Uşaq və yeniyetmələrdə futbol: Bioloji inkişaf proseduru LAYİHƏ

11:45 - 25 Avqust 2017

Gələcəyimiz uşaqlardı deyiriksə, deməli kiçik yaşlarından etibarən keçirilən məşqlərə, balacaların peşəkar futbola hazırlanmasına da önəm verməliyik. Bildiyiniz kimi, hər yaş dövrünün özünəməxsus məşqləri, hazırlığı olur. Layihəmiz çərçivəsində sizi bu haqda bilgiləndirəcəyik. Əslində bu yazı həm də valideynləri uşaqları kiçik yaşdan necə hazırlanmaları ilə bağlı məlumatlandıracaq deyə bilərik...
 
Related image
 
Keçmişdən indiyəcən futbolun vitrini həmişə peşəkar futbol olub. KİV xəbərlərinin, jurnalların, məşqçi təhsilinin çoxu məhz peşəkar futbol üzərində qurulub. Uşaq futbolu isə daim arxa planda qalıb. Bu da uşaqlara keçilən məşqlərin formasına daha az önəm verilməsinə səbəb olub. Nəticədə uşaqlara ya yeniyetmələrin, ya da buna oxşar məşqlər keçirilib. Amma bu günün uşaq və gəncləri sabahın peşəkar futbolçularıdı. Ölkədə gələcəkdə futbolçu ola biləcək kifayət qədər uşaq var. Lakin hər keçən gün betonlanan şəhərlər, rayon camaatının sayının azalması küçədə, torpaq meydançalarda yetişən uşaqların futbol oynamasını əngəlləyir. Bununla yanaşı keçmişdə indiki kimi məşq meydançaları yox idi, daha doğrusu onların sayı kifayət qədər az idi. O vaxtlar uşaqlar indiki kimi imtahanlara hazırlaşmaq üçün çox vaxt sərf etmirdi. Yəni indiki uşaqların futbol oynayacaq zamanı nə də torpaq sahəsi qalıb. Uşaqların yetişməsi üçün vacib olan stadion və meydançaların salınmasıdı ki, bir çox bölgələrimizdə, şəhərətrafı yaşayış məntəqələrində bununla bağlı ciddi problemlər var. Daha doğrusu, əhəmiyyət verən yoxdu. Uşaq futbol məşqləri diqqətdən və mükəmməl təşkilatçılıqdan uzaq qalarsa, bunun fəsadları qaçılmaz olacaq. 
 
Bundan əlavə, məşqçilər məşqlərini keçmək üçün hazır materiallar tələb edirlər. Amma bundansa, niyə, nə vaxt, kimə, hansı uşağa necə məşq keçilməsi daha önəmlidi. Xüsusən də uşaq və gənclərə məşqçilik edənlər hazırı tətbiq edən deyil, uşaqların özəlliklərinə görə məşq tərtibçisi olmalıdı. Bu isə yalnız əzəbərləmələrlə deyil, şüurlu yanaşıldığında gerçəkləşə bilər. Dünyada kiçik yaşlarda futbol oynayan və davamlı şəkildə məşqlərə qatılan milyonlarla uşaq var. Bu uşaq və gənclər sadəcə məşq meydançasında deyil, küçədə, baxçada, otağın divarları arasında bəzən heç dayanmadan səhərdən axşama qədər futbol oynayır. Onların gələcəkdə futbol ulduzu olub, çox böyük pullar qazanacağı ümidi məşqçiləri, idarəçiləri və ailələri təşviq edir. Bu yazının “çəyirdəyi” uşaq və yeniyetmələrdə, qız və oğlan futbolu arasındakı fərqlilikləri, böyüyən və inkişaf edən uşağın fiziki durumundan yararlanaraq hansı yaş dönəmində necə məşq keçilməsi mövzusundadı.
 
