü də ora dəvət edəcəyik”.

 

Əzizov verilən qərarların təkcə baş hakimin və ya AFFA Nümayəndəsinin yazdıqları əsasında verilmədiyini sözlərinə əlavə edib: “Görünən odur ki, verilən qərarlar təkcə protokolda yazılanlardan qaynaqlanmır. Burda hər hansı səbəblər var. Çünki Əliyar Ağayev də müsahibəsində ciddi insident yaşanmadığını bildirmişdi. Əgər ciddi bir şey olmayıbsa, bu qədər ağır cəzaların səbəbi nədir. Bu gün klubdaxili iclas olacaq. Orada çıxarılan qərarlar haqqında son fikrimizi açıqlayacağıq”.

Xəbər xətti