Image result for uşaq futbolu
 
Uyğun mühit yaratmaq, motivasiyanı artırmaq, məşqdən uşaqların zövq almalarına nail olmaq, dolayısı ilə futbola sevgini artırmaq məşqçinin ən önəmli vəzifəsidi. Elit futbolçu olana qədər ehtiyac duyulan məşq sayı 7000 – 10000 olduğu, təxminən 10 il boyunca gündə 2-3 saat məşq keçirilməsi düşünülürsə, bu qədər uzun zamanı çox yaxşı dəyərləndirilərək, planlaşdırılması lazımdı. Uzun müddətə planlaşdırılan məşq proqramları bəlli bölmələrə ayrılır. Qarşıda daha detallı şəkildə açıqlanacaq olan planlama bu dönəmlərə bölünür:
 
5-11 yaş təməl hərəkət inkişafı dönəmi
11-14 yaş intensiv məşqlərə hazırlıq məqsədilə məşq dönəmi
14-16 yaş yarışlara hazırlıq dönəmi
17 yaş performans (məhsuldarlıq) məşqləri dönəmi
 
Düzgün məşqdən öncə, düzgün istedadlı futbolçunu seçmək məşq baxımından önəmlidi. Uşaq və gənclərin futbol oynayarkən və məşq edərkən sağlamlığını və mümkün zədələrin qarşısını almağı bilmək çox vacibdi. Öncə uşaq və gənclərdə futbolun fizioloji və fiziki cavablarını və futbolun ehtiyaclarını qısaca gözdən keçirək.
 
Futbolun ehtiyacları
 
Futbolun ehtiyacları uşağın böyüməsindən inkişafından asılı olur. Uşaqların yaşı irəlilədikcə futbolun ehtiyacları da dəyişir. 11-12 yaş qrupundakı futbolçuların oyun zamanı qəlb atışı orta hesabla 160-180 atış/dəqiqə arasında dəyişdiyi müəyyənləşib. Digər araşdırmaya əsasən, daha üst səviyyədə keçən bir oyunda 11 yaşlı uşaqların ürək ritmi orta hesabla 180 atış/dəqiqədi. Eyni yaşdakı (12) elit futbolçuların (175 atış/dəqiqə) elit olmayanlardan (160 atış/dəqiqə) daha yüksək ürək ritmi ilə futbol oynadıqları, yəni normaldan çox “yükləndikləri” üzə çıxarılıb. Bundan əlavə 10-14 yaş arasındakı uşaqlar və gənclər maksimal nəbzlərinin təxminən 85 faizi ilə futbol oynadıqları (45 dəqiqə*2 dövrə) bildirilir. Yaş irəlilədikcə uşaqların oyun zamanı ürək ritmi, yəni oyunun şiddəti də yüksəlməkdədi. 
 
Image result for uşaq futbolu
 
Uşaqların məşqlərinə yön verəcək digər önəmli mövzu, oyunun ilk dövrəsindəki şiddətində azalmaların miqdarıdı. Yetkinlərdə bu fərq 5, uşaq və gənclərdə isə 15-30 faiz civarındadı. Bu durum, enerjinin yetərsizliyindən dolayı uşaqların matçın ikinci yarısında nəzərəçarpacaq dərəcədə yorulmalarının göstəricisidi. Matç irəlilədikcə şiddətin azalması, həm oyunun həm də məşqlərin müddətinin yetkinlərinki qədər uzun olmamasının vacibliyini açıq şəkildə göstərir. Yaşlandıqca şiddətli şəkildə qət edilən məsafələr artmaqdadı. 10-14 yaşlıların oyununda həm müdafiə, həm də hücum fəaliyyətləri ikinci yarıda azalır. Uşaq və gənclərdə oyun zamanı enerji metabolizmasının bir nümunəsi kimi istifadə olunan qan laktat konsentrasiyasının ortalama 3-4 ml/L civarında olduğu müəyyənləşib. Bu analiz uşaqların anaerobik metabolizmasının məhdudluğunu göstərir. Yetkinlik dönəmindəki uşaq futbol yarışlarının 63 faizi anaerobik, 37 faizi isə aerobik məhdudiyyətlər içində olduğu halda, yetkinlərdə bu tam əksinədi. Yetkinlik dönəmində olanlar böyük fərqlə hələ yeni inkişaf etməyə başlayan və inkişaf etməyən anaerobik mühitdə futbolu yaşayırlar.
 
Yuxarıdakı analizlərdən belə qənaətə gəlmək olar ki, uşaq və gənclər üçün oyun şiddəti, yetkinlərə görə olduqca yüksəkdi. Bu səbəbdən məşqlərdə və oyunlarda, zaman və meydança ölçülərinin yüksək sıxlığa səbəb olmayacaq şəkildə təşkil edilməsi lazımdı.
 
Uşaqlarda böyümə və yetkinləşmə
 
Azərbaycanda uşaq futbolunda rast gəlinən problemlərdən biri də uşaqlara məşqlərin bəzən düzgün keçilməməsidi. Yəni bəzən hər yaş dövrünə uyğun olmayan məşqlərin keçirilməsidi. Bu məsələyə də toxunmaq lazım olduğunu qərara aldıq. Uşaq məşqlərində bioloji olaraq böyümə və yetkinləşmə düşünülməsi vacib olan mövzudu. Uşaqların çalışmalarına yön vermək üçün böyümə və yetkinləşmənin çox yaxşı anlaşıması lazımdı. Uşaq böyüdükcə və inkişaf etdikcə futbol performansı da artır. Yaş irəlilədikcə futbolçu oyun zamanı daha sürətli, dözümlü və qüvvəli olacaq. Bu bölümdə uşaqların fizioloji və fiziki olaraq böyümə sırasındakı özəlliklərin məşq məhsuldarlığına olan təsirləri haqda bilgi verəcəyik. Uşaqların fiziki böyümə və inkişafı, aerobik və anaerobik tutumuna, əzələ gücünə, sürətinə və cəldliyinə təsir edir. Bu dönəmdəki məşqlərin böyümə və inkişafa təsiri olacaq. Bədən baxımından böyümə ilə yanaşı, toxumaların keyfiyyətindəki artımlar vücud ölçülərində ciddi dəyişikliklərə səbəb olur. Fiziki dəyişikliklər zamanla uşağın bacarığına, məşqlərə dözümlülüklərinə və zədələnmə riskinə təsir edə bilər. Böyüyən orqanizm fizioloji dəyişikliklə birlikdə, hərəkət mexanizmində də dəyişikliklərə səbəb ola bilər. Böyümə ilə əlaqədar fiziki tutumdakı dəyişikliklər, məşq məhsuldarlığına önəmli dərəcədə təsir edir. Yetkinlik, uşaqlarda önəmli fiziki və fizioloji dəyişikliklərin yaşandığı dönəmdi. Uşaqların bu dönəmə nə zaman daxil olması və onun durumundakı dəyişikliklər mükəmməl şəkildə izlənilməlidi. Bəzi uşaqlar, qızlar orta hesabla 11,5, oğlanlar isə 13,5 yaşında yetkinlik dönəminə daxil olur. Eyni yaşdakı uşaqların bəziləri digərlərindən daha uzunboylu, ağır, cəld və ya bacarıqlı ola bilər. Bir qism uşaqlar daha erkən, bəziləri gec böyüməyə başlaya bilər.  Yəni eyni yaşdakı qız və oğlanlar arasında da fiziki və fizioloji fərqliliklər mövcuddu. Uşaqların bu böyümə dönəmlərindəki fərqlilikləri doğru məqsədlər və məşq proqramındakı irəliləyişlər yaratmaq üçün başlanğıc nöqtəsi olaraq məşqçiyə yardım edəcək. İnkişaf edən orqanizm uşağın məşqə dözümlülüyünü artıra bilər. Məsələn, uşağın güc məşqləri ilə bağlı özəllikləri inkişaf etməyibsə o belə məşqlərə dözə bilməz və ya effektli olmaz. İdman baxımından uşağın inkişaf etməsi üçün onun bir çox sahədə incələnməsi lazımdı:
 
Fiziki inkişaf (bədən ağırlığı və boy, bədən kompozisiyasındakı inkişaf)
Sümük inkişafı
Əzələ sinir sistemi inkişafı
Hormonal inkişaf 
Duyğusal və psixoloji inkişaf
 
Ardı var...
 
Həmid
 
“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”
 

Xəbər xətti